İnsanlara hürriyət, millətlərə istiqlal!

2-3 aylıq evliliyin ardınca boşanma qərarı - Ekspertlər çıxış yolundan danışdılar

1559 25.06.2022 08:10 KİVDF layihələri A A

 

 

 

Son illərdə təkcə boşanmaların sayı artmayıb, həm də cütlüklərin evli qalma müddəti gözlə görünəcək dərəcədə kəskin azalmağa başlayıb. Əgər 20-30 il əvvəl cütlüklər azı 10-15 il evli qalırdısa, indi bəzən 2-3 aydan sonra boşanma qərarı verilir. Bu da onu göstərir ki, gənc cütlüklərin bir-birini tanımağa, anlamağa səbri çatmır və qısa bur müddətdə boşanmaq qərarına gəlir. Bəs nə etməli?

Psixoloqların bu barədə ilk tövsiyələri budur ki, cütlüklər evlənməzdən, eləcə də boşanmazdan əvvəl mütləq psixoloqa müraciət etməlidir.

Hüquqşünas Fərhad Mehdiyev mövzuya bu cür rəy bildirdi: “Tamamilə doğrudur, son illərdə 2-3 aylıq evli olub, qısa zamanda boşanmaq qərarına gələnlərin sayı artıb. Və yaxud görürsən ki, boşanmaq istəyən hamilə qadınlar, azyaşlı uşağı olanlar artmağa başlayıb. Əlbəttə ki, bunun da müxtəlif səbəbləri var. Birincisi, çox tez boşanmalarda məlum olur ki, insanlar bir-birilərinin heç tanımadan evləniblər. Praktikamızda olan hadisələrdən deyə bilərəm ki, bu cür evliliklərdə adətən cütlüklər bir-birilərini maksimum altı ay ərzində tanıyıblar, daha sonra evlənmək qərarına gəliblər.

Azərbaycan ailələrinin böyük əksəriyyəti hələ də konservativ ailə kateqoriyasındadır. Buna görə də insanların çox qısa tanışlıqdan sonra evlənməsi heç də nadir hal deyil. Xüsusilə qohum, dost vasitəsi ilə  tanışmalardan sonra çox qısa zamanda evlilik baş verir. Bu zaman əgər cütlüyün dünya görüşləri də konservativdirsə, onlar çox qısa zamanda tanış olmaqlarına baxmayaraq, tez bir zamanda boşanmaq qərarına gəlmirlər, evliliyə davam edirlər. Yox, əgər onlar daha azaddırlarsa, ailə dəyərlərinə hər hansı stereotip olmadan yanaşırlarsa, belə insanlar çox qısa müddətə boşanmaq qərarı verə bilirlər.

Burada digər məsələ də odur ki, bu gün üçün insanların çox qısa zaman ərzində özlərinə yeni münasibət tapmaq kimi şansı çoxdur. İnsanlar bilir ki, əgər olduqları münasibətdən xoşbəxt deyillərsə, onu sonlandırıb yeni münasibətə başlaya biləcəklər və bu da yanlarında olan insanları itirmək qorxusunu azaldır. Daha bir səbəb, münasibətlərin idarə edilə bilməməsidir. Yəni, bir çox insan istər kişi, istərsə də qadın kaprizlər, ambitsiyalar, qısqanclıq, intiqam hisləri ucbatından münasibətləri idarə edə bilmir. Bu da ona gətirib çıxarır ki, münasibətlər tamam korlanır. Ailədə problem yaşayan cütlüklərin psixoloq yanına getməsi çox vacib məsələdir. Bəli, xəyanət ailələrin dağılmasına gətirib çıxaran səbəblərdəndir. Lakin unutmaq olmaz ki, xəyanətdən əvvəl adətən münasibətlərin soyuması yaşanır. Yəni, insanlar özünə qarşı istədiyi diqqəti görə bilmir, münasibət soyuyur və belə olan halda kənarda bir münasibət axtarmaq istəyir, axtarırlar ki, bu da boşanmaya gətirib çıxarır. Burada əslində boşanmanın səbəbi xəyanət deyil, münasibətlərin soyuması olur".

Fərhad Mehdiyev: “Valideynlərə tapşırıq verilib ki, gəlib Məlahət  İbrahimqızına səs versinlər" - Azinforum.az İnformasiya Portalı

Fərhad Mehdiyev: “Ailədə problem yaşayan cütlüklərin psixoloq yanına getməsi çox vacibdir”

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki, son zamanlar boşanmaların sayının artması məsələsi bir neçə istiqamətə bölünür: “Burada yeni ailə quran gənclər var, hansı ki, ailə qurub çox qısa bir zamanda boşanmaq qərarına gəlir, ikinci qisim uzun illərin, o cümlədən 20-30 ilin ailələri olur ki, boşanır. Digər istiqamət isə budur ki, qısa bir zamanda boşanmaq qərarına gəlib boşanıb, sonradan yenidən bir araya gələnlərlə bağlıdır. Bu cür faktlar da artmağa başlayıb. Məsələn, görürük ki, üç il əvvəl boşanan ailə yenidən bir araya gəlir və bir yerdə yaşamağa davam edir.

Artıq bir müddətdir ki, ailə quran gənclər ilk növbədə tibbi müayinədən keçirlər. Tövsiyə olunur ki, onlar həm də psixoloji müayinədən də keçsinlər. Şübhəsiz ki, psixoloji müayinə hansı istiqamətdə, hansı metodlarla aparılacaq, bu da bəlli olmalıdır. İkinci bir tərəfdən yeni  ailə quran gənclər ailəyə adaptasiya  prosesində hər hansı çətinlik yaşayarlarsa, peşəkar mütəxəssis dəstəyi almalıdır. Bu  peşəkar dəstəyi həm əlçatan olmalı, həm də bunun üçün bizin kadr potensialımız olmalıdır. Çünki yeni ailə quran insanların ailəyə adaptasiya  prosesində həmişə çətinliklər olur. Bu, 30 il əvvəl də, indi də var. Sadəcə, 30 il əvvəl ailədaxili məsələlər başqa formada tənzimlənirdi. Burada ağbirçək, ağsaqqal institutu öz sözünü deyirdi, ailə içində olan hər hansı konflikt məhz onların köməyi ilə həll olunurdu. Lakin bu gün biz görürük ki, bu mexanizm zəif işləyir. Kaş ki, işləyərdi. Lakin qloballaşan dünyada  görürük ki, bu mexanizmin özü zəif işləyir. Bu zaman məsələdə mütəxəssis dəstəyi olmalıdır. Hesab edirəm ki, bu cür olarsa bir çox ailələr boşanmadan vaz keçərlər. 

Psixoloq Elnur Rüstəmov - YouTube

Elnur Rüstəmov: “Bu gün Azərbaycan ailəsi ənənə ilə müasirliyin savaş meydanıdır”

Yeni dövrün ailə modeli fərqlidir, biz bunu nəzərə almalıyıq. Belə ki, yeni dövrün ailə  modelində tərəflər arasında münasibət fərqli müstəvidə cərəyan edir. Bu gün ailə quran tərəflərin böyük qismi çalışan insanlardır. Yaxud yeni dövrün bir çox məqamları var ki, ailələr bu prosesdə ortaq məxrəcə gələ bilmirlər. Bunun üçün maariflənmə işi aparmaq, yeni dövrün ailə konsepsiyasını hazırlamaq lazımdır. Bizim dəyərlərdə ailə ilə bağlı çox gözəl məqamlar var ki, onları yeni ailə modelinə transfer etmək olar. Həmçinin qloballaşan dünyanın tələblərini özündə əks etdirən məqamları orada öz əksinin tapa bilər. Bu gün Azərbaycan ailəsi ənənə ilə müasirliyin poliqonu, savaş meydanıdır. Ailədə biri müasirliyin, biri isə ənənənin tərəfdarı olanda nəticədə anlaşa bilmirlər. Və yaxud 20-30 ilin ailəsi yeni dövrün ailə modelinə uyğunlaşa bilməyəndə, ayrıca yaşamaq qərarına gəlir".

Psixoloq qeyd edib ki, hazırda ölkədə ailə institutunun yaranmasına böyük ehtiyac var: “Əslində 2020-ci ildə ailə institutu yaranmalı idi, lakin araya pandemiya düşdü, məsələ səngidi. Lakin indi buna çox ehtiyac var. Əgər yaranarsa, düşünürəm ki, Azərbaycanda ailə dəyərlərinin qorunması və ailədə yaranan problemlərə zamanında müdaxilə olunması, dəstək göstərilməsi, ailə münasibətlərinin sağlamlaşmasına fayda verərdi”.

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR