İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-də regionların inkişafı - iqtisadçı rəyi

774 22.12.2023 14:30 Media A A

Eyyub Kərimli: “Hər bir iqtisadi rayon üzrə ayrıca proqramlar hazırlanmalıdır, çünki...”

İlin sonuna az bir müddət qalıb. İl boyu mediada daha çox müzakirə olunan mövzulardan biri bölgələrdən paytaxta əhali axınının qarşısını almaq, regionlarda azad sahibkarlığın inkişaf etdirilməsi və inhisarçılığa son qoyulması, eləcə də kənd təsərrüfatının inkişafını stimullaşdırmaqla bağlı oldu. 

Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra dövlət proqramları da həyata keçirilib. Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir.

Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb.

Bununla belə, mütəxəssislər hesab edir ki, bir sıra uğurlar əldə edilsə də, bu sahədə problemlər hələ də qalmaqdadır. Bunu şəhərə insan axınından, əhalinin regionlara qayıtmaq istəməməsi ilə də görmək olar.  

Nə etməli? Ümumiyyətlə, bir il ərzində regionlarla bağlı hansı yeniliklər oldu, inkişaf hansı istiqamətdə oldu? 

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq

Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2019-2023-cü il proqramının yekunlaşması həyata keçirilir: “Amma proqramın icrası başa çatıb. Proqram çərçivəsində nəzərdə tutulan bəzi müddəalar öz həllini tapdı, bəzilərinin həll olunmasına yenə də ehtiyac var. O baxımdan düşünürəm ki, bu proqramların qarşısında qoyulan, əsasən regionların paytaxtla müqayisədə qeyri-bərabər və tarazlı inkişafının təmin edilməsi ilə bağlı müəyyən işlər aparılıb. Hazırda ölkənin əksər regionları maliyyələşmə sisteminə keçir və mərkəzi büdcədən maliyyələşmə sistemi azalıb. Digər tərəfdən, hesab edirəm ki, bu sahədə həm də inzibati idarəçilik sahəsində islahatlara ehtiyac var. Həm də ölkə başçısı tərəfindən Prezidentin xüsusi nümayəndəsi institutu tətbiq edildi ki, bu da artıq təmərküzləşmənin və idarəçilik aparatının daha da səmərəliləşdirilməsinə imkan verəcək, bununla da büdcə vəsaitlərinin daha da qənaət edilməsinə geniş imkan yaradılacaq. Sahibkarlıq baxımından qeyri-neft sektorunun inkişafına müəyyən mənada nail olmuşuq. Bu gün ölkədə meyvə və tərəvəzin istehsalı çoxalıb, həmçinin taxıl istehsalında müəyyən irəliləyiş var. Lakin buna baxmayaraq, müəyyən problemlər də qalmaqdadır. Həmçinin bu gün regionlarda kreditlərin baha olması yenə də aktual mövzu olaraq qalır. Bu gün paytaxtla müqayisədə regionlarda tətbiq edilən kreditlər banklar tərəfindən 30 faiz bahadır. Bu da sözsüz ki, regionlarda sosial-iqtisadi və sahibkarlığın inkişafına əngəl törədən amillərdəndir. Digər tərəfdən, hesab edirəm ki, hər region üzrə xüsusi inkişaf proqramının hazırlanması daha məqsədəuyğun olar. Bizdə sosial-iqtisadi proqramlar ümumi hazırlanır. Hesab edirəm ki,  hər bir iqtisadi rayon üzrə ayrıca proqramlar hazırlanmalıdır. Onların investisiya imkanları, iqtisadi potensialı, kənd təsərrüfatı potensialı, spesifik xüsusiyyətləri nəzərə alınmalıdır”. 

Ekspert əlavə edib ki, bu gün regionların idarəçiliyində bələdiyyələrin də rolunu, onların səlahiyyətlərinin artırılmasına imkanlar verilməlidir: “Hesab edirəm ki, regionlarda iqtisadi inkişafın klasterlərinin yaradılmasına da şərait olmalıdır. Bu da regionda fəaliyyət göstərən sahibkarların güclərini birləşdirərək müəyyən emal, istehsal sahələrinin açılmasına dəstək ola bilər. Həmçinin regionlara texnologiyaların təmin edilməsində müəyyən çatışmazlıqlar var. Bu gün regionlarda həm agroinnovasiv texnologiyaların tətbiqində çox böyük problemlər var və bura daha çox diqqət ayrılmalıdır. Amma ümumilikdə hesab edirəm ki, regionların sosial-iqtisadi proqramının icrasını müsbət qiymətləndirmək olar, müəyyən irəliləyişlər olub. Kənd təsərrüfatı sahəsində müəyyən inkişaf, artımlar müşahidə edirik. Çünki bu proqram qəbul olunanda dünyada gedən proseslər də bu səviyyədə deyildi. Bu gün regionlarımızın ixrac potensialı da  araşdırılmalıdır”. 

Hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR