İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkir iflic və xaos içində...

Rayon İcra Hakimiyyəti abadlıq-quruculuq işlərinə bir gündə start verməklə Şəmkirin altını üstünə çevirib. Kənardan böyük tikinti meydanına oxşayan şəhərdə yolların iflic vəziyyətinə salınması əhalinin narazılığına səbəb olub. Sistemsiz, nizamsız, yöndəmsiz aparılan iş şəhər həyatını dəyişib.
Şəmkirlilər 5 küçənin birdən-birə qazılmasını məntiqsizlik hesab edir. Onların sözlərinə görə, bu işlər tədricən aparılmalıydı. Sakinlər danışırlar ki, abadlıq işləri rayonun görkəmini xeyli dərəcədə dəyişəcək. Bunu heç kim pisləmir. Sadəcə, yolların qazılması, nəqliyyatın hərəkəti üçün heç bir küçənin olmaması tıxaclar və toz-torpaq yaradır.

Elə biz də bələdçimizlə görüşmək üçün mənzil başına çatanadək Şəmkirin yollarında ilişib qaldıq. Avtomobilin hərəkəti üçün cığır belə saxlamayıblar. Mərkəzi küçələrə ağır texnika yeridilib, buldozerlər işə salınıb, toz-torpaq əlindən nəfəs almaq olmur.
Zamin Seyidov adlı sakin bildirir ki, bu gedişlə ilin sonunadək yolların düzələcəyi ağlabatan deyil.
Həmsöhbətimiz əhalinin bu vəziyyətdən təngə gəldiyini, amma başqa çarə qalmadığını söyləyir: “Biz abadlığa qarşı deyilik. Sağ olsunlar, yollar düzəldilir. Ancaq bütün şəhəri dağıdıb töküblər. Şəmkir həmişə sabit və nizamlı şəhər olub. Bir gecənin içində yolları qazıb şəhəri bu günə saldılar. Adam Şəmkiri tanımır. Bunu tədricən etmək olardı”.

Rayonun mərkəzində bütün evlərin darvazaları dəyişdirilib eyni üslubda tikilir. İnsafən, bu Şəmkirin görünüşünə xeyli dərəcədə gözəllik gətirir. Qədim, tarixi üslubda tikilən darvazalar alman memarlıq janrına oxşayır. Məlumdur ki, vaxtilə burada almanlar yaşayıb. Elə buna nümunə olaraq mərkəzdə yerləşən alman kilsəsi təmir edilir, restavrasiya işləri aparılır.
Şəmkirlilərin narazılığı “Şəmkir” futbol klubunun oyunları zamanı yer tapılmayan stadionun indiki vəziyyətidir. Klub köçüb, yurdu qalıb. Vaxtilə 3 dəfə ölkə çempionu olan, Avropada ölkəmizi təmsil edən və ilk dəfə Çempionlar Liqasında mərhələ keçməyi bacaran klubdan əsər-əlamət qalmayıb. Stadion isə bərbad haldadır. Qapıları bağlanıb, istifadəsiz və baxımsız qalıb. Şəmkirlilər iş adamlarından və AFFA-dan klubun yenidən dirçəldilməsinə, stadionun yenidən qurulmasına köməklik göstərmələrini xahiş edirlər.

Stadionun qarşısında olarkən məsələyə aydınlıq gətirmək üçün səlahiyyətli bir nümayəndə tapa bilmədik. Sakinlərin sözlərinə görə, ölkədə müxtəlif klublara milyonlara vəsait ayrılır, dəstək verilir, futbolumuza böyük töhfə vermiş Şəmkir komandası isə diqqətdən kənarda qalıb. Məcburi köçkünlərin yaşadığı binanın qəzalı vəziyyətdə olması da problemlərdən biridir. Burada məskunlaşan qaçqınlar uzun illərdir bu şəraitdə yaşadıqlarını və yeni binaya köçmək arzusunda olduqlarını söylədilər.
Şəmkir digər rayonlarla müqayisədə varlı hesab edilir.

Rayon sakinlərinin böyük əksəriyyəti Rusiyada tikinti, ticarət və s. işlərlə məşğuldurlar. Onlar rayonun abadlaşdırılmasına da dəstəyini əsirgəmirlər. Rusiya olmasa, şəmkirlilərin maddi vəziyyəti ağır olar. Çünki Şəmkirdəki zavod-fabriklər fəaliyyətsizdir. Rayonda danışırlar ki, hökumətlə Moskva arasında yaranmış soyuqluq onların da işinə təsir edib. Rusiyaya məhsul daşımaq çətinləşib. Əhali daha çox istixanaların becərilməsi ilə məşğuldurlar. İstixanaları olan təsərrüfat adamları tez-tez haqsızlıqla üzləşirlər. Kimin ki “parnik”i var, onun qazı yoxdur. İstixanalara qaz verilməsi üçün bir sənədi əldə etmək 8-10 min manata başa gəlir.

12 sotluq ərazisində tərəvəz yetişdirən təsərrüfatçı Nemət Əzizov deyir ki, tələb olunan istiliyi almaq üçün yanacaqları yoxdur: “Bu da birbaşa məhsuldarlığa təsir edir. Burda payız aylarında xiyar əkirik, indi pomidor əkmişik. Qaz olmadığından, çətinlik çəkirik. İstilik mazutladır. Mazutla da yaxşı istilik ala bilmirik deyə, yaxşı məhsuldarlıq da olmur. Amma qazımız olsa, yaxşı istilik əldə edərik. Qaz çəkmək üçün icazəyə 10 min manat istəyirlər. Burada ən varlı adamların təsərrüfatında qaz var. Ona görə də onlar məhsullarını çıxarıb yaxşı qiymətə satırlar. Bazarın qiymətini öz əllərində saxlayırlar. İstədikləri qiymətə satırlar”.
Məlum olduğu kimi, Şəmkir vergilər nazirinin kurasiyasına daxildir. Nazir rayona xüsusi diqqət ayırır. Ancaq Şəmkirdə büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq prinsiplərinə əməl olunmayıb. Hətta bu məsələ yoxlamalar zamanı üzə çıxıb...

***

Şəmkiri bir cümlə ilə təsvir etsək belə deyərdik - buranın vəziyyətini qonşu bölgələrdən fərqləndirən cəhət sadəcə əhalinin Rusiyadan qazanc əldə edə bilməsidir...

Şərh yoxdur