İnsanlara hürriyət, millətlərə istiqlal!

5 sektantın cinayətinə görə 5 ölkənin xalqı cavab verəcək? – Rusiyada kütləvi tutqu

4027 28.03.2024 10:00 Yazarlar A A

2015-ci ilin noyabr ayı idi. Yolum İsveçə düşmüşdü – yarıziyarət, yarıezamiyyət kimi bir şey idi.

Səfər öz ritmi ilə ekstessiz davam edərkən bir gün İsveç mətbuatında paytaxt Stokholmda sıradan olmayan bir hadisənin baş verdiyi barədə xəbər çıxdı.

İsveçin kriminogen durumu sabit, siyasi həyatı təlatümsüz olduğundan bu ölkədə baş verən hər hansı bir sıradışı insident dərhal ölkə gündəmini zəbt edir.

Baş verən hadisə bundan ibarət idi ki, adlarının baş hərfləri göstərilən şəxslər adının baş hərfi göstərilən yerli qızı zorlamışdılar.

Zorlama hadisəsi bu ölkədə yayğın olmadığından bunun “gəlmələr” tərəfindən törədilə biləcəyi barədə versiya vardı.

Söz yox ki, cinayətdən az sonra yaxalanan şəxslərin ad-soyadı, hansı ölkədən, hansı millətdən olmaları barədə informasiyalar tam şəkildə polis idarəsinin əlindəydi, amma açıqlamırdılar.

İsveçdə çoxdan yaşayan sabiq əməkdaşımız Rahib Kazımlıdan bunun səbəbini soruşdum, dedi ki, burada bir qayda var, cinayət törədənin hansı millətdən olduğuna vurğu salmaz, ünvanını göstərməz, ad-soyadını verməz, hələm-hələm şəklini də yaymazlar.

Bunu ondan ötrü edirlər ki, cinayət törətməkdə şübhəli sayılan şəxslə eyni millətdən olan günahsız adamlar əbəs yerə cavabdeh qisminə düşməsinlər, azğın cinayətə görə hiddətlənən yerli adamlar və provokatorlar qaçqın düşərgələrinə hücum etməsinlər.

O zamanlar İsveçdə qaçqın düşərgələri çox idi, amma yerli adamların çoxu onların yerləşdikləri məkanlardan xəbərsiz idilər. İsveç hökuməti nəzərə almışdı ki, dünyanın dörd bir yanından gəlmiş hər tipdən olan insanlar dinc durmaya, cinayətlər törədə bilərlər, bu zaman yerlilər və mühacirlər arasında gərginlik, qarşıdurma yarana bilər.

Ağır cinayətlərdə mühakimə olunan şəxslərin məhkəməsində şəkil çəkilməməsi praktikası ABŞ-da da var. Hakimlər hesab edirlər ki, şübhəli şəxs barədə yekun verdikt elan olunmamış onu məhkəmə qəfəsində, müttəhimlər kürsüsündə göstərmək olmaz. Çünki adamın günahı sübut olunmasa, azadlığa buraxılması zəruri olsa, sonrakı həyatı qarala bilər.

Belə şeylər məhkəmə-hüquq sistemi, vətəndaş cəmiyyəti yüksək dərəcədə inkişaf etmiş başqa ölkələrdə də var. Nə qədər “Şərq incə məsələdir” deyilsə də, bu kimi zərif şeylər Şərqdə yoxdur. Burada evində oturub ailəsi ilə Novruz paxlavası yeyən adamı 2-3 min kilometr uzaqlarda baş verən cinayətdə şübhəli şəxs elan edir, adını çəkir, şəklini yayırlar, yediyi şirniyyat boğazında qalır.

Martın 22-də Moskva ətrafında, “Krokus Siti Holl” adlanan əyləncə mərkəzində törədilən dəhşətli terror aktından sonra elə bir hadisə baş verdi: cinayəti törətməkdə şübhəli bilinən şəxslərin adları sadalandı, şəkilləri göstərildi. Bunlar Rüstəm Nəzərov, Rivociddin İsmonov və Mühəmmədrəsul Nəsriddinov adlı şəxslər idi.

Ertəsi gün məlum oldu ki, Rüstəm Nəsirov ailəsi ilə birlikdə Samarada yaşayır və son vaxtlar Moskvada olmayıb, İsmonov və Nəsriddinov isə ötən ilin noyabrından Tacikistandadırlar.

Amma adamların adları artıq “terrorçu” kimi çəkilmiş, şəkilləri göstərilmişdi. Əgər həmin gün onlar Rusiyanın başqa bir şəhərində olsaydılar və küçəyə çıxsaydılar, kimsə onları tanısaydı, polis gələnə qədər linç edilib öldürülə bilərdilər.

Əslində “Krokus”da terror aktı törədən şəxslərin hansı regiondan, hansı ölkədən, hansı millətdən olduqları da maksimum məxfi saxlanılmalıydı - ən azı ehtiraslar soyuyana, ümumi panika ovqatı səngiyənə qədər.

Budur, Rusiya mediasında xəbərlər var ki, bu ölkədə yaşayan taciklər artıq evdən çıxa bilmirlər, qorxurlar ki, başlarına bir iş gələcək.

Onlar düz fikirləşirlər. Hələ qırğızları, qazaxları, türkmənləri və özbəkləri də onlara qatacaqlar. Hamısının həyatına təhlükə var.

Dünən Moskva vilayətinin Elektrostal şəhərində, 5 min nəfər mühacirin çalışdığı “Wildberries” mağazasına hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən basqın olub, Orta Asiyadan olan miqrantları avtobuslara doldurub hərbi komissarlığa aparıblar ki, oradan da müharibəyə yola salsınlar.

Hamı bilir ki, 4-5 nəfər beyni yuyulmuş sektantın törətdiyi cinayətə görə bütün Orta Asiya regionu məsuliyyət daşımır. Amma buna baxan kimdir? Terror aktı əsgər çatışmazlığını qeyri-rusların hesabına qapatmaq üçün əla bəhanə verir.

Hələ qırxıqbaş rus şovinistlərinin yenidən zühur edəcəyini gözləmək olar. Onlar kütləvi şəkildə “qaralar”a, “qıyıqgözlər”ə hücum edəcək, bu şəxslərin həyatını cəhənnəmə döndərəcəklər. Bu il Rusiyadan çox qara xəbərlər gələcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR