İnsanlara hürriyət, millətlərə istiqlal!

“28 May” metrosunun qarşısından SON GÖRÜNTÜLƏR - REPORTAJ/FOTOLAR

6398 12.03.2024 15:00 Reportaj A A

Xəbər verdiyimiz kimi, Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Qərar bu gündən qüvvəyə minir.

Musavat.com-un əməkdaşı vəziyyətlə yerində tanış olub, vətəndaşların və avtobus sürücülərinin fikrini öyrənib.

ee8cc383-c539-4878-9314-608b8867ef09.jpg (277 KB)

Avtobus sürücüləri verilən qərardan razıdır. 21 nömrəli avtobusun sürücüsü Şahin Abbasov bildirdi ki, yeni qərar sıxlığın qarşısını almağa kömək edəcək:

“Qalırdıq ortalıqda...Maşınlar, taksilər dayanırdı, avtobuslar isə ortalıqda qalırdı. Tıxac əsasən Dilarə Əliyeva ilə kəsişmədən başlanırdı. Parklama üçün əraziyə daxil olan avtomobillər bizi gecikdirirdilər. Camaat isə bizimlə qırğına çıxırdı, narazılığını bizə bildirirdilər. Zolaqlar çəkilməli, avtobuslar üçün ayrıca yollar ayrılmalıdır”.

46 nömrəli avtobusun sürücüsü Şirqəm Əliyev: “Yolda çox vaxt itirdiyinə görə işini itirənlər olur. Yarım saat, bəzən 1 saata yaxın vaxt itiririk yollarda. Nizam-intizam olsa, hər kəs razı qalar. Sürücülərdən çox şey asılıdır, amma polislər və müvafiq qurumlar da dəstək olsa, vəziyyət ürəkaçan olacaq”.



46 nömrəli avtobusun sürücüsü Aslan Qasımov: “Çox gözəl qərardır. Bu qədər minik avtomobili, “sprinter”lər dolub bura, nə girə bilirik, nə çıxa bilirik, gecikirik, insanlar narazılıq edir ki, niyə gec gəlirsiniz? Bu xətt üzrə 21 avtobus var, tıxac olmasa qrafik üzrə normal işləyə bilərik”.

Vətəndaşlar da ərazidə vəziyyətin düzələcəyinə ümid edirlər:

“Mən 175 nömrəli avtobusdan istifadə edirəm. Demək olar ki, hər zaman normal işləyir. Hövsana gedən taksilər də var. Dayanacaqlarda dayanmasalar da, məncə ən çox sıxlığı taksilər yaradır”.
“Sıxlıq olmasa daha yaxşı olar. Yarım saat avtobus gözlədiyim vaxtlar olub. Şəhər planlamasını doğru etsələr, tıxac da azalar. Hər gün taksidən istifadə etməyə imkan yoxdu. Ən yaxşısı ictimai nəqliyyatdır. Həm tıxac azalar, həm rahatlıq oalr, həm də maddi baxımdan daha sərfəlidir”.

“Mən qayda-qanunun tərəfdarıyam. Kimsə burada dayanıb pul qazanmaq istəyir deyə mən niyə əziyyət çəkməliyəm? Yaxud da kimsə maşınını düz saxlamayıb deyə niyə vaxt itirməliyəm? Hər kəs bir-birinə hörmət etməlidir”.

“Hər axşam burada xaos olur. Dünən sosial mediada xəbəri oxuyanda sevindim. Axır ki, avtobuslar vaxtında gələcək, biz də evimizə vaxtında gecə biləcəyik”.

d669351a-e6eb-4bc6-b790-00e68bdc58af.jpg (371 KB)

Ərazidə müşahidə apardığımız zaman nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyevlə qarşılaşdıq. O yeni qərarı belə şərh etdi: “Hər bir şəhərdə vağzal meydanı bir qovşaqdır. Gördüyünüz kimi, bu ərazidə metro, dəmiryolu, avtobus, piyadalar toplaşıb. Xaotik vəziyyət müəyyən çətinliklər yaradır. Təhlükəsizlik riskləri insanların hərəkətini məhdudlaşdırırdı. Şəhərin 30 faizi az mobillidir-uşaqlı, yaşlı, əlil və s. Vağzal həm də turistlərin keçdiyi yerdir. Yəni, bu kompleks problemlərin həll edilməsi üçün verilmiş qərardır. O ki qaldı taksilərə, düşünürəm ki, taksilər də ictimai nəqliyyatın tərkib hissəsidir. Taksilərlə bağlı islahatlar da davam edir. Bu ərazidə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanlar var. Ümumiyyətlə, yol kəsmənin cəzası ağır olmalıdır. Fərqi yoxdur, söhbət avtobus yolundan, velosiped yolundan, yaxud piyada yolundan gedir”.

Qeyd edək ki, qərara əsasən məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat HUB-nın yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR