İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət dəbdəbəli ehsanlara müdaxilə etdi

12745 21.08.2014 08:26 Ölkə A A
Yerli icra orqanları mərkəzi hökumətin tapşırığı ilə yas məclislərində ehsan süfrələrində yemək verilməsinə qadağa qoyur; yas yerlərində yalnız çay veriləcək

Azərbaycanda uzun illərdir az qala ictimai bəlaya çevrilmiş israfçı yas mərasimlərinə son qoyulur. Özü də birbaşa dövlətin müdaxiləsi ilə. Redaksiyamıza çatan məlumata görə, artıq hökumət yas mərasimlərində həddən artıq israfçılığa səbəb olan ehsan süfrələri “adətini” ləğv etməyə qərar verib. 

Bu günlərdə Bakı şəhərinin rayonlarında yerli ruhanilər, dini icma rəhbərləri rayon icra hakimiyyətlərinə dəvət olunub. Rayon rəhbərliyi səviyyəsində ruhanilərə bildirilib ki, artıq bundan sonra yas mərasimlərində ehsan süfrəsində xörək, meyvə və bu kimi digər qidaların verilməsi qadağan olunur. Yas mərasimlərində ehsan süfrələrinə yalnız çay verilə bilər. 

Din xadimlərinə o da bildirib ki, uzun illər hökumət bu sahədə tənzimlənmənin olmasına çalışıb, ancaq təbliğat və ya çağırışla bu, mümkün olmayıb. Buna görə də artıq qərar məcburi olacaq və yas mərasimlərində yemək vermək qadağan ediləcək. O da bildirilib ki, bu məsələ birbaşa ölkə başçısının diqqətindədir, yas məclislərində israfçılığın aradan qaldırılması üçün din xadimlərinin dəstək verməsi, insanlara çağırış etməsi tövsiyə olunub. 

Qeyd edək ki, Azərbaycanda bir neçə dəfə yas mərasimlərindəki israfçılığın qarşısını almaq cəhdləri olsa da, bu nəticəsiz qalıb. Yalnız Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində muxtar respublikada yas mərasimlərində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb. İndi isə analoji qayda bütün ölkə boyu tətbiq ediləcək. Uzun illər Azərbaycanda mütərəqqi din xadimləri, mətbuat bu sahədə çağırışlar etsə də, xalq arasında formalaşmış ehsan süfrələri ənənəsini aradan qaldırmaq mümkün olmayıb. Bu qaydanı aradan qaldırmaq üçün yeganə yol məcburiyyət, yəni bu adətin məcburi qaydada xüsusi qadağa ola bilərdi. Bu mənada hökumətin bu addımı mütərəqqi din xadimləri, ziyalılar və ölkə əhalisinin böyük hissəsində rəğbətlə qarşılanacağı şəksizdir.

Onu bildirək ki, bizə çatan bilgilərə görə, bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb. 

Kənan 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR