İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xidmət 25 ilə çatanda hərbçilərin pensiyası...” -Komitə sədrindən ÖNƏMLİ AÇIQLAMALAR

4996 07.12.2023 11:50 Müsahibə A A

Parlamentin komitə sədri hərbçiləri narahat edən məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı; “Əslində bu qanun tam gücü ilə 8 ildən sonra işləyəcək”

Milli Məclisin ötən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə"nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. 

Geniş müzakirələr fikir ayrılıqları, bir sıra hallarda deputatlar arasında ciddi diskussiyalarla müşayiət olundu. Cəmiyyətdə də sözügedən qanun layihəsi, xüsusilə də hərbçilərin xidmət yaşının artırılması ilə bağlı dəyişikliyə münasibət birmənalı deyil, bəzən məsələlərdən kifayət qədər məlumatlı olmayanlar müzakirələri fərqli istiqamətlərə aparırlar. Mövzu ilə əlaqədar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Yeni Müsavat”ın suallarını cavablandırdı.  

e8619cfe-1ab6-4b0d-96e3-491af895e26d.jpeg (66 KB)

- Ziyafət bəy, bəlkə də razılaşarsınız, Ermənistanla savaşın bitdiyini də söyləmək olar, eyni zamanda tam bitmədiyini deyənlər də haqlıdır. Bu mənada hərbi qanunvericiliyə edilən dəyişikliyin birmənalı qarşılanmaması bəlkə də təbiidir. Hərbçilərin təqaüd yaşı ilə bağlı yeni qanun layihəsi hansı zərurətdən irəli gəldi?

- Yox, savaş əslində bitib. Amma hələ ideoloji savaş gedir. Eyni zamanda siz düz deyirsiniz. Faktiki olaraq cəbhədə döyüş əməliyyatları artıq bitsə də, Azərbaycanda erməni separatizminin və işğalçılığının kökü kəsilsə də, Ermənistan diplomatiya və ideologiya sahəsində bizə qarşı ikinci cəbhə açıb. Yəni əsasən Avropa ölkələrində, ABŞ-da bunlar bizim qələbəmizi həzm edə bilməyən həm ABŞ-ın, həm Fransanın qızışdırması ilə diplomatik və ideoloji sahədə müharibə açıblar. Eybi yox, açsınlar, biz də cavablarını veririk və verəcəyik. Konkret olaraq sizin soruşduğunuz məsələyə gəldikdə, iş burasındadır ki, bəli, biz qalib dövlətik, bizim hərbi qulluqçumuz qalib hərbi qulluqçudur, amma arxayınlaşa bilmərik. Əksinə, biz ordumuzu bundan sonra daha da möhkəmləndirməliyik, daha da gücləndirməliyik, daha da təcrübəli hərbi qulluqçuların köməyi ilə komplektləşdirməliyik. Bax, misal üçün, təsəvvür edin ki, 21-22 yaşında hərbi məktəbi bitirmiş gənc Azərbaycan vətəndaşı xidmətə girir və 41-42 yaşında artıq bu adamın 20 ili tamam olur və çıxıb gedir. 40-21 yaş adamın ən gözəl vaxtlarıdır. Özü də bu 20 il ərzində bu, elə peşəkarlaşır ki, onun təcrübəsindən arxasınca gələn, estafeti qəbul edən gənclərə ötürmək üçün dövlət imkan yaradır. Dövlət şərait yaradır ki, o, 5 il də xidmət eləsin və bütün təcrübəsini arxasınca gələn, estafeti davam etdirən hərbi qulluqçulara verə bilsin. Şükür Allaha, silahlar, hərbi texnologiya hamısı yenilənib, bunları mənimsəmək, qavramaq üçün təcrübəli insanların biliyi bizə lazımdır. Digər bir məsələ var: bu zabitlərin illərlə yetişməsi üçün dövlət nə qədər resurs qoyur, nə qədər maliyyə vəsaiti artırır. Yəni məqsəd ondan ibarətdir ki, ordumuzun kadr potensialı da güclü olsun... Hesab olunur ki, bu müddət 20-25 arasıdır, amma 25 daha ideal variantdır. Həm də dediyim kimi, o təcrübəni gənc nəslə ötürə bilsin, əslində məqsəd budur. Yəni ordunun həm texniki, həm də kadr baxımından daha da gücləndirilməsi. Cavan yaşlarında kadrlar ordudan getməsin, onlar ölkəyə, Silahlı Qüvvələrimizə daha çox xeyir versin. Amma eyni zamanda onların mənzil hüquqları, sosial təminat hüquqları, pensiya hüquqları 15 faiz artır. Hətta 25 ildən çox xidmət etsə, qoşun növlərindən asılı olaraq, onun pensiyasına 2-3 faiz əlavə olunur. Bu, haradasa 75 faizin üstünə çıxır. Bunu başqa cür yozmaq, yumşaq desəm, sadəlöhvlükdür. İndi anti-Azərbaycan qüvvələr bu kimi məsələlərdən istifadə edirlər, internet resurslarında mənasız, çirkin oyunlar oynamağa başlayıblar. Amma əslində məqsəd çox aydındır. Biz müharibədə qalib gəlmiş dövlətik, amma qalibiyyətimizlə arxayınlaşa bilmərik. Biz kadr potensialımızı da gücləndirməliyik, eyni zamanda ordumuzun maddi-texniki təchizatını da. 

 

9039e2b8-56a7-4ec5-89a9-50db678cd0bb.jpeg (127 KB)

“Biz müharibədə qalib gəlmiş dövlətik, amma qalibiyyətimizlə arxayınlaşa bilmərik”

- Qanun layihəsi hazırlanarkən ordunun şəxsi heyəti, ayrı-ayrı bölmə, ya korpuslarda rəyin öyrənilməsi baxımından hansısa addımlar atılıbmı, təbliğat-təşviqat işləri aparılıbmı?

- Bu qanun layihəsinin təşəbbüsü elə ordudan gəlib. Ordu deyəndə yalnız Müdafiə Nazirliyini nəzərdə tutmuruq, bütövlükdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini nəzərdə tuturuq. Bura Sərhəd Qoşunları da, DTX-nın hərbi birləşmələri də, Xarici Kəşfiyyat da, digər silahlı birləşmələr də daxildir. İlkin təşəbbüs onlardan gəlib. Amma qanun layihəsini qanunvericilik təşəbbüsü hüququna uyğun olaraq cənab prezident parlamentə göndərib. Möhtərəm cənab Prezident həmişə orduya, Silahlı Qüvvələrə önəm verir. Azərbaycanın əsgərindən tutmuş, hərbi qulluqçularından tutmuş generala qədər hamısı cənab  Prezidentin himayəsindədir və dövlət başçımızın bir nömrəli diqqət yetirdiyi Azərbaycanın Silahlı Qüvvələridir. Onun çıxışlarında bunu həmişə görmüşük. Yəni hərbçilərin sosial təminat məsələləri, maaş, pensiyaları, mənzillə təmin olunmalarına daim önəm verir. 2024-cü ilin dövlət büdcəsi müzakirə olunanda Silahlı Qüvvələrə və təhlükəsizlik qüvvələrimizə 6,4 milyard manat vəsait nəzərdə tutuldu. Bura həm yeni silahların alınması, müasir texnologiyaların cəlb olunması, eyni zamanda şəxsi heyətin mənzil-məişət problemlərinin həlli də daxildir.

- Bəli, dövlət başçısının 2024-cü illə bağlı ilk sərəncamı hərbçilərin maaşının artırılması barədə oldu...

- Tamamilə doğrudur. Gördüyünüz kimi, hər il bu məsələlər həllini tapır. Ordu quruculuğu, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi bir saylı məsələdir. Çünki biz bilməliyik, Ermənistanla əbədi qonşuyuq, nə onlar, nə biz köçüb gedəsiyik. Ermənistanın hiyləgər planlarını nəzərə alaraq həmişə güclənməliyik. Güclü olduğumuzdan daha da güclü olmalıyıq. Bizim zəif olmağa haqqımız yoxdur, məqsəd budur, vəssalam.  

- Təbii ki, hərbçilərimizin sosial durumu daha da yaxşı olmalıdır, çünki bizə zəfəri qazandıran onlardır, dövlət başçımızın da mövqeyi və verdiyi qərarlar buna əsaslanır. Eyni zamanda bəlkə bu mövzu ilə bağlı mariflənməyə, ictimai müzakirələrə daha geniş vaxt ayrılsaydı, bəlkə qanun layihəsi bu qədər ajiotaja səbəb olmazdı. Razılaşırsınızmı?

- Əslində bu, hamıya gün kimi aydın olan məsələdir. Hansı dövlət istəməz ki, ordusu daha da güclənsin və qulluqçusu daha da yaxşı yaşasın? Sadəcə, bunu gərginləşdirmək, qızışdırmaq istəyən qüvvələr var. Yadınıza gəlir, “Siyasi partiyalar haqqında” Qanunu qəbul edəndə 3-4 dinləmə keçirdik. Amma yenə də bununla bərabər qızışdırırdılar. Elə “Media haqqında” Qanunun özü. Azərbaycan Konstitusiyasına və beynəlxalq təcrübəyə əsaslanan qanun layihəsi idi. Nə qədər dinləmələr keçirdik. Təbii ki, faydası oldu. Amma yenə də baxırsan ki, istəməyən qüvvələr bundan sui-istifadə etməyə çalışırlar. Bəziləri hərbçilərin adından danışır. Komitə sədri olaraq bizim də yanımıza hərbçilər gəlir. İnanın, hərbidən bu və ya digər səbəblərə görə, xəstəlik səbəbindən, yaxud qüsura yol verdiyi üçün azad olunanlar var ki, xahiş edirlər hərbiyə qayıtmaq və xidmət etmək istəyirəm, islah olunmuşam, yaxud sağalmışam. Belə insanlar çoxdur. Amma bu məsələləri əksinə yozurlar.  

- Belə bir yanaşma da var ki, qələbəmizin ardınca peşəkar orduya keçilməsi daha optimal variantdır, o halda şəxsi heyətin sayının indiki qədər olmasına da zərurət olmayacaq. Bu mənada qanunvericiliyə dəyişiklik etməklə bağlı bir müddət gözləmək olmazdımı?

- Mən dediyim məsələlər ki var, tam səmimi deyirəm, Türkiyə ordusunda daha sərtdir. Hazırda biz demək olar ki, Türkiyə ordusunun modeli əsasında NATO standartlarına keçmişik. Əlbəttə, tam peşəkar orduya keçidlə bağlı işlər gedir, əslində mən onun tərəfdarıyam ki, peşəkar ordu olsun, yəni xarici ölkələrdəki kimi, müqaviləli. Amma bu, nə vaxt, necə olacaq, mənə bunu əvvəldən demək çətindir. Hələlik reallıq belə olmasını tələb edir.

8b176ba0-b7c7-4f2f-ad19-9e119d66370c.jpeg (80 KB)

- Ziyafət bəy, bəs seçim imkanı vermək olardımı? Deyək ki, 20 il xidmətdən sonra hərbi qulluqçulara təqaüdə çıxmaq şansının verilməsi, yanaşı olaraq daha üstün təkliflərlə 25 və daha artıq müddətdə xidməti davam etdirməklə bağlı?

- Qeyd etdiyim kimi, hərbi qulluqçuların maaşına hər il 2-3 faiz əlavə olunur. Eyni zamanda hazırda xidmət edənlər təqaüdə çıxanda maaşın 50 faizini alır, amma xidmət 25 ilə gəlib çatanda onların pensiyasına 15 faiz əlavə ediləcək, yəni 65 faiz alacaqlar. Əslində bu variant, onun adını seçim qoyursunuz, nə qoyursunuz-qoyun, ona gedir. Yeri gəlmişkən, hazırda 17 il xidmət edənlər, pensiya yaşına 3 il qalanlar artıq qanun qüvvəyə mindikdən sonra belə, indiki qanunvericiliklə, yəni 20 il stajı ilə pensiyaya çıxacaq. Əslində bu qanun tam gücü ilə 8 ildən sonra işləyəcək. Yəni mərhələ-mərhələ olacaq, heç hiss olunmayacaq. Bunlar hamısı ölçülüb-biçilib. Amma 2024-cü ilin 1 yanvarından proses başlayacaq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR