İnsanlara hürriyət, millətlərə istiqlal!

2023 də Vətən müharibəsi ili oldu - daha Laçın var, dəhliz yox...

1028 05.12.2023 11:35 Media A A

Ötən ilin dekabrında Laçın yolunda başlayan etirazlar bütün Qarabağın azadlığı ilə yekunlaşdı

Dekabrın 1-i Laçın şəhərinin azad edilməsinin üç ili tamam oldu. Bu şəhərin işğalçılardan təmizlənməsi və qanunsuz məskunlaşan Livan, Suriya ermənilərinin çıxarılması həm də “Laçın dəhlizi” anlayışı baxımdan strateji əhəmiyyət kəsb edirdi. 2020-ci ildə əldə olunan razılaşmaya əsasən, Laçının içindən keçən dəhlizə alternativ olaraq yol çəkilməli və Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi təmin olunmalı idi. 

Azərbaycan götürdüyü öhdəliyi yerinə yetirdi, Laçın şəhərindən daha dəhliz keçmirdi deyə yeni yol istifadə verildi. Üstəlik, üç il ərzində tikintisi nəzərdə tutulan yol daha tez hazır oldu. Bununla da yeni yola Rusiya sülhməramlıları kontrol edərək ermənilərin gediş-gəlişi təmin edildi. Amma Laçın şəhərindən yan keçən həmin koridor separatçıların silah-sursat daşımaq, qanunsuz səfərlər üçün oylağına çevrilmişdi. Bakının dəfələrlə xəbərdarlığına məhəl qoymayan erməni xunta rejimi öz əməllərini davam etdirir, rus hərbçiləri də buna şərait yaradırdı. Eyni zamanda hazırda həbsdə olan Ruben Vardanyanın bu yolla Qarabağa gəlməsi, yuxarı ərazilərdə mis-molibden, qızıl mədənlərinin istismarında iştirak etməsi vəziyyəti daha da gərginləşdirdi.

 Azərbaycan Laçın şəhərini azad etdiyi üçün Ermənistanla Qarabağı birləşdirən yeni yolu ona görə tikməmişdi ki, separatçılar silah daşısın, Vardanyan bölgəyə yerləşib sərvətləri talan etsin. Ona görə də Laçın yolunda ekofəallar ötən il dekabrın 12-də aksiyalara başladı. Təxminən 4 ay davam edən aksiyaların yekununda QHT rəsmiləri ilə görüşən dövlət nümayəndələri xahiş etdilər ki, etirazlar dayandırılsın, Azərbaycan yola nəzarət üçün post qurur. Bu da aksiyanın hədəflərindən birinə çatması idi. Beləliklə, bu ilin aprel ayında Laçın yolunda təkcə rus hərbçiləri yox, Azərbaycan sərhədçiləri də nəzarət-buraxılış məntəqəsi yaradaraq yola nəzarəti təmin etdi. Bundan sonra ermənilər kampaniya başladı, guya Laçın yolu bağlanıb, Qarabağ erməniləri blokadadadır, ac-susuz vəziyyətdə qalıblar... Bu humanitar böhran şousu məqsədli bir kampaniya idi. Bakı isə tələblərini irəli sürdü: əvvəlcə, yüklər Ağdam-Xankəndi yolu ilə daşınacaq, bir sutka sonra Laçın yolu açılacaq. Amma silah, mina və digər qanunsuz daşımalar mümkün deyil. Buna da qarşı çıxan ermənilər gec-tez razılaşdılar. Nəticədə Laçın dəhlizi anlayışı əhəmiyyətini itirdi. 

Təbii ki, separatçılar, Vardanyan kimi idiot və odioz qüvvələr Azərbaycana qarşı təhdidləri davam etdirdilər, dövləti hədələdilər, mərkəzi hakimiyyətə qarşı dinc erməni əhalisini silahlanmağa çağırdılar. Bu proseslərin finalı isə apreldə qurulan Laçın postu və sentyabrda bir sutkalıq antiterror tədbiri ilə yekunlaşdı, Azərbaycan Xankəndi və ətrafdakı boz zonanı qanunsuz silahlı birləşmələrdən təmizlədi, onların ideoloqlarını, liderlərini həbs edərək Bakıya gətirdi. Ona görə də dekabrın 1-də Laçın şəhərinin azad olunmasından sonra çoxuna elə gəlirdi ki, yeni yoldan ermənilər hər zaman belə qanunsuz məqsədlər üçün istifadə edəcək. Həmçinin bəziləri düşünürdü ki, Laçın dəhlizinə nəzarət edə bilmərik və ruslar burada əbədidir. İndi isə nə dəhliz var, nə separatçılar, nə o ərazilərdən silah daşınır. Ümumiyyətlə, bölgədə az sayda erməni qalıb və onlar da Ermənistana getmirlər. Bu da müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun qazandığı tarixi zəfərdir. O zaman sual yaranır ki, Qarabağla Ermənistanı birləşdirən Laçın NBM bundan sonra necə istifadə ediləcək? İki ölkə arasında diplomatik əlaqələr, gediş-gəliş, pasport yoxlanışı yoxdursa, bu postun hazırkı funksiyası nədən ibarət olacaq? Gələcəkdə sülh sənədi olarsa, postun fəaliyyəti aktiv ola  bilərmi? 

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, əgər Qarabağ erməniləri bölgəyə qayıdarsa, o halda onların Ermənistana gediş-gəlişi bu postdan olacaq. Təhlilçi hesab edir ki, bu da qeyri-müəyyən məsələdir: “Çünki onlar qayıdırsa, Azərbaycan pasportunu daşımalıdırlar və bizim vətəndaşımız olacaqlar. O zaman isə Ermənistana səfər edə bilməzlər. Hazırda diplomatik əlaqələr yoxdur. Bunun üçün sülh müqaviləsi imzalanmalıdır, hər iki ölkədə səfirliklər açılmalıdır. Bu da zaman tələb edən məsələdir. İkincisi, ermənilərin Qarabağa qayıdışı real görünmür. İnanmıram ki, onlar Xankəndinə, Ağdərəyə gəlmək istəsinlər. Bu mənada Laçın nəzarət-buraxılış məntəqəsindən keçid hələ ki olmayacaq. Azərbaycan Ermənistanla sərhədlərini hər zaman möhkəm saxlamalı, qorumalı, təhlükəsizliyi təmin etməlidir. İndiki dövrdə aktual məsələ sülh danışıqlarıdır".

Ekspertin fikrincə, Laçın dəhlizi deyilən ərazi strateji əhəmiyyətə malik idi: “Bu yola nəzarət tarixi hadisə oldu. Çünki birinci savaşda torpaqların işğal edilməsində Laçın dəhlizinin blokadaya alınması böyük rol oynamışdı. Azərbaycan Ordusu ikinci müharibədə düşməni məhv edərək Laçın şəhərini geri aldı. Bu ərazilər döyüşsüz azad edildi. Əgər Paşinyan kapitulyasiya etməsəydi, yenə də biz Laçını azad edəcəkdik, sadəcə, şəhidlərimiz olacaqdı. Ona görə bu da böyük nəticədir. Hazırda Laçın şəhərinə, Zabux və Sus qəsəbələrinə qayıdış başlanıb, laçınlılar öz torpaqlarında yaşayırlar. Bu zəfərdə müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz tarix yazıb. Bu gün də insana yuxu kimi gəlir ki, biz Laçına qayıtmışıq, biz Xankəndinə qayıtmağa hazırlıq görürük, biz Xocalıda yaşayacağıq... Ona görə də 2023-cü il 2020-ci il kimi tarixi bir dövr oldu. Hər iki ili Vətən müharibəsi ili adlandırmaq lazımdır”.

Hazırladı: Emil SALAMOĞLU

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR