
Meyit torpağa qoyulmazdan öncə yuyularkən mərhumun atası oğlunun daxili orqanlarının olmadığını görüb. Bundan sonra ailə meyitin eksqumasiya olunmasını tələb edib. Eyni zamanda ölkənin hərbi prokurorluğuna müraciət edərək faktın araşdırılmasını istəyib. Ekspertlərin iştirakı, valideyn və qohumların gözü önündə meyitin dəfninin 39-cu günü ekspertiza keçirilib. Ekspertlər nə üçünsə “daxili orqanların çürüməsi” kimi rəy veriblər. Ekspertizadan dərhal sonra polis əməkdaşları qəbrin üstünü sementlə qapatmaq istəyiblər. Əsgərin valideynləri, yaxınları buna imkan verməyib. Əsgər yaxınları tərəfindən meyitin ekspertizası mobil telefon vasitəsilə çəkilib. Videogörüntülərdən də məlum oldu ki, əsgərin daxili orqanları yoxdur. Hətta gec çürüyən əzələlər də yox idi, əsgərin qarın boşluğu pambıqla doldurulmuşdu. Məlum oldu ki, əsgərin ürək, böyrək və qaraciyəri götürülüb. Hər kəs bilir ki, 39 günə meyit çürümür. Biz bu məsələ ilə bağlı bütün faktları prokurorluğa təqdim etmişik. Əgər bu əsgərin daxili orqanları satılıbsa, burada hərbi hissənin komandanlığı, meyiti yaran həkimin və hərbi prokurorluğun marağı ola bilər. Hərbi prokuror Xanlar Vəliyev mətbuata açıqlamasında bildirdi ki, əsgərin orqanları transplantasiya üçün yararsız olub. Cənab prokuror, məgər sağlam adamların daxili orqanları transplantasiya olunur? Orqan köçürməsinə icazəni ölüm faktını təsdiqləyən komissiya verir və orada qeyd olunur ki, bu adamın orqanları yararlıdır. Ölmüş adamın orqanları çıxarılır, dirinin yox. Biz bu məsələdə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışıq və bu işdə günahkarlardan birinin Naxçıvan hərbi prokuroru Yaşar Həsənovun olduğunu qeyd etmişik".

Hüquq müdafiəçisi başqa bir fakta prokurorluğun münasibət bildirməsini tələb etdi: “Başdan vurulma 100 faiz ölümlə nəticələnir. Necə olur ki, mərhum əsgər İbayev başından vurulandan sonra bir saat yarım yaşayıb. Aparıblar xəstəxanaya, orada da keçinib. Valideynləri iddia edir ki, onu öldürüblər və daxili orqanlarından donor kimi istifadə ediblər”.
Tədbir zamanı qeyd olundu ki, mərhum əsgərin yaxınlarının araşdırmaları bir çox yeni faktları üzə çıxarıb: “Əsgər İbayevin daxili orqanları çıxarılaraq İranın Culfa şəhərindəki klinikalardan birinə aparılıb. Bu söz-söhbətlər olan zaman həmin klinikanın həkimlərindən biri Naxçıvanın hərbi prokuroru Yaşar Həsənovla Şərurda görüşüb, məsləhətləşmələr aparıblar. Həmin görüşdən sonra Y.Həsənov Bakıya gələrək istintaqın cavabını ləngitməyə çalışıb. Hərbi prokuror bütün imkanlarından istifadə edərək bu hadisədə adının hallanmamasına çalışır”.
Hərbi prokuror isə mərhum əsgər İsmayıl İbayevin orqanlarının satılması ilə bağlı ittihamlarla razılaşmır: “Əsgərin meyitinin təkrar məhkəmə-tibbi müayinəsinin nəticələrinə əsasən valideynlərinin ərizəsində meyitin daxili orqanlarının çıxarılaraq satılması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmayıb. Bu cür hallar ordumuza qarşı müntəzəm olaraq qeyri-sağlam münasibətdə olan müxtəlif qruplar tərəfindən uydurulan şayiələrdir”.






