İnsanlara hürriyət, millətlərə istiqlal!

SAHİBİ TANINMAYAN HEYKƏLLƏR

3350 28.09.2009 08:13 Ölkə A A
Redaksiyamıza zəng vuran oxucular Ayna Sultanovanın heykəlinin götürülməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Onlar bu xanımın bolşevik olduğunu bilənlərdir. Yeganə bolşevik qadının heykəlinin hələ də yerində qalması müstəqillik dövrünün tarixdən xəbərdar olan insanlarına təəccüblü gəlir. Bir ara belə söhbətlər də gəzirdi ki, o heykəl bu günlərdə götürüləcək. Amma Mədəniyyət və Turizm Nazirliyi bu məlumatı təsdiq etmir.
Amma Ayna Sultanovanın kim olduğunu bilməyənlər də var. Yaxud Bakıda heykəli olan Ramiz Kərimov haqda kim nə bilir? Çoxu onu da tanımır. Bunu nəzərə alıb onların haqqında ətraflı yazmaq qərarına gəldik.
Ayna Sultanovanın heykəli “Gənclik” metrosundan 7-ci mikrorayona gedən yolda, dəqiq desək, Dərnəgül qəsəbəsinin girəcəyi sayılan ərazidə yerləşir. Onun haqqında nə bilirik? Ayna Sultanova 1895-ci ildə Dəvəçi rayonunun Pirəbədil kəndində doğulub. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il mart soyqırımı zamanı erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. O və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommunaya qoşulub. O, Bakı kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirib və Həştərxana gedərək Şərqdə ilk demokratik respublikanın devrilməsi üçün ciddi hazırlıq görən rus bolşeviklərinə yaxından kömək göstərib. Bu dövrdə A.Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olub. 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilib, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləyib.
A.Sultanova XI ordu Azərbaycanı işğal edəndən sonra Bakıya qayıdıb və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışıb, “Şərq qadını” jurnalının redaktoru olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. 1938-ci ildə A.Sultanova qardaşı Qəzənfər Musabəyov, həyat yoldaşı H.Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.
Tanınmayan heykəllər arasında biri də var. O, Nizami rayonunda Neftçilər dairəsindən Çobanzadə küçəsinə gedən yolda yerləşən parkdakı abidədir. Bu parkın adını öyrənməyə çalışsaq da, yerli sakinlər parkın Qarabağda vuruşan əlillərin xatirəsinə salındığını bildirdilər. Həqiqətən də parkın mərkəzində şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb. Amma bu kompleksin işıqları yanmır, üstəlik onun mərkəzində yanmalı olan alov çoxdan sönüb. Hətta onun ətrafında daşların ovxarlanıb töküldüyünün də şahidi olduq.
Parkda Kərimov Ramiz İsrail oğlunun büstü yerləşir. Büstün üstünün çirkli olması və qırağındakı çat diqqətimizi çəkdi. Büstün postamentində onun sahibinin yanğınsöndürən olduğu və 1954-1977-ci illər arasında yaşadığı ilə bağlı məlumat olan lövhə asılıb. Parkda dincələn paytaxt sakinlərindən bu büstün kimə məxsus olduğunu öyrənməyə çalışdıq. Təqaüdçü Qurban Səfərov 1988-ci ildən burada yaşadığını desə də, büstün sahibi barədə məlumatının olmadığını bildirdi: “Kimdən soruşmuşam ki, bu büstün sahibi kimdir, heç kim bilməyib. Bunu yada salan yoxdur, büstün üzərinə heç gül də qoymurlar. Bu heykəlin kimə məxsus olduğunu niyə bilmirlər? Heç yaxınları da gəlib bunu yad etmir, qəhrəmanları yada salmırlar”.
Parkda həmsöhbət olduğumuz musiqiçi Çingiz bəy isə demə, çox məlumatlı adam imiş. O dedi ki, Ramiz Kərimov 70-ci illərdə yanğınsöndürən işləyib: “Bakıda baş vermiş bir yanğında insanları xilas edərkən həlak olub. Amma o, Nizami rayonunda yaşamayıb. 80-ci illərdə ona burada abidə qoyulub. Amma büstə qayğı göstərilmir. Bir neçə gün öncə ”Jiquli"nin sürücüsü maşını aparıb büstə çırpdı. Şükür ki, abidə aşmadı, amma daşı çatladı. Belə abidələrə baxmırlar. Bu ölkədə canlılara baxmırlar, siz də heykələ diqqət istəyirsiniz. Yazıq heykəlin dili yoxdur ki, danışsın".
Həmin qəhrəman yanğınsöndürənin kimliyinə aydınlıq gətirmək üçün Nizami Rayon Yanğından Mühafizə Xidməti ilə əlaqə saxladıq. İdarədən Bakıda yanğınsöndürənə abidə qoyulması barədə ilk dəfə bizdən eşitdiklərini bildirdilər. Onlar öz həmkarlarını xatırlaya bilmədilər və bizə baş idarəyə zəng etməyi məsləhət gördülər. Amma təəssüf ki, baş idarədə də Ramiz Kərimovun kim olduğunu və hansı şəraitdə həlak olduğunu deyə bilmədilər. Bunu iş gününün bitməsi ilə əlaqələndirdilər (?).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR