İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada yaşayan azərbaycanlıdan ŞOK açıqlamalar: “İnsanlar müharibəyə alışıb, ona görə də...”

2444 01.08.2023 19:43 Müsahibə A A

Bu günlərdə Azərbaycanda səfərdə olan Kiyev Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, jurnalist Ceyhun Məmmədov “Yeni Müsavat”ın redaksiyasının qonağı olub.

Diaspora üzvü əməkdaşımızın Rusiya-Ukrayna müharibəsində son gəlişmələr, Ukraynada yaşayan azərbaycanlıların hazırkı vəziyyəti və sairə haqqında suallarını cavablandırıb.

xalide.jpg (144 KB)

Həmin müsahibəni təqdim edirik:

- Ceyhun bəy, hazırda Kiyevdə, Ukraynada vəziyyət necədir?

- Qeyd edim ki, davamlı olaraq Kiyevdə yaşamıram. Yəni Odessa, Nikolayev, Lvov şəhərlərində də olur, işlərimə, diasporla bağlı fəaliyyətimə davam edirəm.

Sualınızla bağlı deyə bilərəm ki, iki Ukrayna var, biri müharibə gedən, odun-alovun içərisində olan Ukrayna, biri də arxa cəbhədə olan Ukrayna. İkisinin də bir ortaq xüsusiyyəti odur ki, hamı bir nəfər kimi müharibədə qalib gələcəyinə inanır, qələbəyə ümid var. Ukraynalılar bunun fərqindədir ki, qalibiyyətdən başqa onların variantı yoxdur və qalib də gələcəklər, bu, artıq onların aksiomudur.

Eləcə də Ukraynada yaşayan azərbaycanlılar bu cür düşünür.

Azərbaycanlılar Ukraynanı niyə dəstəkləyir? Birincisi, Ukraynada doğulub, orada böyüyən azərbaycanlılar var və onlar Ukraynanı özlərinə vətən sayır, buna görə də müharibəyə gedib, Ukrayna üçün döyüşür.

İkincisi, mənim kimi azərbaycanlılar Azərbaycan vətəndaşıdır, amma uzun müddətdir ki, Ukraynada yaşayırıq, şüurlu olaraq Ukraynanı da özümüzə vətən seçmişik, onun çörəyini yeyib, suyunu içib, insanları ilə dostlaşmışıq. Bəs biz necə köməklik edə bilərik? Əlbəttə ki, Azərbaycan vətəndaşı olduğumuz üçün qanunla xarici ölkənin hərbi birləşməsində iştirak edə bilmərik, buna görə də yalnız humanitar yardım kampaniyalarında iştirak edir və yaxud tutaq ki, jurnalistəmsə, dəstək xarakterli yazılar yazıram.

Üçüncüsü, hamı Ukraynanın bu savaşda haqlı olduğunu bilir və ona görə onu dəstəkləyir.

Dördüncüsü, hamı anlayır ki, Rusiya imperializm aparatı dağılmasa, onun qonşularının heç birinə rahatlıq yoxdur, məsələn, nə Azərbaycana, Gürcüstana, Moldovaya, nə də Ermənistanın özünə. Çünki Rusiyanın istədiklərini ona versək, biz o zaman mövcud olmayacağıq, bir vassala çevriləcəyik. Bunu heç bir xalq qəbul etmir. Ukrayna xalqı da bildirir ki, “artıq bəsdir, yetər!”

Eləcə də Ermənistanın ağıllı insanları reallığı qəbul edir, bilir ki, “Böyük Ermənistan” deyə bir anlayış olmayacaq. Və yaxud komandasına Türkiyədəki Ararat dağının adını qoymaqla o dağı əldə edə bilməyəcək, bu xülyalardan artıq əl çəkmək, sərhədləri daxilində dostcasına yaşamaq lazımdır.

Azərbaycan xalqının Ukraynanı dəstəkləməsinin əsas səbəbi həm də düşməninin eyni olmasıdır. Yəni Rusiya Ukraynanın indi başına gətirdiklərini bir zamanlar Azərbaycanın başına açıb.

- Rusiya-Ukrayna müharibəsində xeyli azərbaycanlı həlak olub...

- Bəli, 40-a yaxın Azərbaycan əsilli vətəndaşımız şəhid  olub, təxminən 500 nəfər də bu gün döyüş meydanlarında Ukraynanın azadlığı uğrunda savaşda iştirak edir.

ceyhunn.jpeg (56 KB)

 - Müharibənin ilk vaxtlarında kifayət qədər azərbaycanlı Ukraynada həm arxa, həm də ön cəbhəyə yardımlar daşıdı, əlindən gələn dəstəyi göstərməyə çalışdı. Bu yardımlar yenə də davam edirmi?

- Əlbəttə, azərbaycanlıların ilk günlərdə göstərdikləri dəstək, yardım bu gün də davam edir. İlk günlərdə bu yardım və dəstək daha çox görünürdü, çünki həmin vaxtlar Ukrayna birdən-birə xaosun içinə girmişdi və demək olar ki, başını itirmişdi, humanitar yardım təşkilatları formalaşmamışdı. Biz azərbaycanlılar isə müharibə gördüyümüzə görə bu vəziyyətə daha tez adaptasiya olunduq, dərhal fəaliyyətə başladıq, Kiyevdə Kiyev Azərbaycanlıları Konqresinin rəhbərliyi tərəfindən çox böyük yardımlar təşkil olundu. Yəni başqaları həmin vaxt yardım etmədiklərinə görə bizim yardımlar üzdə idi.

Daha sona isə Avropanın bir sıra ölkələrindən, Amerikadan Ukraynaya yardımlar gəlməyə başladı və bu yardımlar əvvəlki vaxtlardan daha çox davam edir. Məsələn, bugünkü gündə arxa cəbhədə yardıma ehtiyacı olan insan o qədər də çox deyil.

- Bəs iqtisadi vəziyyət necədir?

- Qeyd edim ki, insanlar artıq müharibəyə alışıblar. Yəni müharibə gedir və insanlar artıq müəyyən mənada bomba, raket səsinə alışıblar. Çox acıdır ki, insanlar ölümə də alışa bilir, zaman-zaman buna da adaptasiya olur.

Məlum olduğu kimi, ötən ilin qışında Rusiya Ukraynanın enerji sistemini sıradan çıxarmaq istəyirdi, günlərlə su, elektrik enerjisi olmurdu. Bütün bunlara rəğmən, mən heç bir ukraynalıda ruh düşkünlüyü görmədim, hamı deyirdi ki, heç bir problem yoxdur, bu da keçib gedəcək. Çox şükür ki, Rusiyanın proqnozlaşdırdığı kimi qış mövsümü çox sərt keçmədi. Yəni Rusiyanın Ukraynaya qarşı qurduğu heç bir plan baş tutmadı. Məsələn, Kiyevi  tutmaq, ukraynalıları soyuqdan dondurmaqla qorxutmaq, Avropanı qazla şantaj etmək və sairə. Beləliklə, Rusiyanın ortaya atdığı iddiaların heç biri özünü doğrultmadı.

- Müharibə başlayanda ukraynalılar kimi, orada yaşayan bir çox soydaşlarımız ailələri ilə birgə Ukraynanı tərk etdilər, bir qismi Avropaya, bir qismi vətənə gəldi. Bəs onlardan geri, yəni Ukraynaya qayıdanlar varmı?

- Ukraynadan ailəvi şəkildə çıxanların əksəriyyəti getdikləri ölkədə qaldılar. Məsələn, əgər kimsə övladları ilə çıxıb, başqa ölkəyə getmişdisə, həmin yerdə uşaqlarını məktəbə yazdırdılar, özlərini işlə təmin etdilər. İndi uşaqların məktəbini, işi yarımçıq qoyub gəlmək təbii ki, onlar üçün çətindir. Lakin fərdi olaraq gedənlərin bir qismi ölkəyə geri döndü - daha çox Kiyev və Kiyevdən qərbdə yaşayanlar. Çünki Rusiya artıq həmin bölgəni əvvəlki kimi intensiv vura bilmir, məlum olduğu kimi, Ukraynanın hava hücumundan müdafiə sistemləri güclənib.

Bu günlərdə bir ukraynalı analitikin fikrini oxudum, deyir ki, Ukraynadan çıxanların təxminən 40 faizi geri qayıtmayacaq, bu da ukraynalılar üçün problemdir. Artıq 17 aydır müharibə gedir və onun nə qədər davam edəcəyi məlum deyil. Təsəvvür edin, bu müddət ərzində Ukraynadan 8 milyona yaxın insan, uşaqlar çıxıb, xeyli sayda itki var. Bu da gələcəkdə Ukraynanı çox ciddi demoqrafik problemlə üz-üzə qoya bilər. Yəni “müharibədən sonra Ukraynanın gələcəyi nə olacaq” deyə hər kəs düşünür. Gənc nəsil kənara çıxdı, xeyli sayda kişi həlak oldu, bütün bunlar Ukrayna üçün çox ağır bir itkidir.

- Diasporanın fəaliyyəti ilə bağlı nə deyərdiniz?

- Fəaliyyətdəyik, bayramlarda toplaşır, bir-birimizə kömək, hüquqi və digər yardım, dəstək verməyə çalışırıq.

- Soydaşlarımız birlik nümayiş etdirə bilirmi?

- Deyim ki, diaspora heç vaxt bizim cəmiyyət kimi tək bir yumruq olmayıb. Bəli, Azərbaycan naminə hamı birləşir, lakin diasporanın içində müəyyən qruplar var və mən bunu normal qarşılayıram.

- Bir müddət əvvəl Azərbaycanın Ukraynadakı səfiri dəyişdi. Bu dəyişiklik hiss olunurmu?

- Bəli, səfir yeni təyin olunub, hələ yaxından tanış olmaq imkanım olmayıb. Lakin bildirim ki, səfirin dəyişməsinin elə bir ciddi təsiri olmayacaq. Çünki əslində bizə səfir deyil, daha çox konsul lazımdır. Əslində səfirlik başqa, konsulluq tamam başqa sistemdir. Müharibənin ilk vaxtlarında ciddi çətinlik yarananda konsul yerində idi. Yəni səfirin orada olub-olmamasının problemin həllinə aidiyyəti yoxdur. Belə ki, səfir sənəd vermir və yaxud sənədə qol çəkmir, bunu həyata keçirən konsulluq idarəsidir ki, o da yerində idi. Sadəcə problem ondan ibarət idi ki, bizim azərbaycanlıların böyük əksəriyyətinin sənədləri qaydasında deyildi. Amma tələb edirdilər ki, səfirlik onlara sənəd versin. Axı səfirlik səlahiyyətində olmayan bir sənədi verə bilməz. İnsanlar buna görə hətta bəzən bizimlə, yəni diaspora üzvləri ilə dava edir, söyürdülər ki, “hanı bizim səfirimiz?” Başa salırdıq ki, bizi dövlət göndərməyib, buna görə bizə maaş verilmir, sadəcə Ukraynada yaşayan, könüllü fəaliyyət göstərən azərbaycanlıyıq.

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR