İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyəti çətin Strasburq imtahanı gözləyir - Özəl xəbər

5356 19.06.2014 09:00 Ölkə A A


2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbulundan sonra bu qurum və onun Parlament Assambleyası ilə Bakı arasında ən ciddi problem siyasi məhbuslarla bağlı olub. Zaman-zaman seçkilərdəki qanun pozuntuları, söz azadlığının boğulması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, demokratik təsisatların sıxışdırılması ilə bağlı  hakimiyyətlə AŞ arasında gərginliklər yaşansa da,  iqtidardan ən ciddi narazılıq siyasətçilərin, jurnalistlərin və digərlərinin müxalif baxışlarına görə həbsə atılmasına görə olub. 

Azərbaycan AŞ-yə qəbul olunarkən bu qurum hakimiyyətin qarşısına 716 nəfərin adı olan siyasi məhbuslar siyahısı qoyaraq onların azadlığa buraxılmasını tələb etmişdi. Zaman-zaman verilən əfv fərmanları ilə həmin siyahıda adları olan şəxslərin böyük əksəriyyəti azadlığa çıxsa da, məhz həmin siyahıdakılardan hələ də həbsdə qalanlar var. Son illərdə isə siyasi məhbuslar siyahısına xeyli adlar əlavə olunub. Bu siyahıda Əli İnsanovdan tutmuş jurnalistlərə, partiya funksionerlərinə,  hərəkat rəhbərlərinə, gənc fəallara qədər, bir sıra şəxslərin adları var.


May ayında AŞ Nazirlər Komitəsinə sədrliyi qəbul edən Azərbaycan hakimiyyətini AŞPA-nın gələn həftə keçiriləcək sessiyasında  Strasburqda gərgin müzakirələr və çətin suallar gözləyir. Bu sessiya çərçivəsində həm AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, həm də prezident İlham Əliyevin çıxışları nəzərdə tutulur. Bu çıxışlardan sonra onlar həm də mətbuat konfransı keçirəcəklər.  AŞPA-dakı çıxışlardan sonra onlara deputatlar, mətbuat konfransında isə jurnalistlər suallar ünvanlayacaq. Heç şübhəsiz ki, bu sualların əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyət, demokratik təsisatlara qarşı hücumlar, siyasi həbslər, repressiyalar və söz azadlığına basqılarla bağlı olacaq. Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, siyasi məhbuslar məsələsini AŞPA və digər qurumların gündəmindən çıxara bilmir. 
Qeyd edək ki, AŞPA-nın 2013-cü il  yanvarın 23-də keçirilən plenar iclasında qurumun İnsan Hüquqları və Hüquqi Məsələlər Komitəsinin məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı müzakirəyə çıxarılsa da, 121 əleyhinə, 80 lehinə olmaqla, qəbul edilmədi. 

Bu hadisədən sonra həm AŞPA-nın bir çox üzvləri, həm əksər beynəlxalq qurumlar, eləcə də Azərbaycan cəmiyyətinin müxalif kəsimi hakimiyyətin sözügedən hesabatın rədd edilməsinə şərti olaraq “kürü diplomatiyası” adlandırılan avroparlamentarilərin ələ alınması sayəsində nail olduğunu bəyan etdilər. 

Bununla belə, Azərbaycan rəhbərliyi bu fakta istinad edərək ölkədə siyasi məhbusların olmadığını israrla iddia etdi. Amma AŞPA-dakı bu qərardan sonra da Azərbaycanda siyasi motivlərlə verildiyi şübhə doğurmayan xeyli sayda məhkəmə qərarı çıxarılıb və bunun da sayəsində siyasi məhbusların sayı xeyli artıb. Müxtəlif hüquq müdafiəçilərinin siyahısında siyasi məhbusların sayı bir-birindən fərqlənsə də, bu siyahılardakı əksər adlar üst-üstə düşür. Həmin siyahılar Avropa Şurası da daxil, bir sıra qurumlara təqdim olunub və orada adları  olan şəxslərin azadlığa buraxılması tələb edilir. 


Mayın 23-də AŞPA Daimi Komitəsinin Bakıda keçirilən toplantısında AŞPA prezidenti An Brassör də bununla bağlı sərt çıxış edərək, qurumun  insan haqları komissarının son hesabatından sonra Azərbaycanda  ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyətin daha da pisləşdiyini bildirib. “Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir. AŞ Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsi ilə bağlı da narahatlığını bildirib. Bloggerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar.  Üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur” deyən A.Brassör hakimiyyəti bu problemləri həll etməyə çağırıb.


Amma bütün bu çağırışlara baxmayaraq, prezident İlham Əliyevin mayın 26-da  verdiyi əfv fərmanı siyasi məhbuslara şamil olunmadı. Buna görə də bu məsələ gündəmdən çıxmadı və siyasi məhbusların azadlığa buraxılması tələbi qüvvədə qaldı; hazırda da hakimiyyətdən israrla onları azad etmək tələb olunur.

Bu vəziyyətdə Azərbaycan rəhbərliyini Strasburqda çox çətin imtahan gözlədiyini anlayan hakimiyyət AŞPA-dakı hücumları zəiflətmək və gərginliyi mümkün qədər azaltmaq üçün bir neçə versiya üzərində işləyir. Bunlardan biri iyunun 19-u, yaxud 20-si azadlığa buraxılması daha çox tələb olunan siyasi məhbuslar üçün əfv fərmanının verilməsi planıdır. “Yeni Müsavat”ın hələ bir müddət əvvəldən əldə etdiyi məlumata görə, hakimiyyətin belə bir addım atması mümkündür və böyük ehtimalla ölkə prezidenti Strasburqa siyasi məhbuslardan bir çoxunu azadlığa buraxaraq gedəcək.

Digər plana isə AŞ və onun Parlament Assambleyasındakı ayrı-ayrı qrupları ilə, müxtəlif Avropa ölkələrindəki lobbi təşkilatlarının vasitəsilə həmin dövlətlərin AŞPA-dakı parlament nümayəndə heyətləri və xarici işlər nazirlikləri arasında  iş aparılması daxildir. Bu iki variant - siyasi məhbuslar üçün xüsusi əfv fərmanının verilməsi və avroparlamentarilərin köhnə qaydada ələ alınması AŞPA-da sərt ittihamlardan, çətin suallardan yayınmaq üçün əsas çıxış yolu sayılır. Hakimiyyət mümkün qədər AŞPA deputatlarını və AŞ Nazirlər Komitəsində təmsil olunan XİN başçılarını, yaxud onları əvəz edən diplomatları loyallaşdırmağa çalışır. Əks təqdirdə, Azərbaycan Strasburqda AŞ-yə üzv olduğu müddətdə ən böyük zərbələrdən birini ala bilər. 

Strasburqdakı mənbələrdən aldığımız məlumata görə, bununla bağlı artıq AŞ-də və bir sıra Avropa ölkələrində ciddi iş aparılır. Eyni zamanda AŞ məmurları özəl söhbətlərdə Azərbaycan tərəfinin onlara siyasi məhbusların bugünlərdə azadlığa buraxılacağını bildirdiyini deyirlər. AŞ-də hesab edirlər ki, Azərbaycan hakimiyyətinin bu addımı vəziyyəti xeyli yumşalda və gələcəkdə  bu kimi digər addımların atılması üçün konstruktiv müzakirələrə başlanılmasının əsasını qoya bilər.


Strasburqdakı mənbələrimiz hesab edirlər ki, Azərbaycan hakimiyyətinin müəyyən addımlarla AŞPA deputatlarını loyallaşdırması mümkün olsa da, keçiriləcək mətbuat konfranslarında avropalı jurnalistlərin sərt suallarından qaçması mümkün görünmür.
Hakimiyyətin Strasburqda üzləşəcəyi başqa bir problem isə Avropada yaşayan azərbaycanlı mühacirlərin iyunun 24-də ölkə rəhbərliyinin AŞPA-dakı çıxışı zamanı qurumun binası qarşısında aksiya keçirməyə hazırlaşmasıdır. Hakimiyyət müxtəlif yollarla bu aksiyanın qarşısını almağa çalışır. Amma Avropadakı soydaşlarımızdan aldığımız məlumata görə, iyunun 24-də keçiriləcək aksiyada iştirak etmək üçün Fransanın və başqa ölkələrin  müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar Strasburqa gələcək. Onlar aksiya keçirərək siyasi məhbuslara azadlıq tələb edəcəklər, “Vətəndaşlıq haqqında” Qanuna edilən dəyişikliyə etirazlarını bildirəcəklər. Aksiyanın qətnaməsinin AŞPA rəhbərliyinə və deputatlara təqdim olunması nəzərdə tutulur.

Göründüyü kimi, bu vəziyyətdə Azərbaycan rəhbərliyini gərgin bir Strasburq səfəri və imtahanı gözləyir.

Amma qeyd etdiyimiz kimi, hakimiyyət vəziyyəti xeyli dəyişə bilər. Hələ zaman var.

Teymur HƏSƏNLİ 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR