İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı aeroportunda yoxlama biabırçılığı

10522 08.10.2014 08:33 Son xəbər A A

Təyyarədən düşən, evinə gedən sərnişin üçün bu cür həssas yoxlama məntiqli görünmür. Sərnişinin təyyarəyə minmədən öncə bütün yoxlama prosedurlarından keçdiyini nəzərə alanda ikiqat-üçqat, təkrar yoxlamanın hansı səbəbdən yarandığı sual doğurur. 
Sözügedən mövzu ilə bağlı müşahidələrini “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da sosial şəbəkədəki statusunda belə paylaşıb: “Gömrükçülərimiz ovçu kimi marığa yatıblar... Başqa harada var, təyyarədən düşənləri (əşyalarını və həm də özlərini) yoxlayıb şəhərə buraxmaq? Bəzilərini iki dəfə aparatdan keçirib, sonra da əl detektoru ilə diqqətlə yoxlayırlar. Bakı da təyyarədir?”


R.Arifoğlunun bu irad-statusuna sosial şəbəkədə münasibət bildirənlərdən biri də Azərbaycan Kültür Dərnəyi rəhbərlərindən biri olan İsa Yaşar Tezel olub. İ.Y.Tezel bu hadisə ilə bağlı öz başına gələnləri belə yazıb: ““Azərbaycanın 1000 mahnısı” adlı kitab vardı əl çamadanımda. Polis soruşdu ki, sizdə kitab var. Dedim, hə. Dedi ki, görməliyəm. Çamadanı açıb göstərdim. Çoxbilmişlər kimi kitabı incələdi. Nə axtarırdı, bir məna verə bilmədim. Sonra dedi ki, çamadanda daha nəsə var. “Bəli, bir şərab qədəhi hədiyyə veriblər” dedim. Onu da görməliyik dedilər. Açıb göstərdim. Dedilər ki, bu, əntiq əşyadı? Dedim, yox, etiketi də üstündədir, mağazadan alınıb (Novella xanım hədiyyə etmişdi). Çox çətinliklə razı saldım. Bax belə. Deyirlər ki, Bakıdan alış-veriş etməyin. Xərcləmək üçün gətirdiyiniz pulları yenidən geri qaytarın. Və özümə söz verdim. Qismət olsa, Bakıya yenidən gəlsəm, burdan bir çöp də almayacağam. Heyf, çox heyf"

AZAL-ın keçmiş prezidenti Ədalət Əliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, təhlükəsizlik nöqteyi-nəzərdən yoxlamalar qaçılmazdır. Onun sözlərinə görə, İraqda, Türkiyənin cənub hissəsində olan hadisələr, onun Azərbaycanla bağlılığı kimi detallar təhlükəsizliyi gücləndirməyi vacib edir: “Həmin yoxlamaları bu cür əsaslandırmaq olar. Amma bunlar etik nöqteyi-nəzərdən mədəni davranışla aparılmalıdır. Təkrar-təkrar yoxlamalar olmamalıdır. Bu prosedur elə peşəkar adamlar tərəfindən aparılmalıdır ki, problem çıxmasın. Bu, siyasi cəhətdən mənfi vəziyyət yaradır”.

Müsahibimiz iqtisadi baxımdan bu yoxlamaların açılışını da izah etdi. Dedi ki, iqtisadi nöqteyi-nəzərdən ölkəyə gətirilən malların nomenklaturası, qiyməti ciddi araşdırma predmeti sayılır: “İnsan ölkədən 5 min dollarla çıxır, amma 50 min dollarlıq hədiyyə ilə gəlir. O zaman da suallar çıxır ortaya: niyə ödəməmisən o rüsumları? Bu hədiyyə sənə nəyə, hansı işinə görə verilib? Bunlar açıqlanmalıdır. Bu, ölkənin siyasi-iqtisadi təhlükəsizliyinə xələl gətirir. Çünki insanı belə şeylərlə şirnikləndirib, Azərbaycan dövlətinin əleyhinə yönəldirlər”. 

AZAL-ın keçmiş prezidenti hesab edir ki, bütün bu suallara, narahatçılığa baxmayaraq təhlükəsizlik hamının birbaşa yoxlanması şəklində yox, seçim əsasında olmalıdır: “Kimdən şübhələnirlər? Gömrük, polis orqanları, MTN elə effektiv işləməlidir ki, ancaq şübhəli bildikləri adamı yoxlamalıdırlar. Heç bir istisna qoymadan yoxlama aparmaq doğru deyil”. 
Müsahibimiz xatırlatdı ki, sərhəd keçid məntəqəsində yaşıl koridor anlayışı var. Əşyalarında şübhəli heç nə olmadığından əmin olan şəxslər həmin koridor vasitəsilə keçirlər: “Qırmızı koridordan keçənlər isə əşyalarının yoxlamadan keçirilməsinə razı olurlar. Bundan başqa, hava limanında avadanlıqlar var. O avadanlıq hər bir təhlükəli əşyanı ortaya çıxarır, onu monitorda göstərir. Bununla da üzə çıxarır ki, sərnişinin çantasında qorxulu bir şey var, ya yox. Hamının yoxlanması ciddi narazılıq yarada bilər və yaradır da”. 

Ə.Əliyev əlavə elədi ki, hazırda texnikanın imkanları caniləri, qanunu pozan şəxsləri dərhal müəyyənləşdirməyə, insanın göz rəngindən tutmuş bəbəyinə qədər onun cinayətkar olub-olmadığını üzə çıxarmağa imkan verir: “Amma bu cür ifrat yoxlamaların sistemləşməsi sərnişinlərin Azərbaycana uçmaqdan imtinası ilə nəticələnə bilər”. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR