İnsanlara hürriyət, millətlərə istiqlal!

25 il əvvəlin və indinin Monikası

3138 28.02.2024 09:15 Yazarlar A A

 

“İndiki cavanlar bilməz” silsiləsindən bir söhbət var. Monika Levinskini yeni bir şəkli yayılıb və barəsində bir xəbər gəlib.

Bax, bu adı oxuyan kimi, o vaxtkı cavanlar qımışdılar. Çünki onlar Monikanı yaxşı tanıyırlar, 25 il öncə o, çox məşhur idi. Hətta demək olar ki, dünyanın ən məşhur qadınıydı, bir-iki həftənin içində o dövrün bərkgedən civilərini - Şakiranı, Şaron Stounu, Cenifer Lopesi üstələmişdi. O vaxtlar dünya kişilərinin ən çox tanıdığı Monika aktrisa Beluççi Monikaydı, amma Levinski onu unutdurmuşdu, “Monika” deyilən kimi hamının gözünün qarşısına məhz miss Levinski, bir də Bill Klinton gəlirdi.

Maraqlı və məzəli günlər idi. Media quurmları indiki kimi onlayn, dinamik deyildi, saytlar-filanlar çox az idi, amma dünya qəzetlərinin hamısı Monikadan yazırdı, telekanalların hamısı onu göstərirdi.

Çünki bu xanımla ABŞ prezidenti Billi Klintonun adına söz çıxarmışdılar. Yazıq Bill çaşıb qalmşdı, bilmirdi nə desin. Əvvəlcə o, “üstümə qadın şəri atırlar” deyə şivənlik salmaq istədi, amma ortaya necə dəlil qoydularsa, boynuna aldı ki, bəli, Ağ Evdə təcrübə keçən Monika adlı qadınla eşq macərası yaşayıb.

Düzdür, o “macəra yaşamış”lığın bəzi biabırçı detalları vardı, amma eldən ayıbdır, biz dərinə getməyək, indiki cavanlar bu işləri onsuz da yaxşı bilirlər. Kəsədən onu deyək ki, cənab Klinton dilini dinc qoymamışdı, and altında yalan danışmışdı və ABŞ senatorları buna görə onu şişə taxırdılar, az qala onu impiçment edəcəkdilər. Pah” Böyük iş olub! Prezident yalan danışıb! Guya ondan əvvəlkilər və sonrakılar heç yalan danışmayıblar, bircə Kliinton danışıb.

Əsas məsələ bu idi. Yoxsa “Billi və Monika” dastanının incəlikləri senator və konqresmenləri o qədər də ilgiləndirmirdi, deyirdilər, bu, iki yetkin insanın münasibətidir, özləri bilər, bir də Billi Klintonun arvadı Hillari bilər, amma cənab prezident desin, görək, niyə yalan danışıb, intim əlaqəni inkar edib.

Bill Klintonu nikahdankənar süpürləşməyə görə asan-kəsən yox idi, elə Hillari Klinton da evdə ərinə nə demişdi, nə deməmişdi, bilən olmadı, amma publik olaraq o, ömür-gün yoldaşını müdafiə etdi, “yaxşı eləyib, kişidir, gəzəcək” də demədi, eləcə dedi ki, bu işi (yəni qalmaqalı) düzüb-qoşan var. Xanım Klinton fikrini daha obrazlı ifadə etmişdi: “İşıq dirəyinin başında tısbağa varsa, bu, o demək deyil ki, o, oraya özü çıxıb, mütləq ona oraya bir qoyan var”.

Amma araşdıran olmadı ki, Monikanı Ağ Evə təcrübə keçməyə kim dəvət edib, o, orada nə kimi təcrübələr keçirmiş, ona saksafonçu prezident Klintonu yoldan çıxarmağı kim tövsiyə edib, necə olub ki, tısbağa işıq dirəyinin başına qədər dırmaşdırılıb.

Bir də həmin vaxt bir iş oldu: ABŞ qırıcıları uçub Avropada terror rüzgarı əsdirən Serbiyanı bombaladılar. Miloşeviçin tərəfini tutanlar iddia edirdilər ki, Klinton dünya ictimaiyyətinin diqqətini özüylə Monikadan yayındırmaq üçün Belqradı bombardman edir.

monika.JPG (40 KB)

Bu günlərdə həmin Monika 50 yaşında yenidən gündəmə gəlib. Onun 25 il sonrakı halı kədər doğurur. Haradadır o cazibədar Monika? Elə bil, bizim Tofiq Quliyev “Keçər bu gözəllik, sənə də qalmaz” mahnısını xüsusi olaraq onun üçün yazıb.

İndi Monika Levinski “Reformation” brendindən yeni ofis geyimləri kolleksiyasını təqdim edir. Həmin şirkət ya qadının köhnə şöhrətindən yararlanaraq pul qazanmaq istəyir, ya da ona rəhmi gəlir, deyir, qoy reklama çəkilib 3-5 dollar pul qazansın, nə də olmasa, bir vaxtlar prezidentlə oturub-durub.

Hazırda Klinton da sağdır, Monika da, amma onları dilə-dişə salan qadın – Linda Tripp 2020-ci ildə ölüb. Məhz o, həmin vaxt Monikanın rəfiqəsi və prezident administrasiyasının əməkdaşı olub, “aşiqlərin sevgi münasibətləri”ni gizli şəkildə qeydə alıb, səslərini yazıb. Əslində, Monika özü şərait yaradıb ki, belə bir şey olsun – yəni tısbağanı işıq dirəyinin başına Tripp və Levinski bərabər yerləşdiriblər. Sonradan rəfiqələrin arası dəyib və Levinski məhkəmədə deyib ki, Linda Trippə nifrət edir.

Halbuki hazırda Monika Levinski məhz Linda Trippin onu məşhurlaşdırmasının çörəyini yeyir.

Beləcə, yazının sonluğu “ey gidi dünya” rubrikasına gəldi. Kaş Monikanın yeni şəkli yayılmayaydı və o, xatirimizdə eləcə, köhnə Monika kimi qalaydı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR