İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı 30 min manat rüşvətdə hallanan başçısı haqda yeni şok məlumatlar

12905 29.11.2018 17:02 Gündəm A A

Asif Əsgərov barəsində səslənən rüşvət ittihamlarına susqunluq göstərir, onun müavini Qurban İsmayılov isə ölkə rəhbərinin tapşırıq və tövsiyələrini qulaqardına vurur

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov neçə gündür mətbuatın gündəmindən düşmür. Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılır.

Xatırladaq ki, Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib. Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.

Adil Əliyev bildirib ki, əgər bir icra başçısı millət vəkilinin sözünü eşitmirsə, üstəlik, onun xahişinə, müraciətinə rəğmən rüşvət tələb edirsə, görün onda sıravi vətəndaşlarla necə davranılır.

Deputat ad çəkməsə də mətbuatın araşdırması zamanı bəlli olub ki, sözü gedən icra başçı Asif Əsgərovdur.

“Yeni Müsavat” bu günlərdə məsələ ilə bağlı yeni bilgilər əldə edib.

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, həqiqətən də Adil Əliyev seçicilərindən birinin Nəsimi rayon ərazisindəki evinə əlavə qapı açılması üçün icra hakimiyyətinə müraciət edib. Mənbəmiz bildirir ki, başçı deputatdan bu iş üçün 50 min manat “şirinlik” istəyib. Sonra isə “sənin xətrinə, bu işi 30 minə həll edərəm” deyib. Deputat isə onun bu cavabından xeyli təəccüblənib və başçıyla arasında kəskin mübahisə yaranıb. “Yeni Müsavat”a bildirildiyinə görə, iş o həddə çatıb ki, deputatla başçı arasında az qalsın əlbəyaxa dava düşəcəkmiş. Onların ortaq dostlarından biri araya girib, münaqişəni yatırda bilib.

Adı bu cür qalmaqalda hallanan icra başçısı isə hələ də bu haqda mətbuata açıqlama verməyib. Asif Əsgərov indiyədək bu iddiaları, ittihamları nə təsdiq edib, nə təkzib.

“Yeni Müsavat”ın müxbiri məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti başçısı ilə danışmaq üçün dəfələrlə cəhd edib, lakin qarşı tərəfin kontaktdan yayınması ucbatından bu mümkün olmayıb. Bu günlərdə Asif Əsgərovun 1-ci müavini Qurban İsmayılovla danışıb, ondan məsələyə münasibət öyrənmək istədik. Q.İsmayılov əməkdaşımızla kobud danışaraq, telefonu onun üzünə qapadıb.

Qurban İsmayılov

Fürsətdən istifadə edib, Qurban müəllimin diqqətinə bəzi məqamları çatdırmaq istəyirik.

Əvvəla, vəzifəli şəxs qanunun tələblərinə görə jurnalistin suallarına cavab verməyə borcludur.

İkincisi, vəzifəli şəxs özünü tutduğu posta uyğun aparmalıdır. Ən pis halda, ona verilən sualı axıra kimi dinlədikdən sonra cavab verib-verməyəcəyini qərarlaşdırmalıdır. Ona müraciət edən mətbuat orqanının nümayəndəsindən cavab üçün vaxt istəməlidir. Jurnalistin sözünü yarımçıq qoyub, telefonu qapatmaq yolverilməzdir.

Üçüncüsü, icra hakimiyyəti başçısı, onun müavinləri yerlərdə prezidenti təmsil edirlər. Onları prezident o vəzifəyə ona görə təyin edir ki, xalqla işləsinlər, narazılıq olanda həll etsinlər, problemləri yoluna qoysunlar. Onların vəzifələrinin siyahısına mətbuatla normal əməkdaşlıq da daxildir. Qurban İsmayılov isə sadalanan halların hamısını kobud şəkildə pozur.

Ölkə prezidenti dəfələrlə məmurlara təvazökar olmaları ilə bağlı tövsiyələr verir. Prezident hər fürsətdə məmurlara deyir ki, xalqla normal rəftar edin, insanları incitməyin, xalqın xidmətçisi olun. Ölkə başçısının məmurlara əsas tövsiyələrindən biri də mətbuatla, jurnalistlərlə normal şəkildə əməkdaşlıq etmələri haqda olur. Prezidentin bu tövsiyələrinə əməl edən məmurlar da var, Qurban İsmayılovun timsalında bu tövsiyələri qulaqardı edənlər də.

İnanırıq ki, bu yazıdan sonra Asif Əsgərov barəsində yazılanlarla bağlı geniş açıqlama verəcək. İcra başçısının belə bir niyyəti olarsa, “Yeni Müsavat” onu dinləməyə, mövqeyini dərc etməyə hazırdır.

Aydın Aslan,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR