İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclər bilirlər ki, çoxluqda hər zaman bir naqislik mümkündür”

1924 06.06.2014 08:40 Ölkə A A



- Elton bəy, bildiyimizə görə, iyunun 3-də həbsdəki NİDA üzvləri ilə görüşmüsüz. Məlum müraciətdən sonra baş tutan bu görüşdə gənclərlə nələrdən danışdız? 

- Bu, qeyri-adi bir görüş deyil və birinci dəfə deyil ki, baş tutur. Mən heç olmasa, həftədə bir dəfə gedib onlarla görüşürəm. Əsasən məhkəmə işi barədə söhbət edirik. Əvvəllər onlardan dördünün vəkili olduğum üçün dördü ilə görüşürdüm. İndi Apelyasiya Məhkəməsi öncəsi Üzeyir Məmmədlinin ailəsi ilə də müqavilə bağladım. Artıq görüşlərdə Üzeyir də iştirak edəcək. 

- Görüş zamanı Bəxtiyar Quliyevin yazdığı əfv müraciəti, atasının mətbuata dedikləri müzakirə mövzusu oldumu? 

- Xüsusi bir müzakirə mövzusu olmadı. Amma təbii ki, işlə bağlı olduğu üçün bu barədə də danışdıq. Mən bu ərizəyə o qədər də əhəmiyyət vermirəm, çünki bu, insanın subyektiv fikri, qərarıdır. Amma o ərizədə bəzi ifadələr var ki, müdafiə tərəfi olaraq bizim müəyyən maraqlarımıza toxunur. Bununla belə, onu da çox ciddi hesab eləmirəm. Elə həbsdəki gənclər də belə hesab etmirlər. Deyim ki, ərizə uşaqlarda dərin sarsıntı yaratsın, nəsə əhval-ruhiyyəyə təsir göstərsin, elə şey yoxdur. Reallıqdır, onsuz da Bəxtiyar Quliyev prosesin əvvəlində də Rəşad Həsənovun əleyhinə ifadə vermişdi. Ona görə də onun yazdığı müraciətdə hansısa ifadənin ciddi şəkildə prosesə təsir göstərəcəyini, bizim mövqeyimizi sarsıtdığını da demək olmaz. Təzyiq altında yazılıb, ya müstəqil mövqeyidir - bundan da qəti əmin deyillər. Amma buna da əhəmiyyət vermirlər. Yazıb yazıb da... Bunda nə var ki? Həyatdır da, həyatda hər şey olur. Özlərinin də fikri budur ki, NİDA böyük formatda təşkilatlanmağa iddialı bir qurumdur. Özləri bilirlər ki, çoxluqda hər zaman bir naqislik mümkündür. Götürək elə çoxlu sayda üzvü olan partiyaları. Onların arasında istefa verənlər, çıxanlar yoxdurmu? Bəlkə gənc olduqlarına görə bu, təsir etməli idi, ciddi məyusluq keçirməli idilər. Amma belə deyil. 5-6 saata qədər bir yerdə olduq. Bu müddət ərzində bu adamlardan məyusluq görmədim. Çay içdik, söhbət etdik. Daha çox apelyasiya şikayəti ilə bağlı müzakirələr oldu. Bəxtiyarla əlaqədar qısaca fikirlərini bildirdilər. 

- Bizim bildiyimizə görə, eyni müraciətin yazılması üçün həbsdəki digər NİDA-çılara da müraciət olunub. Görüşdə sizə bu barədə nəsə dedilərmi? 

- Mənə də bu barədə bildirdilər. Mənim görüşdüyüm gənclər o təklifi qəbul etməyiblər. Mən görüşdüyüm vaxta qədər məlumat belə idi. Düşünürəm ki, bu mövqeləri ciddidir.
- Elton bəy, gənclər barədə məhkəmə hökmü qüvvəyə minməyib - Apelyasiya Məhkəməsi yekunlaşmayıb. Bu halda onların əfvə düşməsi nə dərəcədə real və indidən əfvlə bağlı müraciətlərin yığılması nə dərəcədə məntiqlidir? 

Bilmədiyimiz halda bu ərizəni hansısa bir təzyiqin nəticəsi olaraq qiymətləndirmək düzgün deyil”


- Birincisi, o səhv fikirdir ki, barəsində apelyasiya hökmü olmayan şəxslərin əfv fərmanına düşməsi real deyil. Təcrübədə belə şeylər olubdur. Rəhmətlik Elmar Hüseynovun əfvi hələ apelyasiya məhkəməsi başlamamış verilmişdi. Belə şeylər olur. Amma bu ərizənin alınması paralel məqsədlər də güdə bilər. Əfv ərizəsi bir qayda olaraq bağışlanmaq niyyəti ilə yazılmış olur. Ümumiyyətlə, guya ərizə verilməlidir kimi bir qayda var. Bəzi hallarda əfvlər ərizəsiz də olubdur. Məsələn, Rəhim Qazıyev, İsgəndər Həmidov, Canmirzə Mirzəyev özü ərizə yazmayıb. O halda isə ya ailə üzvləri, ya ictimaiyyət nümayəndələri əfvlə bağlı müraciət edib. Amma belə bir məzmunda ərizə - “mən cinayət törətmişəm” deyilməsini nəzərdə tuturam həm də - başqa fikirlər irəli sürməyə əsas verir. O fikirlərdən biri də odur ki, bu, daha çox əslində sübutunu tapmayan ittihamlara müəyyən mənada əsas vermək, onun düzgünlüyünü bu ərizə formasında kiməsə çatdırmaq niyyətidir. Dəqiq və qəti olaraq fikir söyləmək çətindir. Amma belə niyyətlər də mümkündür. 

- Hansı halda Bəxtiyar Quliyevin ərizəsindəki “etiraflar” həbsdəki NİDA-çılara qarşı sübut kimi qiymətləndirilə, onların əleyhinə çevrilə bilər?

- Ola bilər ki, apelyasiya instansiyası məhkəməsində bu ərizə ilə əlaqədar sorğular, suallar, mülahizələr yürüdülsün. Ərizənin müəllifi də məhkəmədə iştirak eləməlidir. Çünki apelyasiya veriləndə yalnız şikayətin hüdudlarında bu işə baxılmır. İşdə iştirak edən bütün şəxslərə o apelyasiya şikayətinin bir nüsxəsi verilir. Mənə 5 apelyasiya şikayəti daxil olub. Ən azı 6 apelyasiya şikayəti var artıq. Bu şikayətlərin, bu ərizənin müəllifinin də müdafiəçisi tərəfindən verildiyinə də şübhə etmirəm. O şikayətdən imtina etmək hüququ da var. Onu da qanun təsdiq edir. Amma məhkəmədə bütün təqsirləndirilən şəxslər iştirak etməlidir. Bu ərizə müzakirə predmetinə çevrilsə, o ərizədə yazılanlar məhkəmədə ifadə şəklində məhkəmədə rəsmi olaraq bildirilsə, bunun ətrafında dindirmələr, sual-cavablar olacaq. Bir ifadə sübut kimi qəbul edilsə belə, o işin taleyini həll edə bilməz. Hər bir sübut işin digər faktiki hallarının məzmun şəklində tədqiqinin nəticəsində ya qəbul edilir, ya da təkzib edilir. Hesab edək ki, onun kimi bir ərizə daha olsa da, işin faktiki halları var. Prosesdə şəxsən iştirak etmisiz, ilkin mərhələdə və istintaqın sonrakı mərhələsində də boşluqlar var, onları məhkəmə prosesində doldurmaq mümkün deyil. Hər cür ifadə verilə bilər hansısa səbəbdən. Təsirlər də ola bilər. Təqsirləndirilən şəxs verdiyi ifadənin məzmununa, onun doğruluğuna və yaxud yanlışlığına görə məsuliyyət daşımır. Susa da, ifadə verməkdən imtina da edə bilər. Məhkəmə işinə qlobal şəkildə baxsaq, mən bu ifadənin məhkəmə üçün ciddi dəyişiklik və ya dəyişikliyə səbəb olan ciddi əsas görmürəm. 

“Onsuz da Bəxtiyar Quliyev prosesin əvvəlində də Rəşad Həsənovun əleyhinə ifadə vermişdi”


- Bəxtiyar Quliyevin ərizə yazmaqla paralel vəkilindən də imtina etdiyini nəzərə alanda bu xüsusat prosesin növbəti mərhələsi üçün nə vəd edir? Bu, onun məhkəmənin bundan sonrakı hissəsində müdafiəsiz qalacağı, bundan sonra fərqli mövqe nümayiş etdirib, digər gənclərə problem yaradacağı anlamına gəlir? 

- Müdafiə hüququ məhz təqsirləndirilən şəxsin hüququdur. Bu hüquq təmin olunmalıdır.  Biz onun qarşısını ala bilmərik. Bu hüququn təmin olunmaması, onun qarşısında hər hansı maneələr qoyulması məhkəmənin ədalətsiz olmasını sübut etmək üçün kifayət qədər əsasdır. Amma onun müdafiəçidən imtina etməsini əfvlə əlaqələndirmək doğru deyil. Əfv dövlət başçısının müstəsna səlahiyyətidir. Bu səlahiyyətlərin həyata keçirilməsi  zamanı yalnız qanunda göstərilən müəyyən şərtlərə əməl olunmalıdır. Bu şərtlər arasında vəkilin mövcud olması və ya ondan imtina edilməsi nəzərdə tutulmayıb. Amma vəkildən imtina edir də. İstəsə başqa vəkil dəvət edir. Özü dəvət etməsə, dövlət tərəfindən ona pulsuz vəkil verilə bilər. Amma qəti şəkildə “mən vəkil istəmirəm” söhbəti ola bilməz. Apelyasiya instansiyasında o, ya dövlət tərəfindən vəkillə təmin ediləcək, ya da özünə yeni vəkil tutacaq. Bəlkə də vəkilindən imtina etdiyini yazması ilə ərizəsinə ciddilik qatmaq məqsədi daşıyıb. Amma bu da heç nəyi dəyişmir. Məsələn, mən də müdafiəçiyəm. Fərz edək ki, sabah mənim müdafiə etdiyim şəxslər mövqelərini dəyişsələr, başqa mövqedən çıxış etsələr, mən də onların mövqelərindən, iradəsindən kənara çıxmayacam. Təbii ki, kimsə təqsirli olmadığı halda özünü təqsirli bilsə, mən bu barədə ona deyəcəm və bu günə qədər də belə olub. O ərizədə kifayət qədər ifrat sözlər işlənib -  başa düşmüşəm, özümü dərk etmişəm və sair. Mən gənclərlə görüşəndə o mətni bilmirdim. Sonradan oxumuşam. Ərizə də, müraciət də ayrı-ayrı sənədlərdir. O sənədlərin hansınınsa mətninin surətlərini gənclərə də veriblər ki, gedib oturun, fikirləşin. 

- Gənclərdən heç biri Bəxtiyarla danışıb, ondan bu addımının səbəbini soruşmayıb? 

- Yox, onlar görüşə bilməzlər. Onlar məhkəmədə görüşəcəklər. Əlbəttə, xoşagəlməz hesab edirlər. Amma bunun sarsıdıcı təsiri olmayıb. Çox normal qarşıladılar. 

- Sizin fikrinizcə, bu müraciət ona zorla yazdırılıb? Hər halda, siz Bəxtiyarla tanışsız və müraciətin mətni ilə tanışlıqdan sonra hansısa bir qənaətiniz yaranıb... 

- Mən onla yaxından tanış olmamışam, məhkəmədə görmüşəm. Yazı üslubuna, stilistikasına bələd deyiləm. Gənclərin arasında da yalnız Üzeyirin Bəxtiyarla yaxın əlaqəsi, ünsiyyəti olub. Digərlərinin də həbsdən əvvəl o qədər əlaqələri olmayıb. Ancaq tədbirlərdə-filan bir-birilərini görə bilərdilər. Üzeyir isə NİDA-ya qəbulla məşğul olduğu üçün hərəkata üzv olan yeni şəxslərlə ünsiyyəti olurdu.  Hər bir insan fərddir. Elə bir amil var ki, insanı bu yola getməyə, yazmağa-pozmağa, cinayət törətmədiyi halda cinayəti boynuna almağa məcbur edə bilər. Ona görə də bilmədiyimiz halda bu ərizəni hansısa bir təzyiqin nəticəsi olaraq qiymətləndirmək düzgün deyil. 

- Gənclərin apelyasiya məhkəməsi nə zaman olacaq? 

- Apelyasiya Məhkəməsində işə baxılması yalnız cinayət işinin ora getməsindən sonra mümkündür. Apelyasiya şikayətləri 20 gün müddətində veriləndən sonra tərəflərə göndərilir. Bunlar texniki prosedurlardır, o prosedurlar başa çatmadan iş apelyasiya instansiyasına göndərilmir. Güman edirəm ki, gələn həftə müraciətlərə baxılar və bundan sonra apelyasiya məhkəməsinin ilkin baxışı təyin edilər. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR