İnsanlara hürriyət, millətlərə istiqlal!

80 yaşlı “təsərrüfatçı” baş nazir - Artur Rasizadə bir gerçəkdir...

16699 25.02.2015 18:05 Son xəbər A A

Ölkə başçısı 19 ildir baş nazir postunu tutan Artur Rasizadəni “Şöhrət” ordeni ilə təltif edib
Fevralın 26-da Azərbaycanın hazırkı baş naziri Artur Rasizadənin 80 yaşı tamam olur. Bu münasibətlə ölkə prezidenti onun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, A.Rasizadə Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə təltif edilib.


Artur Rasizadə Azərbaycanın ən uzunömürlü yüksək çinli məmurlarından biridir. O, 1996-cı ildən Azərbaycan Respublikasının baş naziri postunu tutur. Yalınız qısa müddətdə, 2003-cü ilin avqust-noyabr aylarında baş nazirin müavini vəzifəsində olub, ancaq sonradan vəzifəsinə qaytarılıb. 

Artur Tahir oğlu Rasizadə 1935-ci il fevralın 26-da Gəncə şəhərində anadan olub. Onun atası Tahir Rasizadə şair Hüseyin Cavidin qardaşı oğludur. Tahir Rəsizadə Azərbaycanın ilk kənd təsərrüfatı mütəxəssislərindən biri olub. Atasının Lənkəranda çalışması səbəbindən 1952-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.
1973-1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə “İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini - baş mühəndis, 1977-1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Həmin ilin may ayından baş nazirin birinci müavini, 1996-2003-cü illərdə baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında baş nazirin birinci müavini vəzifələrində işləyib. 2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.
Qeyd edək ki, Azərbaycanda yayılmış geniş fikrə əsasən Artur Rasizadə formal olaraq baş nazir postunu tutur, hökumətin işində hansısa rolu demək olar ki, yox dərəcəsindədir. Hətta mətbuatda onun bir neçə dəfə istefa ərizəsi yazdığını, lakin hakimiyyətin onu əvəz edəcək uyğun, siyasi intriqalardan kənar kadr tapmaqda çətinlik çəkməsi səbəbindən Rasizadənin istefasını qəbul etmədiyi haqda məlumatlar yayılıb. Bəzi məlumatlara görə, heç bir qruplaşmaya daxil olmayan Rəsizadə baş nazir kimi çalışdığı bütün bu illərdir yalnız rəsmi və qeyri-rəsmi məvacibə kifayətlənib. Baş nazirin siyasi qruplara qoşulmaması, oliqarx kimi tanınmaması uzun müddət onun müsbət imici kimi qəbul olunub. Eyni zamanda onun “kölgədə qalması”, real olaraq hökumət işlərində rolunun olmaması ilə bağlı iddialar A.Rasizadə barəsində mənfi fikir yaranmasına səbəb olub. Mətbuatda demək olar ki, görünməyən, mətbuata nadir açıqlamalarının isə lətifə mövzusuna çevrilməsi baş nazir haqqında “varlığı yoxluğu bilinməyən vəzifə adamı” fikrini yaradıb. 

Ancaq A.Rasizadənin uzun illər vəzifədə qalması yalnız onun oliqarx-biznesmen, monopolist məmur olmaması, siyasi intriqalara qoşulmaması ilə bağlı olmayıb. Belə ki baş nazirin siyasi fəaliyyətlərdən, qruplaşmalardan uzaq olması ilə yanaşı, həmçinin böyük təsərrüfatçı təcrübəsi var. 60 ilə yaxın əmək fəaliyyəti olan Artur Rasizadə yaxşı təsərrüfatçıdır, ölkənin iqtisadi sektoru,  təsərrüfat sahəsini yaxşı bilir. Bu səbəbdən də baş nazir daha çox “öz sahəsində” – sosial-iqtisadi sahədə işləyir və güman edildiyi kimi proseslərdən kənarda deyil, əksinə iqtisadi-sosial sahədə alınan qərarlarda, planlaşdırılan işlərdə onun da iştirakı var. 
Məhz bu səbəbdən də hakimiyyət həddən artıq yaşlı olsa da, öz işini bilən, intriqalara qarışmayan baş nazirlə vidalaşmaq istəməyib. Çünki indiki Azərbaycan hakimiyyətində A.Rasizadə kimi məmurlar barmaqla sayılacaq qədər azdır. Üstəlik baş nazirin boşalan postunun yeni məmurla əvəzlənməsi özü mürəkkəb bir vəziyyət yaratdığı üçün hakimiyyət uzun müddət A.Rasizadə ilə işləyib. İndi isə baş nazirin 80 yaşı tamam oldu. Doğrudur, dünya ölkələrində daha yaşlı baş nazir və ya prezidentlər var. Ancaq istənilən halda yaş həddi cənab Rasizadənin də vəzifəsi ilə vidalaşması zamanının gəldiyini göstərir. 


Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR