İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏSULZADƏNİN BÜSTÜNÜN GÖTÜRÜLMƏSİ SABİRABADI QARIŞDIRDI

4170 05.09.2012 09:57 Ölkə A A

Sentyabrın 4-də əməkdaşlarımız Sabirabadda olub məsələni detalları ilə araşdırıblar. Məlum olub ki, Rəsulzadənin büstünün götürülməsi barədə qərar təkcə yerli rəhbərlik səviyyəsində təşkil olunmayıb. Bu, hakimiyyətin yuxarı eşelonunda verilmiş qərardır.
Sabirabad müxalifətçiləri isə büstün geri qaytarılacağına inanmır. Onların sözlərinə görə, büstün yerləşdiyi ərazi mühasirəyə alınıb və orada yenidənqurma işləri aparılacaq. Daha sonra isə parkda keçmiş prezident Heydər Əliyevin heykəli qoyulacaq.

Müsavatın Sabirabad təşkilatının sədri Yavər Gülməmmədov bizimlə söhbətində dedi ki, büstün götürüləcəyi gözlənilən idi: “İki ay olardı ictimaiyyət arasında qeyri-rəsmi xəbərlər yayılırdı ki, büst götürüləcək. Nəhayət, icra hakimiyyəti səviyyəsində büst götürüldü. Avqustun 30-da ərazi hasara alındı və axşam tərəfi məlum oldu ki, büst götürülüb. Müxalifət partiyalarının nümayəndələri olaraq birgə toplantı keçirdik və rayon icra hakimiyyətinə bəyanat verildi. İki gün vaxt verildi ki, büstün götürülməsinin səbəbi açıqlansın. Əks halda, aksiya keçiriləcək. Aksiyaların keçirilməsi nəzərdə tutulub. Rayon camaatına vərəqələr paylanması qərara alınıb. Yaxın günlərdə aksiya keçirilməsi barədə qərar qəbul olunacaq”.
Müsavatın Sabirabad təşkilatının sədr müavini Azər İsmayıl hesab edir ki, bu, yerli müstəvidə olan hadisə deyil: “Saytlardan birində məlumat yayıldı ki, abidə Rəsulzadəyə aid deyil, Leninə oxşayır. Bu xəbərin yayılması göstərdi ki, büstün götürülməsinə hazırlıq gedir. Belə də oldu. Açıqlama verilməsini tələb etdik. Ancaq bu olaya qətiyyən aidiyyəti olmayan YAP təşkilatının yerli sədri münasibət bildirdi. Dedi, guya bu Leninin heykəli olub. İndiyə kimi götürülmüş heykəllər geri qaytarılmayıb. Büstü təmir adı ilə götürüblər. Meydanı dağıdıblar. Sabirabadda 48 milyon mənimsənilib. Bu vəsait meydanı təzədən söküb tikməyə, YAP-ın binasını təmir etməyə xərclənib”.

AXP-nin Sabirabad təşkilatının sədri Novruz Quluzadə dedi ki, 2005-ci ildə büstü götürməyə cəhd olunub: “Parlament seçkiləri vaxtı idi. Rayonda iki partiya sədrini prokurorluğa çağırmışdılar. Orada hay-haray salındı. Gördülər məsələ böyüyəcək deyə büstə toxunulmadı. Amma bu addımı atdılar və geri qaytarılacağı inandırıcı görünmür. Biz bunu hakimiyyətin Rəsulzadəyə qarşı qısqanc münasibəti kimi dəyərləndiririk”. Rayonda yayılan məlumata görə isə indiki Heydər Əliyev Muzeyindəki heykəl götürülərək bu meydana gətiriləcək. Orada Bayraq Meydanı inşa olunacaq.

Ardınca Rəsulzadəyə büst qoyulmasının təşəbbüskarlarından biri ilə görüşdük. Xalq Cəbhəsi hakimiyyəti dövründə Sabirabadın icra başçısının müavini işləmiş Mirislam Bağırov bildirdi ki, əvvəlcə sovet hökumətində çalışan rəhbərlərinin şəkilləri var idi: “Lenin heykəli orada olmayıb, meydanda olub və o çox böyük idi. Alt hissəsi çox böyük idi və postament onu saxlaya bilməzdi. Leninin heykəli 4 metr idi və mədəniyyət sarayının qarşısında qoyulmuşdu. Ona görə də Rəsulzadənin büstünün Leninə oxşaması düzgün deyil. Mən sizə deyim ki, Rəsulzadənin büstü dövlət vəsaiti hesabına qoyulub. Sabirabad icra rəhbərliyinin təşəbbüsü ilə hazırlanmışdı. Hətta həmin vaxt açılışa Prezident Aparatından gəlmişdilər. Büstün açılışı 1992-ci il mayın 28-də təntənəli şəkildə keçirilmişdi”.

Artıq müxalifət partiyalarının Sabirabad təşkilatları büstün götürülməsi ilə bağlı bəyanat yayıblar. Müsavat, AXCP, Ümid, VHP və AXP-nin birgə yaydığı bəyanatda hakimiyyətin bu addımı pislənilib. Bəyanatda deyilir ki, Azərbaycan xalqının dini, mədəniyyəti, bütün mənəvi dəyərləri məhv edilir: “Bunun bariz nümunəsi Rəsulzadənin Sabirabadda büstünün götürülməsidir. Bunu üçün hakimiyyət ictimaiyyətdə və sosial şəbəkələrdə bir neçə ay idi zəmin hazırlayırdı. Şərqdə ilk demokratik respublika qurmuş, bizlər üçün üçrəngli bayraq ərməğan etmiş, son nəfəsində ”Azərbaycan" deyərək dünyadan köçmüş dahi rəhbərin özü tərəfindən qoyulmuş universitetdən adını götürmək, onun büstlərini yox etməklə rejim xalqın keçmişinə və gələcəyinə zərbə vurur. Bu mənfur hərəkətə Azərbaycan xalqı, ictimaiyyəti etirazını bildirməlidir".
Qeyd edək ki, büstün sifarişini AXC dövründə icra başçısı olmuş Səmid Səmədov verib. Bu məlumatı həmin dövrdə RİH-də təşkilat şöbəsinin müdiri işləmiş Xanlar Abbasov verdi. Büst qoyulanda rayonun baş memarı olan Rahil Quliyev Azər İsmayıla telefonda dedi ki, abidəni Bakıdan 3-cü mikrorayon bazarının arxasında heykəl düzəldilən sexdən sifariş verib və gətirib. RİH-də müavin olmuş Təvəkkül Hüseynov da büstün onlar tərəfindən gətirildiyini təsdiqlədi.
Məsələ ilə bağlı rəsmi mövqe almaq üçün ilk cəhdimiz alınmadı. Sabirabad şəhər icra nümayəndəliyində iş vaxtı olsa da, orada kimsəni tapa bilmədik. İcranın həyətində isə ağ mələfəyə bükülmüş büstə oxşayan əşya diqqətimizi çəkdi. Güman edilir ki, bu Rəsulzadənin büstüdür və icra nümayəndəliyinin həyətində saxlanır. Sonda Sabirabad RİH-in ictimai-siyasi şöbəsinin müdiri İlham Əsgərovla görüşdük. O bizim 3 sadə sualımıza cavab verməkdən imtina etdi. Suallar bunlar idi: Heykəl niyə götürülüb, hazırda büst harada saxlanır və büst yenidən quraşdırılacaqmı? Lakin suallarımıza cavab verməyən Əsgərov bizə RİH mətbuat xidmətinin bir gün öncə yayılmış rəsmi açıqlamasını təqdim etməklə kifayətləndi. Rəsmi açıqlamanı yerindəcə oxuyub açıq qalan sualları ünvanlasaq da, Əsgərov susdu. Onun diqqətinə çatdırdıq ki, sualları cavablandırmamaqla əslində baş verənlərə cavab vermiş oldu...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR