İnsanlara hürriyət, millətlərə istiqlal!

NİZAMİNİN ŞƏRƏFİNƏ BƏSTƏLƏNƏN ƏSƏRLƏR OĞURLANIB?

3624 11.12.2011 09:44 Ölkə A A

Muzeyin direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, deputat Rafael Hüseynovla bu mənəviyyat ocağının yaranması, muzeydəki eksponatların dəyəri, yubileyin keçirilməməsi səbəbi və oradakı digər məsələlərlə bağlı söhbət etdik. Direktor öncə muzeyin yaranmasından söz açdı:

- Bu binanın yaddaşında milli tariximizin həm fərəhli, həm də son dərəcə qəmgin səhifələri yaşayır. Bura 1915-ci ildən başlayaraq Avropa tipli “Metropol” oteli olub. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı törədəndə pulemyotlarından birini “Metropol”un damına qoyub oradan atəş açır, küçələrdən keçən günahsız insanları biçirmişlər.

- Bildiyimizə görə, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti də vaxtilə burda yerləşib.

- 1918-ci ilin 28 mayında istiqlalımız elan edilsə də o vaxt Bakı hələ bolşeviklərin və ermənilərin əlində idi. Ona gərə də Azərbaycan dövləti və hökumətinin ilk rəhbərliyi Gəncədə yerləşib. Yalnız 1918-ci il, sentyabrın 18-də cəsur Azərbaycan əsgərlərinin və Qafqaz İslam Ordusunun şücaəti sayəsində Bakı işğaldan azad edilir. Bundan sonra paytaxt bura köçür. “Metropol” verilir Azərbaycan hökumətinin ixtiyarına. Bura onların həm evi, həm də iş yeri olur. İlk nazirlərimiz burada həm yaşayır, həm də bugünkü müstəqil Azərbaycanın təməl kərpiclərinə çevriləcək ilk qanunları qəbul edirlər. Həmin şanlı tarixlərlə əlaqədar olaraq biz oranı “İstiqlal zalı” adlandırmışıq.

- Bəs Nizami muzeyinin burada yerləşməsi kimin təşəbbüsü olub?

- 1920-30-cu illərdə burada müxtəlif dövlət və hökumət idarələri, Azərbaycan Həmkarlar İttifaqı yerləşib. Buranı muzey binası etmək təşəbbüsü, necə deyərlər, elə Nizami Gəncəvinin özündən gəlir. Nizaminin doğum tarixi 1141-ci ildir. 1939-cu ildə mütəfəkkir şairin 800 illiyini təntənə ilə bayram etməkçün tədarük görülür. Binanın görkəmini büsbütün dəyişməsinin təməli 1939-cu il, mayın 3-də qoyulub. O gün Azərbaycan Xalq Komissarları Şurası (XKŞ) Nizaminin anadan olmasının 800 illik yubileyini hazırlayıb keçirmək haqda qərar qəbul edir, yubiley komissiyasının tərkibini təsdiqləyir. Kimlər yoxdur bu siyahıda? O vaxtkı Azərbaycan elminin, ədəbiyyatının, ziyalılığının qaymaqları: Üzeyir Hacıbəyli, Heydər Hüseynov, Səməd Vurğun, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Mikayıl Rəfili, Süleyman Rüstəm, Rəsul Rza... Komissiya üzvləri Nizaminin həyatını və irsini daha geniş tədqiq və təbliğ etmək istiqamətində qısa zamanda onlarla təklif irəli sürür. Nizami muzeyinin arxivindəki bir qərar həm muzeyin, həm nizamişünaslığın, həm də ümumən mədəniyyətimizin tarixi baxımından çox maraqlıdır. Yubiley komissiyasının 1939-cu ilin noyabrına aid qərarında Nizami mövzusunda əsərlər yazmış bəstəkarları qapalı müsabiqəyə buraxır: Üzeyir Hacıbəyli (müəllifin librettosu əsasında opera, şair Əlağa Vahidin iştirakı ilə), Səid Rüstəmov (Maksimoviçin librettosu əsasında “Hind gözəli” baleti), Əfrasiyab Bədəlbəyli (Məmməd Səid Ordubadinin librettosu əsasında şairin həyatı mövzusunda opera), Niyazi (Rəsul Rzanın librettosu əsasında Babək mövzusunda opera), S.Aro (Sabit Rəhmanın librettosu əsasında “Yeddi gözəl” operası), Asafyev (Mikayıl Rəfilinin librettosu əsasında “Xosrov və Şirin” baleti), Qara Qarayev və Cövdət Hacıyev (İvanov və Oratovskinin librettosu əsasında “Nizami və müasirlik” mövzusunda opera). Bəstəkarların hər biri ilə müqavilələr bağlanır. Hanı o əsərlər? Yoxdur. O əsərlərin izinə düşən lazımdır.
1940-cı il, iyunun 13-də XKŞ yubiley komissiyasının binanın fasadını rekonstruksiya etmək təklifini bəyənir. Rekonstruksiya nəticəsində 6 tağ altında 6 klassikin - Füzuli, Vaqif, Mirzə Fətəli, Natəvan, Mirzə Cəlil və Cəfər Cabbarlının abidələrinin yerləşdirilməsi üçün heykəllərin sifarişi verilir. İstedadlı memarlar Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi ilə binanın Azərbaycan milli memarlığının ən yaxşı ənənələri əsasında yenilənməsinə başlanır. 60-dan artıq rəssam muzey-sərginin tərtibatı, eləcə də ekspozisiya üçün əsərlər işlənməsinə dəvət edilir. XKŞ-nin 1296 saylı qərarı ilə Nizaminin portretini işləmək üçün rəssamlar K.Xanlarov, A.Kazımov, T.Tağıyev, M.Nəcəfov, B.Semyonov, R.Topçubaşov və Q.Xalıqovu cəlb etməklə İncəsənət İşləri İdarəsinə qapalı müsabiqə keçirmək üçün icazə verilir. Qəzənfər Xalıqovun “Nizami”si indi muzeydə şairin ən uğurlu, hamı tərəfindən qəbul edilmiş surəti kimi on illərdir dərsliklərimizdə, göz yaddaşımızdadır. Nizami muzeyinin təsviri eksponatlarının o çağlarda yaranmış və bu gün artıq sənət incisi sayılan hər nümunəsinin arxasında belə mötəbər yarışlar dayanır. Muzeydə hər iş üçün ən mahir sənətkar cəlb edilibmiş. Bu münasibətin nəticəsidir ki, Nizami muzeyi yalnız elmi məzmunu ilə deyil, həm də zahiri gözəlliyi ilə bütöv bir sənət əsəri kimi meydana çıxdı.

- Bəs muzeyin açılışı niyə yubanıb?

- İkinci dünya müharibəsinin başlanması bütün plan və arzuları yarımçıq qoyur. Nizaminin yubileyi qeyri-müəyyən vaxta qədər təxirə salınır. O vaxt yubiley yeganə olaraq Leninqradda, həmin yubileyin keçirilməsinin zahirən ən mümkünsüz olduğu məkanda baş tutur. Muzey qapılarını tamaşaçı üzünə 1945-ci il, mayın 14-də, faşizm üzərində qələbədən 5 gün sonra xalqımıza zəfər, bayram hədiyyəsi kimi açır. Açılış zamanı muzeyin ekspozisiyası 14 otaqda idi, 1947-ci ildə Nizaminin müharibə ucbatından gecikmiş 800 illiyi keçiriləndə otaqların sayı 17 idi.
Başlanğıc dövrdə - 1945-ci ildə muzeydə 213 əlyazma, litoqrafiya üsulu ilə basılmış 200 kitab, 152 qazıntı materialı, 424 incəsənət əsəri vardısa, indi muzey həm bütöv ədəbiyyat tariximizi əks etdirir, həm də eksponatlarımızın miqdarı müqayisəedilməz dərəcədə artıb - 100 mindən çoxdur. Ekspozisiyamız isə 35 əsas, 10 yardımçı zalda yerləşib.

- Direktor olaraq siz muzeyə toplanmış ədəbi irsin tədqiqi və təbliğindən nə dərəcədə razısınızmı?

- Mən müxtəlif ölkələrdəki böyük muzeylərin demək olar ki, hamısını, kiçik muzeylərin də çoxunu görmüşəm. Muzeyin son əsaslı təmiri və yenidənqurmasından sonra yeni ekspozisiyanı qurarkən tanış olduğum müsbət təcrübələrin hamısını muzeyimizə gətirməyə çalışdım. Ona görə də şəxsən məni qane edən, Azərbaycan ədəbiyyatının bütün dövrlərini dolğun əks etdirən bir ekspozisiya qura bilmişik. 2000-ci illərin ortalarında vur-tut 20 santimetrlik bünövrə üzərində ucalan bina uçulub-dağılmaq ərəfəsində, miskin halda idi. Prezident İlham Əliyev muzeyə gəldi, əsaslı təmir haqqında qərar verdi və əvvəldən sonacan da muzeyimizdən qayğısını əsirgəmədi.

- Yetərincə qonaqlarınız olurmu? Xarici qonaqlar muzeyə gələrkən onların təəssüratları qeydə alınıbsa, bu təəssüratlarla tanış olmaq istərdik.

- Biz elə etmişik ki, heç muzeyin içərisinə daxil olmayanlar da qonağımız ola bilir. Birinci qatda, küçəyə açılan vitrinlərin hər birinə bir klassikin rəsmini qoymuş, doğum-ölüm tarixini yazmış, ibrətamiz fikrini vermişik. Hər gün yüzlərlə insan onların qarşısında dayanır, oxuyur, köçürür, şəklini çəkir, bir-biri ilə düşüncələrini bölüşür. Deməli, o lövhələr də öyrədir. Həftədə 6 gün muzey açıqdır və hər gün də həm Azərbaycandan, həm dünyanın dörd bucağından qonaqlarımız olur. Hazırda Nizami muzeyinin hansı səviyyədə olmasını isə əcnəbilər bizimkilərdən də yaxşı qiymətləndirməyi bacarır. Çünki onların bu muzeyi özlərininki ilə müqayisə etmək imkanı var. Təəssüratlarını da yazırlar. Rəy kitablarını açın, özünüz şahid olun.
Rəy kitabından: “Bu muzey tarixlə incəsənətin vəhdətindən yaranıb. Həqiqətən Azərbaycan haqqında öyrənmək üçün çox yaxşı üsuldur. Düşünürəm ki, bakılılar bu muzeylə fəxr edə bilərlər. Con və Mari Miller, ABŞ, 25.06.02"
“Azərbaycan tarixi, mədəniyyəti dünya mədəniyyəti xəzinəsinin incilərindən biridir! Moskva Dövlət Universitetinin müəllimləri - professor A.Q.Anisimov, dosent V.A.Baqryantseva”
“Bu zəngin kolleksiyaya malik bina çox gözəl tərtib olunub. Buranı seyr etməkdən məmnunluq duydum. Bilikli bələdçiniz Azərbaycan ədəbiyyatını və mədəniyyətini müxtəlif aspektlərdən bizə təqdim etdi. Bill Hart, muzeylər üzrə ekspert, İngiltərə, 11.12.09"

- Rafael müəllim, necə elmi işçiniz var, onlar əsasən hansı mövzular üzərində işləyirlər?

- Bizim muzey həm də elmi-tədqiqat institutudur. Ümumilikdə 200-dən çox əməkdaşımız var. Onların təxminən yarısı bilavasitə muzey işi ilə, yarısı elmi araşdırmalarla məşğuldur. 10 elmlər doktoru var. 20-dən artıq gənc namizədlik dissertasiyası müdafiə edib. Məhz bu dövrdə muzey tarixində ilk dəfə olaraq aspirantura, daha sonra isə magistratura və doktorantura yaranıb. Respublikanın filologiya üzrə koordinasiya şurası da bizdə yerləşir və Azərbaycanın ixtisaslaşmış elmi şuralarında müdafiə ediləcək dissertasiyaların mövzusunun təsdiqi, ilk ekspertizası bizdə keçirilir.

- Nizaminin adını daşıyan muzeydə Nizami irsinin öyrənilməsi və tədqiqini yetərli sayırsınızmı?

- Bizdə bu səmtdə genişmiqyaslı işlər gedir. Ancaq məncə, biz həm muzeydə, həm də bütövlükdə Azərbaycanın digər elmi dairələrində Nizaminin öyrənilməsində tamam yeni mərhələni başlamalı, tamam başqa elmi sürətlərlə, tamam fərqli, daha üstün səviyyələrdə araşdırmalar aparmalıyıq. Sırf filoloji araşdırmalarla yanaşı bu gün xeyli dərəcədə milli-siyasi amil olan Nizaminin dünyada təqdimi və təbliği istiqamətində ciddi irəliləyişlərə nail olmalıyıq.

- Nizaminin adını daşıyan bu muzeyi mənəviyyat süfrəsinə bənzətsək, siz bu süfrədən nə götürmüsünüz?

- XX əsrin əvvəlində bu binanın hələ Nizami muzeyi olmadığı vaxtlarda onun birinci qatındakı iri mağazalardan birində qızıl məmulatı, ləl-cəvahirat satılırmış. Biz muzeyi bacardığımız qədər dükan-bazardan xilas etdik. İndi onun içi başdan-ayağa ləl-cəvahiratdır. Mənim ən böyük arzum da budur ki, millətimiz bu mənəviyyat ləl-cəvahiratına doğru həmişə can atsın.

- Bu il Nizaminin 870 illik yubileyi oldu. Amma ölkə miqyasında hiss edilmədi. Niyə?

- Təşəbbüs oldu, lakin keçirmədilər. YUNESKO sonu iki sıfırla olan yubileyləri qeyd edir. Özü də bu tədbirlər siyasi status alır. 2009-cu ildə Nizaminin vəfatının 800 iliyi idi. Mən isə bir neçə il öncədən bu yubileyin keçirilməsini təklif etdim. Bu bütövlükdə Azərbaycanın dünya miqyasında təbliği demək idi. Lakin təəssüf ki, bu təşəbbüsümün də reallaşması mümkün olmadı.

***

Qeyd edək ki, muzey əməkdaşları Şərq klassiklərindən seçmələri tərcümə edir. Direktor bizə yeni nəşr olunan 7-ci tərcümə kitabı - “Şərq-7"ni təqdim etdi. Amma təəssüf ki, kitabda Nizaminin əsərlərindən tərcüməyə rast gəlmədik. R.Hüseynovun təbirincə desək, Nizami Azərbaycan üçün milli-siyasi amildir və buna görə dünyaya təqdimi və təbliği istiqamətində ciddi irəliləyişlərə nail olmalıyıq. Amma atalarımız "əvvəl evin içi, sonra çölü" deyiblər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR