Bu sözləri avqustun 3-də keçirilən mətbuat konfransında Gədəbəyin Arıxdam kənd sakini Kifayət İsgəndərli bildirdi. O, oğlu Pərviz İsgəndərlinin Bərdənin N saylı hərbi hissədə qətlə yetirildiyini iddia edir. Ananın sözlərinə görə, oğlu bu il iyulun 13-dən 14-nə keçən gecə hərbi hissədə öldürülüb. Rəsmi olaraq isə əsgərin intihar etdiyi qeyd olunub.
K.İsgəndərli çıxışında sensasion faktlar açıqladı. Əsgərlərin komandirlər və zabitlər tərəfindən daim döyülüb işgəncə verildiyini deyən ana əlavə etdi ki, onları generalların tikdirdikləri villalarda işçi qüvvəsi kimi istismar ediblər.
Əsgər anası oğlunun intiharını mümkünsüz sayır: “Oğlum Pərviz bu il yanvarın 3-də Gədəbəy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Bizə deyilmişdi ki, orduda əsgərləri döyür, onlara əziyyət verirlər. Biz də qorxub əvvəlcə Pərvizi əsgərlikdən saxlatmaq istədik. Ancaq bizdən əsgərliyi saxlatmaq üçün 5 min manat tələb olundu. Kəndli adamıq, çətinliklə dolanırıq, bizdə o qədər pul haradandır? İmkanımız olmadığına görə Pərviz hərbi xidmətə getdi”.
P.İsgəndərli Bakıda 3 ay xidmət keçəndən sonra Bərdə N saylı hərbi hissəsinə göndərilib. Bərdədəki N saylı hərbi hissələrdən birində təlim keçən əsgər daha sonra rayonun digər hərbi hissəsinə göndərilib. Bu il iyulun 13-dən 14-nə keçən gecə isə P.İsgəndərlinin hərbi hissənin ərazisindəki ağacdan özünü asması xəbəri gəlib.
Ancaq valideyni iddia edir ki, oğlu qətlə yetirilib: “Çünki Pərvizin intihar etməsi qeyri-mümkündür. Boş və hündür ağac olub, hətta ayağının altında taburetka qoyulsaydı belə yenə də intihar edə bilməzdi. Biz hesab edirik ki, oğlumu öldürüblər. Bunu deməyə əsasımız var. Onun meyitini əvvəlcə bizə göstərmirdilər. Təkid etdikdən sonra meyiti bizə göstərdilər və dəhşətə gəldim. Balamı vəhşicəsinə döymüşdülər. Bədənində işgəncə, döyülmə əlamətləri var idi. Balam özünü necə asıb ki, onun əli, qolu, boynu, ayağı sındırılmışdı. Təpik zərbələrindən üzündə və başında xəsarət izləri var idi”.
Əsgər anası dedi ki, hadisənin belə baş verdiyini güman edirlər: “İyulun 12-də hərbi hissənin zabitlərindən olan Quliyev Cavanşir o biri oğluma zəng edib. Deyib ki, qardaşın hərbi hissədən qaçıb. Ertəsi gün hərbi hissəyə getdik. Bizə dedilər ki, Pərviz özünü həyətdəki ağacdan asaraq öldürüb. Ağacın budağının üstünü bıçaqla qopartmışdılar ki, guya Pərviz özünü asarkən ağac zədələnib. Hələlik hadisə ilə əlaqədar 4 əsgər saxlanılıb. Cinayət işi başlanıb və iş Hərbi Prokurorluğa verilib. Müstəntiq Fəxrəddin İsayev işə baxır. O bizi qəbul etdi və tez bir vaxtda qatillərin cəzalandırılacağını söylədi. Tibbi ekspertizanın nəticələri yaxın zamanda bizə təqdim olunacaq. Cinayət işinin hansı maddə ilə açıldığı bizə məlum deyil”.
K.İsgəndərli oğlu ilə sonuncu dəfə iyulun 11-də telefon əlaqəsi saxlayıb: “Dedi ki, onu komandir çağırır və indi komandirin yanına getməlidir. Hadisədən sonra zabit Cavanşir bizə dedi ki, o əmrə tabedir və komandir ona Pərvizi çağırmaq barədə göstəriş verib. Ancaq zabit komandirin adını açıqlamadı. Bundan sonra hərbi hissənin zabitləri İbrahim Yunusov, İsmixan Əliyev və Sərxan Babayevla görüşmək istədik. Onlar da bizi qəbul etmədilər. Bizim kənddə oğlumun dostları var. Onlar Pərvizlə telefonda danışırdılar. Bizə şikayət etməsə də dostlarına deyirmiş ki, komandirlər burada əsgərləri döyür. Hətta belə şayiələr gəzir ki, əsgərlərin daxili orqanları satılır. Orada əsgərlər vətənə xidmət etməyib, generalların villalarının tikintisində fəhləlik ediblər”.
Övladını müəmmalı şəkildə itirmiş ana aidiyyəti qurumlardan, prezidentdən və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istədi: “Balamın qanının yerdə qalmaması üçün xahiş edirəm ki, iş ədalətli araşdırılsın”.






