İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xaricdə azərbaycanlıların yeni nəsli formalaşıb" - Diaspor sədri

1612 28.11.2023 20:12 Müsahibə A A

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev Bakupost.az -a müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edir:

- Emil bəy, may ayında Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu yaradıldı. Bu Fondun yaranması hansı zərurətdən irəli gəldi?

- Bəli, bu ilin may ayında Stokholmda Fondun təsis iclası keçirildi. Sentyabrda isə 18 ölkədən olan təmsilçilərin iştirakı ilə Almaniyanın Münhen şəhərində ikinci toplantımız oldu. Fondun təsis olunmasında məqsəd daha çox insanı diaspor işinə cəlb etməkdir. Bir müddət əvvəl Kanada, ABŞ və İngiltərədən bəzi təşkilatlar bizə üzv olmaq istəyirdilər. Onları üzvlüyə qəbil etdik. Getdikcə Fondun sıraları böyüyür. Hazırda bir neçə layihəmiz var, onların üzərində işləyirik. Mətbuat nümayəndərinə, tələbələrə dəstək olmağa çalışırq. Onların Avropada siyasətçilərlə görüşünü təşkil etmək istəyirik.

Eyni zamanda Fond yarandığı gündən müxtəlif aksiyalar, tədbilər həyata keçirir. Bu ayın 14-də Beynəlxalq Muğam Mərkəzində 44 günlük müharibədə Qələbəyə həsr olunan böyük bir tədbir keçirdik. Müharibədə iştirak etmiş qazi şairlər şeirlərini səsləndirdilər, konsert verdilər. Tədbir anşlaqla keçdi. Bir səhvimiz oldu ki, orada 450 nəfərlik yer olduğunu düşünürdük, sən demə, 350 yer varmış. Tədbirə gözlədiyimizdən artıq adam gəldi, ayaq üstə qalanlar oldu, xeyli adam binaya buraxılmadı. Mən sizin saytınız vasitəsilə onlardan üzr istəyirəm.
Bundan başqa, Bakıda 6 ölkədən - Böyük Britaniya, İtaliya, İsveç, Polşa, Ukrayna və s. ölkələrdən Fondun nümayəndələrinin iştirakı ilə toplantımız oldu. Eyni zamanda Fondun Baş katibi Hikmət müəllimlə birlikdə Bakıda İsveç səfiri, eləcə də millət vəkili, Xalq şairi Sabir Rütəmxanlı ilə görüşümüz baş tutdu.

- Bəs, Avropa ölkələrində Fondun fəaliyyətinə maraq necədir?

- Yaranmasından qısa vaxt ötməyinə baxmayaraq, böyük marağın olduğunu görürük. Avropa və ABŞ-da yaşayan azərbaycanlılardan bizə xeyli müraciətlər gəlir, Fonda üzv olmaq istəyirlər. Biz də bununla əlaqədar komissiya yaratmışıq. Müraciətləri, həmin insanların yaşadıqları ölkələrdə Azərbaycanın təbliği üçün hansı işlər görə biləcəklərini araşdırır, onları üzvlüyə qəbul edirik.

- Yaxın dövr üçün Fondun hədəfləri nədən ibarətdir? Hansı işləri görmək istəyirsiniz?

- Fondun nümayəndələrinin olduğu dövlətlərdə yerli siyasətçilər, deputatlar, hökumət üzvləri ilə əlaqələr qurmaq, onlarla görüşlər keçirmək istəyirik. Elə ölkələr var ki, onlarla Azərbaycan parlamentinin dostluq qrupları yoxdur. Məsələn, Azərbaycan-İsveç dostluq qrupunu götürək. Azərbaycan tərəfdən nümayəndə var, amma İsveç tərəfdən nümayəndə yoxdur. Hazırda bu məsələ üzərində işləyirik. İstəyirik ki, İsveçdən də təmsilçi olsun. Düzdür, bizim oradakı diplomatlar da bacarıqlı insanlardır. Amma dostluq qrupunun yaradılması üçün Milli Məclisdən məktub getməlidir. İtaliya ilə yaradılan dostluq qrupu da zəifdir.

İkinci əsas məsələ yerli siyasətçilər və icra orqanları ilə əlaqə yaratmaqdır.

Ümumiyyətlə, 44 günlük müharibədə qələbəmizdən sonra Azərbaycan diasporunun strategiyası dəyişib. Biz Azərbaycanın tolerant ölkə olduğunu təbliğ edir, gələcəyə hesablanan layihələr həyata keçiririk.

- Qələbədən sonra Avropa ölkələrində azərbaycanlılara münasibətdə hansısa dəyişikliklər varmı?

- Bəli, var. Sizə bir maraqlı epizod danışım. Müharibədə qələbə əldə olunduqdan sonra biz Stokholmun mərkəzində yığışdıq, bayraqlarla yürüş etdik. İsveçli ailə - bir xanım həyat yoldaşı ilə bizə yaxınlaşdı və soruşdu ki, bu nə aksiyadır? Niyə bayraqlarla çıxmısız? Mən də dedim ki, bu, Azərbaycan bayrağıdır. Dedi, bilirəm, Azərbaycan bayrağıdır, niyə toplaşmısız? Dedim, biz müharibədə Qələbə qazanmışıq, torpaqlarımızı azad etmişik. İsveçli xanım dedi ki, düz eləyirsiniz, amma biz səhv buraxdıq. İsveçlə Finlandiya arasında Aland adası var, biz o vaxt həmin adanı Finlandiyaya bağışlamaqla səhv etdik.

- Bütövlükdə İsveçdə və Avropa ölkələrində azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyası necə gedir? Bu istiqamətdə nələrə nail olmalıyıq, hansı problemlər var?

- Əsas məsələ diaspora bacarıqlı, düzgün insanların cəlb olunmasıdır. Orada yaşayan azərbaycanlılar arasında müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarında çalışan insanlar, millət vəkilləri var. Onlara "yaşıl işıq" yandırılmalı, diaspor işinə cəlb edilməlidir. Əgər biz diaspor işini bu insanlarla aparsaq, onda isveçlilər də bizə hörmətlə yanaşar. Biz diasporumuzun bu səviyyəyə qaldırılmasına çalışırıq. Amma hələ ki boşluqlar çoxdur. Düzdür, indi Fuad Muradov çalışır, Avropada böyük işlər görür, başa düşürəm, problemlər, çətinliklər var.

- Bəs son on ildə diasporun fəaliyyətində irəliləyişlər, müsbət dəyişikliklər varmı?

- Əsas məsələ odur ki, artıq xaricdə, o cümlədən İsveçdə azərbaycanlıların yeni nəsli formalaşıb. Bizim gənclər orada universitet bitiriblər və müxtəlif dövlət idarələrində çalışırlar. Son 10 ildə azərbaycanlılar İsveçin mühitinə daxil olub. Həkimlər, müəllimlər, siyasətçilər, hüquq-mühafizə orqanlarında çalışıran azərbaycanlılar var. Mən özüm də hökumət işində çalışıram. Bizə ən çox verilən sual budur: neçə ildir İsveçdəsən? İkinci sual isə o olur ki, yoldaşın isveçlidir? Deyirəm, yox, azərbaycanlıdır. Yəni sən nəyəsə nail olmusansa, adamlar fikirləşirlər ki, ya İsveçdə doğulmusan, ya da yoldaşın isveçlidir. Amma siz yaxşı sual verdiniz, bu on ildə bizim əsas qazancımız o olub ki, azərbaycanlılar İsveçin, Avropanın mühitində mütəxəssis kimi özlərinə yer qazana biliblər.

- Amma bizim təhsilli təbəqə olduqları ölkədə cəmiyyətə o dərəcədə inteqrasiya olunurlar ki, bəzən haralı olduqlarını, kimliklərini unudur, assimilyasiya olunurlar.

- Bu da vacib məsələdir. Ancaq mən sizə deyim ki, bu, dövlətdən asılıdır. Məsələn, Almaniya, Fransada sən assimilyasiya oluna bilərsən. Amma mən öz yaşadığım ölkədən - İsveçdən danışıram. Orada cəmi 10 milyon əhali var. İsveçlilər bizi heç zaman isveçli kimi qəbul etmirlər. Buna bir tərəfdən sevinrəm ki, inteqrasiya olunmaq yaxşıdır, amma assimilyasiya olunmursan. Adamlar var ki, adını-soyadını dəyişir, amma yenə də azərbaycanlı kimi qalır. Almaniyada bəzi azərbaycanlılar karyera qurmaq üçün bu cür yollara əl atırlar. Amma İsveç, Norveç, Finlandiya kimi balaca ölkələrdə assimilyasiya olunmaq təhlükəsi yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR