İnsanlara hürriyət, millətlərə istiqlal!

Orduda namaz qadağası

5140 08.02.2014 00:05 Ölkə A A
Azan qağan olundu. Hicab qadağan olundu. Namaz qadağan olundu. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanda belə anormal qərarlar daima olub. Dini baxımdan bunu eləyənlərin hansı günaha girdiyini anlamaq elə də çətin deyil.  Lakin nəzərə alsaq ki, dünyəvi bir ölkədə yaşayırıq, problemə məhz insan haqları prizmasından yanaşmaq lazım gəlir. Bakıda azanın səsgücləndirici vasitəsilə səsləndirilməsinin qarşısının alınması, orta və ali məktəblərdə hicab geyinilməsinin qadağan olunması, hicablı və ya saqqalı pasport fotolarının çəkilməsinin yasaqlarla üzləşməsindən sonra növbə namaza çatdı. Artıq uzun illər idi ki, qeyri-rəsmi şəkildə dövlət qurumlarında namaz qılmaq, oruc tutmaq və digər dini ritualların həyata keçirilməsi yasaqlanmışdı. İndi isə Müdafiə Nazirliyi hərbi hissələrdə namaz qılmağın qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Absurd qərarın hansı fəsadlara gətirib çıxarda biləcəyinə nəzər salmaqdan öncə onu vurğulamaq lazım gəlir ki, dini ritualların icrasının qadağan olunması ölkə qanunlarına və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə ziddir.
 Azan, hicab, fotoşəkillər və namazla bağlı verilən qərarlar insan hüquq və azadlıqlarının kobudcasına məhdudlaşdırılması anlamına gələ bilər.
Azərbaycan dini etiqad azadlığının təmin olunması ilə bağlı öhdəliklər götürüb və ölkə qanunlarında bu müddəa öz təsdiqini tapıb. 
Görünən budur ki, hakimiyyət dini icmaların radikallaşması üçün əlindən gələni edir. Məscidlərin sökülməsi və bağlanması fonunda dini ayinlərin demək olar ki, hamısının qadağan edilməsi, ayrı-ayrı inanclı insanlara məxsus olan ticarət obyektlərinin mülkiyyətçinin əlindən alınması, ifrat sekulyarlıq ilə inanclı kəsimin arasında süni şəkildə qarşıdurma yaradılmasının nələrə gətirib çıxarda biləcəyini ehtimal etmək elə də çətin deyil. Bütün bunlar fonunda Quranın ərəbcə oxunmasının qarşısını almağa ən yüksək səviyyədə edilən çağırışlar onsuz da narahat olan dini mühiti daha da dalana sürükləyir. Bu azmış kimi, məzhəblərarası ədavət qızışdırılır. Dini ayinlərin hətta məscidlərdə belə icrasının qadağan olunması çağırışları olduqca qorxulu ssenarilərdən xəbər verir.
Dini mühitin radikal obrazda təqdim olunması, inanclı kəsimin  sərt addımlara sövq edilməsi son nəticədə hakimiyyətin özünü tələyə sala bilər.
Bütün bunlar yəqin ki, bir məqsədə xidmət edir – hakimiyyət özünü yeganə dünyəvi həyat tərzinin tərəfdarı kimi təqdim edir, iqtidardan yıxılacağı təqdirdə ölkədə radikal islamçıların fəallaşa biləcəyi təsəvvürünü formalaşdırır.
Hakimiyyətin dini müstəvini daraltması o dərəcədə artıb ki, artıq inanclı insanların iqtidar və müxalifəti inkar etməkdən, hamıda düşmən görməkdən başqa yolu qalmayıb.  Əgər, iqtidar hamını “islam əcinnəsi” ilə qorxutmaq, özünü yeganə sekulyar həyat tərzinin daşıyıcısı kimi göstərmək niyyətindədirsə, bu ssenarinin reallaşdırılması üçün mütləq qan axıdılmasına  nail olmalı, məzhəblərin qanlı toqquşmalarına səbəb olacaq addımlar atmalıdır. 

Lakin hakimiyyət ideoloqları unudurlar ki, mötədil inanclı kəsimi ləğv etdikdən sonra onların qarşısına radikal təbəqə çıxacaq. Bu isə daha irimiqyaslı toqquşmaların xəbərçisi hesab oluna bilər.

Nəzərə alsaq ki, Azərbaycandakı bəzi dini icmalara xarici ölkələrin təsirləri az deyil, baş verəcəklərin miqyasını indidən təxmin edə bilərik. Dini təbəqənin radikallaşdırıldığı, elementar ayinləri icra etməkdən məhrum edildiyi bir zamanda isə ölkəni terror dalğası bürüsə, bunun məsuliyyəti ilk növbədə zərgər dəqiqliyi tələb edilən yerdə balta ilə işləyən hakimiyyətin üzərinə düşəcək.
Hakimiyyətin ən böyük səhvlərindən biri dini sahədə maarifləndirməni qadağan etməsi oldu. Məhz yetərincə dini bilgisi olmayanlar radikalların toruna düşə bildi. Radikallığa qarşı mübarizədə maarifləndirmə əsas götürülməlidir. Əks təqdirdə, ölkə poliqona çevrilə bilər.

Namazı və dini ayinləri qadağan edənlər anlamalıdırlar ki, bu, onsuz da alınmayacaq. Allahın yaratdığı ən ali varlığın psixologiyası elədir ki, qadağalar həmişə insanı onları pozmağa vadar edir.
Daha doğrusu, insan özü cəhd edir ki, qadağa pərdəsinin altında nə yatdığını görmək üçün “yasaq olunmuş meyvəni” dadsın. 

***

Bir neçə il əvvəl əsgərlikdə olan bir dostum ezamiyyətə gəlmişdi. Göz yaşları içində danışdı ki, ona hərbi hissədə namaz qılmağa icazə verilmirdi. Əsgər hərbi paltarını ayaqyolunda yerə salaraq namaz qılırmış.  Əsgər Azərbaycanda olduqca tanınmış bir ruhani xadimdən soruşmuşdu ki, üfunət dolu yerdə qıldığı namazı batildirmi ?
Ruhani xadimin cavabı çox qısa olmuşdu: “Sən ayaqyolunda qıldığın bir ilin namazının savabını bağışla mənə, mən ömrüm boyu etdiyim ibadətlərin savabını sənə hədiyyə edərəm”.

Qadağalara baxmayaraq, inanclı insana namazı yasaqlamaq mümkün olmamışdı. Bu gün yüzlərlə əsgər ayaqyolunda olsa belə, namaz qılacaq.  Allah son aqibətimizi xeyirli eləsin...

Azər RƏŞİDOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR