İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏZİZBƏYOV MƏHKƏMƏSİNDƏ ŞƏRİƏT QƏRARI

Redaksiyamıza müraciət edən Həkim Qəninin oğlu Zakir Hüseynovun ilk sualı “bura hansı ölkədir?” oldu. Təəccüblə “Azərbaycan” deyincə Z.Hüseynov üzərində “Əzizbəyov Rayon Məhkəməsinin qətnaməsi” sözləri yazılan sənədi bizə uzadıb bəlkə “İrandır?” dedi. Qətnamə ilə tanış olanda bir anlıq qətnamənin Azərbaycanda çıxarılmasına biz də şübhə etdik. Lakin qətnamənin hər səhifəsində Əzizbəyov rayon Məhkəməsinin möhürü, hakim Rəşad Həsənovun imzası, hadisələrin təsviri ilə şikayətçinin dedikləri uyğun gəlirdi. Z.Hüseynov deyir ki, Azərbaycan məhkəməsi nikah haqqında şəhadətnaməni bir kənara qoyub İranda olduğu kimi  mollanın verdiyi kəbin kağızına əsaslanıb qətnamə çıxarıb.
“Atam Qəni Hüseynqulu oğlu Hüseynov 1920-ci ildə Bakıda anadan olub. 1941-ci ildə Tibb İnstitutuna daxil olsa da, müharibə başladığından təhsilini yarımçıq qoyaraq müharibəyə yollanıb. Qayıtdıqdan sonra təhsilini başa vuraraq hərbi həkim işləyib. 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Biz ailədə 4 uşaq olmuşuq.
1983-cü ildə anamız rəhmətə gedib. Bundan sonra atamız başqa bir qadınla ailə həyatı qurub. Buna baxmayaraq, ara-sıra onunla əlaqə saxlayırdıq. 2003-cü ildə isə həyat yoldaşı ondan ayrılıb çıxıb getdi. Tənha qalmasın deyə onu yaşadığım B.Səfəroğlu küçəsindəki evə gətirdim və qeydiyyata saldırdım".
Həkim Qəni 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək ona bağ sahəsi ayrılmasını xahiş edib. Q.Hüseynovun xidmətləri nəzərə alınaraq həmin il mayın 31-də ona Şüvəlan qəsəbəsində bağ sahəsi verilib. Oğlu Zakir Hüseynov bağ sahəsini hasarlayaraq ərazidə ikiotaqlı ev tikib. 
Z.Hüseynov deyir ki, atası dünyasını dəyişəndən sonra Solmaz Şirinova adlı qadın bağ evinə sahib çıxıb: “Qadın deyirdi ki, ölümündən əvvəl atam onunla rəsmi olaraq nikaha daxil olub. Məsələnin bu cür olduğundan Əzizbəyov Rayon Məhkəməsinə müraciət edərək Solmaz Şirinovanın bağ evindən çıxarılması və bağın sənədlərinin qaytarılması iddiası ilə çıxış etdim. Məhkəmənin hakimi Rəşad Həsənov iddiaya baxaraq bizi dinlədi”.    
Məhkəmə araşdırması davam etdirilərkən S.Şirinova 2005-ci il oktyabrın 26-da Həkim Qəninin ərizəsi əsasında bağ istifadə müqaviləsində qeydiyyata götürülməsini təsdiqləyən sənədi məhkəməyə təqdim edib. Lakin həmin icarə müqaviləsinə S.Şirinovanın adının qeyri-qanuni əlavə edildiyi üzə çıxdığından məhkəmə həmin sənədi etibarsız sayıb. Məhkəmədə həmçinin bağ sahəsinin Həkim Qəni ilə S.Şirinovanın rəsmi nikaha daxil olmasından əvvəl alınması məlum olub: “Bundan sonra Solmaz Şirinova naməlum molladan aldığı kəbin kağızını məhkəməyə təqdim etdi. Həmin kəbin kağızında isə Həkim Qəni ilə Solmaz Şirinovanın 2004-cü il  fevralın 18-də kəbinlərinin kəsildiyi qeyd edilmişdi. Məhkəmə həmin kəbin kağızını, ümumiyyətlə, qəbul etməməli idi. Çünki mövcud qanunvericiliyə görə din dövlətdən ayrıdır. Belə olduqda isə hakimin nikah haqqında şəhadətnaməni bir kənara qoyub kəbin kağızına əsaslanmaqla qətnamə çıxarması absurd idi”.
Hakim həkim Qəni ilə S.Şirinovanın nikahlarının tarixini mollanın verdiyi tarixdən - 18 fevraldan  hesab edib. Və buna istinad edərək S.Şirinovanın bağdan istifadə hüququnu saxlayıb: “Hakim bağ sahəsinin atamla S.Şirinovanın rəsmi nikaha daxil olmasından əvvəl alınmasını nəzərə almadı. Kimliyi bilinməyən bir mollanın verdiyi kəbin kağızı ilə qanunsuz qətnamə çıxardı. Əzizbəyov Rayon Məhkəməsi şəriət qanunları ilə qərar çıxarır. Amma məhkəmə heç şəriət qanunlarına da sona kimi riayət etmədi. Ən azı dini qanunlara əməl edib  qərarı verərkən naməlum mollanı tapıb ondan soruşmalıydı ki, mərhum atamla Solmaz Şirinovanın kəbinini bağlayarkən atamın talaq kağızına baxıb, ya yox?”
Z.Hüseynov bu qətnamə ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayəti verib.
Şərh yoxdur