İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ilin dövlət büdcəsində Xankəndi... ermənilərin sayı və payı...

8347 26.09.2023 14:20 Yazarlar A A

Qarabağdakı ermənilərə seçim etmək imkanı verilib: kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, Qarabağda qalıb, yaşayacaq. Bundan sonra da Azərbaycan qanunlarına, bayrağına kəm baxmaq istəyində olanlara isə yol açıqdır, necə ki, neçə gündür heç bir maneə olmadan çıxıb gedirlər.

Laçın sərhəd-buraxılış məntəqəsindən çıxıb gedən ermənilərin Azərbaycan mediasına açıqlamaları real mənzərəni ortaya qoyur: Azərbaycan tərəfdən kimsə onlara “gedin”, deməyib, təzyiq göstərməyib, problem yaratmayıb, hətta yemək, su, dərman təklif ediblər, yardım göstəriblər. Dünyanın hansı ölkəsində azı 35 il düşmənçilik etmiş etnik qrupun nümayəndəsinin “radiator”u dağılan avtomobili təmir edilib, yola salınıb? Bunu məhz azərbaycanlılar etdi! Dünyanın hansı ölkəsində üzərinə silah tuşlanan, vətəndaşları qətlə yetirilən, olmazın pisliklə üzləşən ölkənin qurumları qarşı tərəfə dərhal zəruri ərzaq malları, yanacaq yardımı edib? Bunu Azərbaycan dövləti etdi!

COREK SON.png (867 KB)

Azərbaycan hər zaman mərdlik nümayiş etdirib, namərd münasibətlə qarşılanıb. Hətta 1989-cu ildə Spitak və Leninakandakı zəlzələ qurbanlarına yardıma tələsən Azərbaycan təyyarəsini vurmuşdu ermənilər, 80-dək günahsız insan şəhid olmuşdu. Şübhə etmirik ki, bu dəfə ən alçaq təxribatlara əl ata bilərlər. Ona da şübhə etmirik ki, Azərbaycanın mülki əhaliyə qarşı bu qədər zərgər dəqiqliyi ilə normal münasibətlər göstərməsinin qarşılığında növbəti dəfə pisliklərlə üzləşəcəyik. Axı, biz neçə müddətdir Qarabağ ermənilərinə “silahı yerə qoyun, birgəyaşayış qərarı verin, bitsin bu düşmənçilik” - deyirdik. Amma ermənilər, onların havadarları “genosid” uydurmalarını yayırdılar. İstisna deyil ki, Laçında Azərbaycandan hər hansı pislik görmədiklərini, Qarabağ hadisələri başlayanadək mehriban şəraitdə birgə yaşadıqlarını, hətta azərbaycanlı dostlarının olduqlarını deyən ermənilər sonradan ölkəmizə qarşı nifrin yağdıracaqlar. Az görməmişik. Həmçinin bu köç kadrlarını toplayıb, Azərbaycanın ermənilərə qarşı guya “genosid” törətdiyi, onların “min illərdir yaşadıqları” - hansı ki, özləri də bilirlər, Xankəndiyə ilk erməni ailəsi 1813-cü ildən sonra köçürülüb - ərazilərdən çıxarıldığı barədə saxta hay-küy, hətta mümkündür ki, beynəlxalq aləmdə proses başlatsınlar. Türkiyəyə qarşı saxta iddiaları bir əsrdən çoxdur davam etdirirlər, bu “maşa”lar! Odur ki, Azərbaycan dövləti olduqca təmkinli, beynəlxalq hüququ əsas götürərək, düşmənçilik etmələrinə rəğmən, ermənilərə yaxşı-yaxşı düşünmək, seçim etmək fürsəti verməklə hərəkət edir. Bu, heç yerdə olmayıb! Bəlkə ABŞ, Fransa, Rusiya, ya digər ölkələr müharibələr apardıqları ölkələrdə əhali ilə belə təmkinli, səliqəli davranıblar, desinlər! Azərbaycan fərqlilik ortaya qoydu, hətta ekstremal situasiyalarda belə!

SİRKET.png (1009 KB)

Ermənilər qərar verməkdə maksimum tələsməlidirlər. Onsuz da Azərbaycanı neçə illər geri salıblar, Azərbaycan xalqının ömründən kəsiblər, bir qərinəmiz bunların saxta iddiaları, törətdikləri cinayətlərə qarşı mübarizədə keçdi. Onlar da itirdilər, yaxınlarını, övladlarını son iki əsrdə köçüb gəldikləri cənnət məskəni. Amma bu müddətdə separatçı-terrorçu xunta rejiminin girovluğunda qalsalar da, heç olmasa 5-10 nəfəri ortaya çıxıb demədi ki, bəsdirin, imkan verin adam kimi yaşayaq, əl çəkin Azərbaycandan, bu ölkə, bu xalq sizə nə pislik edib?! Demədilər, əksinə, son döyüşdə - 19-20 sentyabr antiterror əməliyyatında belə, onlara döyüşmək üçün silah uzadılanda silahları yerə atıb, müqavimət göstərmədilər cinayətkar, sarsaq rejimə. Bütün bunlara rəğmən, Azərbaycan onları kütləvi şəkildə mühakimə etmir, yenə də böyük humanistlik göstərir. Dünənədək hayların cəfəng hay-küyünə qoşulan mərkəzlər, paytaxtlar Azərbaycanın bu humanistliyinə də lal-kar-kor olublar. Onlar çox istərdilər ki, Azərbaycan dövləti mülki erməniləri gülləbaran eləsin, qırsın, çatsın, evlərini yandırsın. Necə ki, ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda... soyqırımlar törətmişdilər, Azərbaycanın eyni addımlar atmasını çox intizarla gözləyirdi ermənilərdən “maşa” kimi istifadə edənlər. Azərbaycan dövlətinin bir əli erməninin ağzında, biri yarasını bağlamaqda, amma yenə də qərəzli beynəlxalq təşkilatlar, ermənilərin çirkli pulları ilə yallanan, vaxtaşırı Ermənistana, Həkəri tərəflərə yollanan ermənipərəstlər bizi ittiham edirlər. Son günlərədək ermənilər üçün yasxana açan, binoklla Laçın sərhəd qapısına boylanan, TIR tamaşasını izləyən Avropa İttifaqının Ermənistandakı missiyası hardadır, bilən varmı? Niyə Aİ missiyası gəlib Laçın qapısından keçən ermənilərdən soruşmur sizi kimsə incitdimi, niyə köçürsünüz, nə üçün gedirsiniz? Sərf eləmir, ona görəmi? Bəlkə erməni mülki əhalinin yaxalarından yapışıb “tüpürüm sizin üzünüzə, siyasətinizə, bizi məhv elədiniz” - deyəcəklərindən çəkinir Fransanın emissarları?!

TİR SON.png (353 KB)

Budur, Azərbaycan dövlətinin xüsusi nümayəndəsi bir günlük antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin təmsilçiləri ilə Yevlaxda və Xocalıda görüş keçirib, artıq konkret addımlar var ortada, sürətli şəkildə. Amma bu arada Xankəndidə müəmmalı partlayış törədildi, 300-ə yaxın yaralı, 20 ölü! Bu kimi partlayışlar Əfqanıstana, Suriyaya xasdır, necə oldu ki, bu qədər insan yanacaq çənlərinin yanına toplaşdı və bu qədər itki oldu?! Heç şübhəsiz bu, təsadüfi siqaret kötüyünün atılması məsələsi deyil, bəzi mərkəzlər hələ də Qarabağa soxulmaq üçün yollar arayırlar, qanlı terror da variantlardan biridir. Heç şübhəsiz, Füzulidə Azərbaycan vətəndaşlarına və polislərinə qarşı mina terroru törədən erməni caniləri qısa müddətdə yaxalandığı kimi, Xankəndi terrorunun da günahkarlarını aşkarlayacaq qəhrəman hüquq-mühafizə orqanlarımız! Xanın kəndi başda olmaqla, bütün Qarabağa hüzur gələcək! Qarabağda doğub-törəmiş, Azərbaycan vətəndaşlığını almaq istəyən və hər hansı cinayətə yol verməmiş ermənilər qalıb yaşayacaqlar. Amma Suriyadan, Livandan, Rusiyadan... köçürülmüşlər buradan əbədi gedəcəklər və gedirlər də.

GOMRUK.jpg (446 KB)

Bəli, ermənilər seçimlərində tələsməlidirlər. Özlərinə də xeyirdir. Həm də ona görə ki, yaxın vaxtlarda Azərbaycan Milli Məclisi 2024-cü ilin Dövlət büdcəsi haqqında qanun layihəsini müzakirəyə çıxaracaq. Dövlətimiz bilməlidir ki, Xankəndi və digər ərazilərdə onun vətəndaşlığını qəbul edib, yaşamaq istəyən ermənilərin sayı və onların büdcədə payı nə qədərdir? Geciksələr, özlərindən küssünlər! Həm də Xankəndi, Xocalı, Ağdərə, Xocavəndin azərbaycanlı əhalisi öz evlərinə dönəcəyi günün həsrətindədir...

Şükür, bu tarixi günlərimizə! Vaxt var idi, millət vəkili Zahid Oruc dövlət büdcəsində Xankəndi və digər ərazilərimizlə bağlı vəsaitin nəzərdə tutulmasını təklif edəndə bəziləri bunu birmənalı qəbul etmirdi.

Dövlətimiz, Ordumuz var olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR