İnsanlara hürriyət, millətlərə istiqlal!

29.8, yoxsa 34.2 min kv km - Paşinyan Türkiyəyə hansı Ermənistanın başçısı kimi gedib?  

1943 04.06.2023 15:05 Yazarlar A A

Ərdoğanın dünənki andiçmə mərasimində nə qədər ekzotik görünsə də, Ermənistan baş naziri Nikol Paşinyan da var idi. İstənilən halda, rəsmi İrəvan tərəfindən pozitiv jest sayılmalıdır. Eləcə də Nikolun Ərdoğanı seçkidəki qələbə münasibəti ilə dərhal təbrik edən xarici dövlət başçıları sırasında yer alması.

Yada salaq, bu, son 14 ildə Ermənistan rəhbərinin Türkiyəyə ilk səfəri idi. Bundan qabaq - 2009-cu ilin oktyabrında Serj Sərkisyan prezident qismində və “Futbol diplomatiyası” çərçivəsində qardaş ölkədə olmuşdu....

Artıq məlumdur ki, Ankarada Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib. Bu da başqa bir maraqlı ilk idi: Türkiyədə Əliyev-Paşinyan təması. Ümid edək ki, davamı gələcək – özü də daha praktik müzakirələrin aparılacağı platformada. Misal üçün, Əliyev-Ərdoğan-Paşinyan formatında.

Niyə də olmasın?

Əvvəla, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan əlaqələrinin sürətli və effektli bərpası üçün ən əlverişli, ən optimal məkan Türkiyə, ən uğurlu format Ankara-Bakı-İrəvan formatıdır. Çünki üç qonşunun öz aralarında münasibətlər qurmasının ideal yolu birbaşa dialoqdan keçir – vasitəçisiz-filansız. Bundan ötrü Paşinyanın dağa-daşa çıxmasına, Makrona, Baydenə, Putinə yalvarmasına, təzə ordu üçün milyardlar axtarmasına lüzum yox!..

Təəssüf ki, bu formata böyük müqavimət var. Söhbət təkcə 4-cü, 5-ci tərəf ola biləcək güclərdən (Rusiya, ABŞ, Avropa Birliyi) getmir. Ermənistanın öz daxilində, xüsusən erməni lobbisində və erməni kilsəsində də buna qarşı güclü dirəniş mövcuddur. Aydındır ki, erməni cəmiyyəti “üçlü” formatın əleyhinə olmasa, heç bir qlobal güc, kənar qüvvə ona qonşularla dil tapmağa ciddi əngəl yarada bilməz.

Amma nə görürük. Bir yandan, N.Paşinyan Bakı və Ankara ilə əlaqələrin bərpasının vacibliyindən danışır, bunsuz hətta Ermənistan adlı dövlətin mövcudluğunun qeyri-mümkün olduğunu söyləyir, o biri yandan, Türkiyə və Azərbaycanın siyasi xadimləri və diplomatlarını qətlə yetirmiş terrorçulara İrəvanın mərkəzində “Nemezis” abidəsi ucaldılır, onun təntənəli açılışı edilir.

Son rəy sorğuları isə göstərir ki, Ermənistan toplumunda Türkə isterik nifrət azalmayıb, Türkiyə və Azərbaycan yenə ən böyük düşmənlər hesab olunur. Əlbəttə, belə bir xəstə cəmiyyətin “Nemezis” abidəsinə rəğbəti tamamilə anlaşılandır.

O zaman buna Qərb, ya Rusiya neyləsin? Doğru, Moskva ənənəvi “parçala, hökm sür” imperiya siyasətini davam etdirir, bölgədəki hərbi varlığını da müstəsna olaraq, iki xalq arasında ədavətin qalması üzərində qurub. Amma ermənilərin özlərinə nə gəlib? Nədən onlar qurulan tələlərə asanca düşür və altını da hamıdan çox elə özləri çəkirlər?..

Daha heyrətimizi budur ki, Ermənistan özü-özünə də tələlər qurur. Məsələn, onun konstitusiyasında Azərbaycana (“Dağlıq Qarabağ”) və Türkiyəyə (“Qərbi Ermənistan”) qarşı ərazi iddiası, gerbində isə Türkiyədəki Ağrı dağı (ermənicə “Ararat”) əksini tapıb.

Yeri gəlmişkən, Nikol 29.8 min kv km-lik Ermənistan üçün Azərbaycan və Türkiyədən zəmanət istəyir, amma Ermənistanın 1995-ci ildə qəbul edilmiş və qüvvədə olan hazırkı konstitusiyasına görə, kapitulyant ölkənin ərazisi 34.2 min kv km-dir, çünki keçmiş DQMQ (4.4 min kv km) də ora daxildir. Yəni N.Paşinyan Ankaraya faktiki 34.2 min kv km-lik Ermənistanın rəhbəri qismində səfər edib, 29.8 min kv km-lik Ermənistanın yox!

Bu absurd vəziyyət aradan götürülməyincə, Ermənistan konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdırılmayınca, Bakı və Ankara Ermənistanın 29.8 min kv km-lik ərazisini necə zamin dura bilər?

Qısası, top həmişəki kimi, İrəvanın meydanındadır. Ən asan reallaşacaq barışıq formulunu yuxarıda yazdıq. Seçim Paşinyan və komandasınındır. Nikol öz xalqının tarixində qonşularla, nəhayət, böyük sülhə imza atıb Nobel mükafatı alan siyasi xadim kimi də qala bilər, Köçəryan-Sərkisyan şərəfsiz tandemi kimi lənətləmiş statusda da...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR