İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı ilə böyümək istəməyənlər...

4037 21.09.2016 23:10 Ölkə A A
“Adı ilə böyüsün” - yəqin körpələrə ünvanlanan bu sözü çoxlarımız eşitmişik. Bu söz daha çox uşağa yeni ad qoyulan zaman işlədilir. Amma bir sıra insanlar var ki, adı ilə böyümək istəmir, müəyyən yaşa çatdıqdan sonra adlarını dəyişirlər. 

Buna da səbəb valideynlər tərəfindən uşaqlara gülünc, gələcəkdə utanmasına səbəb olan adların qoyulmasıdır. Uşaqlara Pambıq, Kombayn və s. adların qoyulması faktları da var.
Bir çox insan isə adının mənasını belə bilmir. 

Maraqlıdır, ictimaiyyətdə tanınan simalar öz adlarının mənasını bilirmi? Ümumiyyətlə nə vaxtsa adlarını dəyişdirmək fikrinə düşüblərmi?

Musavat.com saytının redaktoru Xalid Kazımlı insanın istənilən adı öz fəaliyyəti ilə şərəfli edə biləcəyini dedi: “Mənim adımı hələ də dəqiqləşdirə bilmədiyim qohumlardan biri qoyub. Ərəb adıdır. Mənası deyəsən, “ölümsüz” deməkdir. Adımdan məmnunam. Türk-ərəb coğrafiyasında yayılmış addır və onu heç vaxt dəyişmək fikrində olmamışam. Ancaq 11 sentyabr teraktından sonra, açığı, bu ada görə narahat olmuşdum. Çünki təyyarəni əkiz qüllələrə çırpanlardan ikisinin adı Xalid idi. Üstəlik, Fələstində fəaliyyət göstərən məşhur partizanlardan da bir-ikisi Xalid adı daşıyırdı. 2010-cu ildə ABŞ-a səfər edəndə düşünürdüm ki, bu ada görə mənə bir az artıq diqqət olacaq, xoşbəxtlikdən olmadı. Hazırda Suriyada döyüşən tərəflərdən birinin adı Xalid Xocadır. Amma artıq işdə, media camiəsində mənə “xoca” deyilməsindən narahat deyiləm. 

xalid kazımlı ile ilgili görsel sonucu

Tanıyanlar bilir ki, o Xoca ilə bu xoca başqa-başqa adamlardır. Hesab edirəm ki, ad insanı şərəfləndirmir, əksinə, insan öz fəaliyyətilə istənilən bir adı məşhur və şərəfli edə bilər” 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu adının anası tərəfindən qoyulduğunu və bu adı dəyişmək barədə heç vaxt düşünmədiyini dedi: “Anam novellaları oxuyanda “Novella” xoşuna gəlib. Amma nənəm qulağıma adımı Fatimə oxuyub. Mən həmişə zarafatla qızlara deyirəm ki, Əzrayıl məni tapa bilməyəcək. Çünki mənim adım qulağımda Fatimədir. Adımın mənası “qeyri-adi sonluq” anlamına gəlir. Mən heç vaxt anamın qoyduğu adı dəyişdirmək fikrinə düşməmişəm”.

novella cəfəroğu ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa adının yüksək, fəzilətdə olan şəxs mənasını daşıdığını dedi: “Adımı atam qoyub. Bu adın mənası da xoşuma gəldiyinə görə onu dəyişdirməyi heç vaxt düşünməmişəm. Amma tanıdığım çox insanlar var ki, hətta sovet dövründən qalan, Kombayn, Traktor, Sovet, Yanvar, Dekabr kimi adlara rast gəlmişəm. Ad qoyulması insanların dünya görüşü, savadı ilə bağlı olan məsələdir. Ümumiyyətlə, Azərbaycanda ad seçimində bir xaos var. Adın nə məqsədlə seçildiyini, mənasını çox az adam bilir. Kimisi ad seçərkən daha çox dini motivlərə, kimisi qədim türk motivlərinə, kimisi isə deyilişi gözəl olan adlara üstünlük verir. Amma hər halda bu adlar uşaqların sonrakı taleyinə təsir edir”.

fazil mustafa ile ilgili görsel sonucu

Son vaxtlar yeni dünyaya gələn uşaqlara türk adlarının qoyulması məsələsinə gəlincə isə F.Mustafa tipik Azərbaycan adları deyilən bir adın olmadığını dedi: “Adlar müəyyən bir dövrün məhsuludur. Bir çox adlar hansısa bir perioda uyğun gələrək qoyulur. Tarixi qəhrəmanlarla bağlı bir dövr olur ki, onların adları populyarlaşır. Azərbaycan ərəb, fars, türk mənşəli adlar çevrəsində dövr edir. Ona görə də insanlar əsasən, bu iki istiqamətdə ad qoyurlar. Beynəlxalq səviyyədə, həm də Avropa miqyasında rahatlıqla qəbul edilən adlara da üstünlük verənlər var. Hər halda, adları ümumi standarta salmaq çox çətindir. Bu həm də mülkiyyət hüququ kimi bir şeydir. İnsan övladına ad seçmək hüququna özü sahibdir. Bəzən görürük ki, Əliqulu, Məmmədəli yaxud başqa ikili adlar olur. Yəni mürəkkəb iki addan ibarət adlar da qoyanlar var. Amma son vaxtlar Allahqulu, İmamqulu kimi adların artıq sıradan çıxdığını görürük ki, bu da müsbət bir haldır. Çünki Allahın adı ilə kiməsə ad qoymaq yanlış bir şeydir. Bu kimi məsələlərə hansısa formada diqqət yetirmək lazımdır”.

Deputat Zahid Oruc adının mənasının “Allahın mömin bəndəsi” olduğunu dedi: “Dədə Qorqud və yaxud da Azərbaycanın xalq dastanlarından, boylarından gələn ənənənə bundan ibarət idi ki, hər kəs bir əməl həyata keçirsin, hünərini, igidliyini göstərsin, ondan sonra ona ad qazansın. Bu da görünür ki, məntiqə bağlı olur. Mənim adımı anam qoyub. Sadəcə, məndən əvvəlki digər övladlarının adlarına uyğunlaşdırıb. Mənim indi deyəcəyim izahla düşünməyib. Zəhmətə bağlı, ali təhsili olmayan kənd adamları öz dünyalarından, məntiqləri ilə övladlarının adlarını müəyyənləşdirməyə çalışıblar. Etiraf etmək lazımdır ki, o dövrün ictimai ruhu deyilən bir məsələ var. Xüsusən də sovet dövründə qəribə adlar daha çox meydana çıxıb. İndi isə azadlıq zamanında daha çox Günəşə, Aya, selə, təbiətə və s. bağlı adlar verilməkdədir. Ad insanın taleyinə təsir edir. Amma bu da reallıqdır ki, bəzən insan öz əməli ilə də adını mənalandırır. Mən adımı heç vaxt dəyişdirmək fikrində olmamışam. Çox sevdiyim bir söz var; hər kəs elə olmalıdır ki, həyatımızın mühüm hissəsini ada xidmət etməliyik, sonra o ad bizə xidmət edəcək”.

zahid oruc ile ilgili görsel sonucu

Maraqlıdır, bəs insan adını nə vaxt dəyişdirə bilər? Qanun ad dəyişilməsinə nə deyir?

Hüquqşünas Müzəffər Baxış bunun qanunla mümkün olduğunu dedi: “Ailə Məcəlləsinin 54-cü maddəsinə görə müvafiq İcra Hakimiyyəti orqanı uşaq 18 yaşına çatanadək onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq İcra Hakimiyyəti orqanı bu məsələni digər valideynin də fikrini nəzərə almaqla uşağın maraqlarından asılı olaraq həll edir. Uşaq nikahda olmayan şəxslərin izdivacından dünyaya gəlibsə və atalıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada olmadıqda müvafiq İcra Hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla, onun soyadını ananın xahişi ilə müraciət etdiyi anda daşıdığı soyadı ilə dəyişməyə icazə verə bilər. 10 yaşına çatmış uşaqlar ad və soyadını yalnız onun razılığı ilə dəyişdirilə bilər. Yəni bu uşaq üçün nəzərdə tutulan prosedur qaydadır. 

Müzəffər Baxış ile ilgili görsel sonucu

Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, atasının adını və soyadının dəyişdirməsinə 18 yaşına çatandan sonra yol verilir. Yəni müstəqil şəkildə onların adı, ata adı və soyadının dəyişdirilməsi daimi yaşadığı yerdə qeydiyyata alınır. Bu barədə də Nazirlər Kabinetinin 2011-ci ildən qəbul etdiyi 79 saylı qərarı var. Həmin qərarda uşaq 18 yaşına çatdıqdan sonra adının, ata adının, soyadının dəyişdirilməsi prosedurları öz əksini tapır. Prosedurlardan biri də ondan ibarətdir ki, onlar yaşadıqları yerdə qeydiyyat şöbəsinə ərizə ilə müraciət edirlər və həmin prosedur qayda həyata keçirilir. Həm də soyad əvvəllər dəyişdirilibsə, sonradan müəyyən istisnalarla onun dəyişdirilməsinə yol verilir.  Məsələn, Məmmədov soyadını edib Əhmədov. İndi də Həsənov etmək istəyir. Belə olan halda müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Amma yeni nikaha daxil olanda əgər həyat yoldaşının soyadı Həsənovdursa, onu götürə bilər”.


Günel MANAFLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR