İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Rusiya konfliktində Azərbaycan tərəfini necə seçməli - şərh

2068 28.07.2017 08:35 Siyasət A A

Politoloqlar düşünür ki, bu gərginliyin Azərbaycana birbaşa aidiyyəti yoxdur və...


ABŞ-Rusiya münasibətləri yenidən gərginləşib. Dünyanın ən güclü iki dövləti arasında soyuq küləklərin əsməsinin səbəbi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yenidən gündəmə gətirməsi olub.


ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və KXDR-ə münasibətdə sanksiyaların sərtləşdirilməsi və prezident Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılması haqqında qanun layihəsini bəyənib. Prezident bundan sonra sanksiyaları yalnız konqresin icazəsi ilə yumşalda, yaxud ləğv edə bilər.


Qanun layihəsi görünməmiş yekdilliklə - 3 səsə qarşı 419 səslə qəbul olunub.


Sənəd Senat tərəfindən dəstəkləndikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək. Qanun layihəsinin qəbulu zamanı respublikaçılar və demokratlar nadir hallarda təsadüf olunan həmrəylik nümayiş etdirib və bildiriblər ki, sanksiyalar Krımın anneksiyasına, Rusiyanın Ukraynanın şərqindəki hərəkətlərinə və ABŞ-da prezident seçkilərinə müdaxiləsinə görə tətbiq olunur.


RF Dövlət Dumasında isə bildiriblər ki, qanun layihəsi Amerika-Rusiya münasibətlərinin bərpa olunması imkanlarına zərbə vurur və təkcə Rusiyaya deyil, ABŞ-ın Avropadakı tərəfdaşlarına qarşı da yönəlib.


Bu iki nəhəng dövlət arasında münasibətlərin kəskinləşməsi bəzi hallarda Azərbaycanı da seçim qarşısında qoyur. Biri dünyanın lider dövləti , digəri isə ən yaxın və ən təhlükəli qonşumuz. Bəs görəsən, bu konfliktdə Azərbaycan kim tərəfində olmalıdır? Azərbaycan siyasi şərhçiləri, analitikləri ABŞ-Rusiya konfliktində kimin yanındadırlar?


“Yeni Müsavat” bu sualla politoloqlar arasında sorğu keçirib.

Image result for Politoloq Arzu Nağıyev


Politoloq Arzu Nağıyev sualımıza cavab olaraq bildirdi ki, Azərbaycan hər iki dövlət arasında balanslı siyasət aparır: “Düşünürəm ki, Azərbaycan öz balanslı siyasətini aparır və bu həm də xarici siyasətə aiddir. Siyasətçilərə gəldikdə isə reallıq ən gözəl meyardır. Azərbaycan dövlətçiliyi baxımından hər iki dövlətin apardığı siyasət nəzərə alınmalı və bundan çıxan nəticələr əsasında qərarlar verilməlidir”.

Image result for Politoloq Elxan Şahinoğlu


Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, ABŞ-la Rusiya arasındakı gərginliyin Azərbaycana aidiyyəti yoxdur: “Buna görə də Azərbaycan neytral qalmalıdır. Doğrudur, Rusiyanın regional siyasətindən narazıyıq. Ancaq bu o demək deyil ki, Qərbin Rusiyaya qarşı yürütdüyü siyasətdə biz Qərbin yanında olmalı və bununla özümüzü alovun içinə atmalıyıq. Buna baxmayaraq, Azərbaycan ABŞ-la da strateji tərəfdaşlığını davam etdirməlidir. Əlbəttə, bu, Rusiyada kimlərinsə və hansısa mərkəzlərin xoşuna gəlmir və gəlməyəcək. Ancaq biz Amerika ilə yaxınlığı kiminsə xoşuna gəlib gəlməmək üçün həyata keçirmirik. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur ki, bizə münasibəti yaxşı olan dövlətlə biz də yaxşı münasibətlər quraq”.

Image result for Siyasi analitik Vüqar Zifəroğlu


Siyasi analitik Vüqar Zifəroğlu da bildirdi ki, Azərbaycan balanslı siyasət yürütməkdə davam etməlidir: “Mən bu iki dövlətdən heç birinin tərəfində deyiləm. Çünki hər iki tərəfin Azərbaycana münasibəti obyektiv deyil. Bölgədə geosiyasi maraqları olan güclü dövlətlər olaraq, istər bölgəsəl münaqişələrə, istərsə də region ölkələrinə yalnız öz maraqları və hədəfləri çərçivəsində münasibət sərgiləyirlər. Azərbaycan indiyə kimi necə balanslı siyasət yürüdübsə, o cür də davam etdirməlidir. Dövlətimizin çoxvektorlu balanslaşdırılmış xarici siyasət kursu var. Azərbaycanın öz maraqları və hədəfləri var. İstər ABŞ, istərsə də Rusiya ölkəmiz üçün ciddi əhəmiyyət daşıyan və regionda nüfuzları olan güclərdir. Hər iki ölkə ATƏT və Minsk Qrupunun həmsədrləridir. Biz təbii ki, bu faktorları nəzərə alırıq”.

Image result for Politoloq Şahin Cəfərli


Politoloq Şahin Cəfərlinin fikrincə, ABŞ-Rusiya gərginliyinin bir çox səbəbləri var və onlardan iki əsas səbəbi göstərmək olar: “Birinci səbəb Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatizm ocağı yaratmasıdır. İkinci səbəb isə Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsidir. Münasibətlər məhz bu iki hadisəyə ABŞ-ın reaksiya verməsindən sonra gərginləşib. Ukrayna məsələsinə görə ABŞ-ın mövqeyi tam haqlıdır və beynəlxalq hüquq normalarına uyğundur. ABŞ Krımın ilhaqını tanımır və Donbasdakı separatizmi qınayaraq Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, bu hadisələrlə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edir. Seçkilərə müdaxilə olayına gəldikdə isə, Rusiya faktiki olaraq ABŞ-ın müqəddəs saydığı dəyərlərdən biri olan demokratik seçki prosesinə müdaxilə edib. Təbii ki, ABŞ kimi bir dövlət bu müdaxiləni cavabsız qoya bilməz. Keçmiş prezident Barak Obama bu hadisəyə görə Rusiyaya qarşı bəzi sanksiyalar tətbiq etdi, Rusiyanın ABŞ-dakı 35 diplomatını ölkədən qovdu. Konqresin qəbul etdiyi son sanksiya qanunu da Rusiyanın həm seçki prosesinə müdaxiləsinə, həm də Ukraynada törədiklərinə cavabdır. Ona görə də, ABŞ-Rusiya qarşıdurmasında Vaşinqtonu haqlı sayıram. Ümumiyyətlə, ABŞ-ın Rusiyaya təzyiqi artırması və onu zəiflətməyə çalışması Azərbaycanın maraqlarına uyğundur”.

Image result for Siyasi şərhçi Azər Rəşidoğlu


Siyasi şərhçi Azər Rəşidoğlu isə “Yeni Müsavat”ın sualına cavab olaraq bildirdi ki, Azərbaycanın gələcəyi Avroatlantik məkana inteqrasiya ilə bağlıdır: “Bu baxımdan, əksər politoloqlar Qərbin tərəfdarı kimi görünür. Lakin bu belə deyil. Azərbaycan öz siyasətində İran və Rusiya amilini də nəzərə almağa məhkumdur. Bəziləri ABŞ-a xoş gəlmək üçün bu amili nəzərdən qaçırır. Bu, yanlış yanaşmadır. Hesab edirəm ki, Bakının yalnız bir strateji müttəfiqi var - Türkiyə. Türkiyə ilə Azərbaycanın maraqları əsasən eynidir. Yalnız yenə də hər ölkənin öz maraqları var və istisna deyil ki, müəyyən hallarda bu maraqlar toqquşa bilər”.

Image result for AG Partiyanın sədri Tural Abbaslı


AG Partiyanın sədri Tural Abbaslı isə düşünür ki, Azərbaycan daim öz maraqları naminə siyasət yürütməlidir: “Təbii ki, bu suala ilk baxışdan cavab verəsi olsaq ABŞ deyəcəyik. Çünki uzun illər çar Rusiyasının, sonra da SSRİ-nin işğalına məruz qalmış, yüzminlərlə insanımızı illərlə qətlə yetirmiş, maddi və mənəvi dəyərlərimizi talan etmiş bir dövlətin tərəfini tutmaq mümkün deyil. Ancaq bu demək deyil ki, biz hər məsələdə kor-koranə ABŞ-ın yanında yer almalıyıq. Mən o xəyalda deyiləm ki, ABŞ ancaq demokratiya və ədalət naminə siyasət yürüdür və atdığı hər bir addım, yürütdüyü siyasət insanlıq naminədir. Buna ən bariz nümunə kimi ABŞ-ın Suriyadakı PKK uzantısı olan və əlləri minlərlə günahsız dinc insanın, qadının, uşağın qanına bulaşmış terror təşkilatlarına müasir silahlar verməsini göstərə bilərik. Odur ki, bizim hələlik Türkiyə və 2-3 digər dövlətdən başqa dost ölkəmiz yoxdur və olmamalıdır. Azərbaycan daima öz maraqları naminə siyasət yürütməlidir. Əgər bu maraqlar ABŞ-ın yanında durmaqdan keçirsə, orada, əgər maraqlarımız Rusiyadan asılıdırsa, o tərəfdə olmamız gərəkdir. Bir siyasətçi kimi mənim üçün beynəlxalq münasibətlərdə olmazsa olmaz yoxdur. Mənim üçün güclü, qüdrətli Azərbaycan marağı var”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR