İnsanlara hürriyət, millətlərə istiqlal!

Supermarketlərin “cazibə” qüvvəsi - ərzaq məhsullarına niyə çox pul xərclənir?  

1033 23.12.2023 15:35 Maraqlı A A

Yəqin ki, çoxlarınız belə bir vəziyyətlə üzləşmisiniz, supermarketlərə gedəndə nəzərdə tutduqlarınızdan daha çox şey almısınız. Yəni, daha çox pul xərcləmisiniz. Bəli, supermarketlərin qurduğu “tələ” iradəmizdən asılı olmayaraq bizi daha çox alış-verişə cəlb edir. Əslində bunun adına “tələ” də demək olmaz. Bu sadəcə  marketoloqların peşəkarlığının və sözün yaxşı mənasında hiyləgərliklərinin nəticəsidir.

İlk növbədə supermarketlərin yaraşıqlı və zövqlə bəzədilən, rəngləri ilə göz oxşayan, fəsillərə uyğun, qışda isti, yayda sərin temperaturda olan satış zalları alıcının bu məkanda özünü rahat hiss etməsi üçün gözəl şərait yaradır. Digər tərəfdən isə satıcıların gülər üzü, verilən suallara yerli-yataqlı mehriban cavabları alış-verişə gələnlərin bir az da səxavətli olmasına, pul xərcləməsinə könüllü zəmin yaradır.

Supermarketlərdə müxtəlif aksiyaların keçirilməsi, endirimlər, rəngli, nəzərəçarpacaq lövhələrdə endirim qiymətlərinin əks olunması isə alver “ehtirasını” bir az da gücləndirir.

3QGGQOzYpNFRqAI3MOcoHFT9GhMc2aIN.jpg (108 KB)

Əgər diqqət yetirmisinizsə gündəlik zəruri olan ərzaq məhsulları, məsələn çörək, yaxud süd məhsulları marketin çox da gözə görünməyən yerlərində olur. Belə ki, bu məhsulları vitrinlərdən götürmək üçün alıcı marketdə bir dövrə vurmalı olur. Alıcının “əli çörəyə çatana” kimi vitrinlərə zövqlə düşülmüş ərzaq məhsulları onun diqqətini cəlb edir və alınması həmin gün üçün nəzərdə tutulmayan ərzaqlar da qeyri-ixtiyari səbətə qoyulur.

Supermarketlərdə ət və ət məhsulları üstü şüşəli, adətən ağ rəngdə olan xüsusi işıqlandırılmış soyuducu vitrinlərdə təqdim olunur. Burada ağ rəngin və işıqlandırmanın olması heç də təsadüfi deyil. Çünki belə vitrinlərdə ət məhsulları daha təzə və xoşagəlimli rəngdə görünür ki, bu da alıcının diqqətindən yayınmır.

Alıcıların daha çox alver etməsi üçün marketoloqlar mümkün olan bütün fəndlərdən istifadə edirlər. Məsələn, pivələr düzülmüş vitrinlərin yanında hisə verilmiş balıq, quru pendir, və digər pivə çərəzləri qoyulur. Alıcı bunu marketoloqun hiyləsi kimi yox, öz istəyi kimi qəbul edir və təbii sayır ki, əgər pivə alırsa hökmən balıq və ya quru pendir də almalıdır. Yaxud başqa bir misal. Qablaşdırılmış peçenye və bu kimi ərzaq məhsullarının yanına müxtəlif şirələr və limonadlar düzülür. Bu uyğunluqdan da alıcı yan keçə bilmir.

Bir çox supermarketlərdə ətirli və insan iştahana birbaşa təsir edən ərzaq məhsulları satış zalının giriş hissəsində olur. Xüsusilə işdən sonra alverə gələn insanların mexaniki olaraq diqqəti bu məhsullara hakim kəsilir. Yeməyə tələbatı olan və aclıq hissi keçirən alıcı sobadan yenicə çıxmış ətirli və isti bulkalardan, pirojnalardan vaz keçə bilmir.

Satış zallarında həmçinin meyvə və tərəvəzlər də ən gözəgəlimli yerdə təqdim olunur. Supermarketə gələn alıcının gözü meyvə-tərəvəzə sataşan kimi bu qida məhsullarının orqanizm üçün faydalarını yada salır və onlardan nə isə almağa qərar verir. Halbuki, həmin alıcı bu mənzərəni görməsəydi bu faydalar haqqında bəlkə də düşünməzdi.

Supermarketlərin qiymət siyasətində də diqqəti cəlb edən bir məqam var. Məsələn, 10 manat yuvarlaq vahid kimi alıcıya çox görünə bilər. Amma qiymət 9.99 olanda bu sanki qiymətin ucuz olması təəssüratını yaradır. Xüsusilə də 9 böyük 99 kiçik yazılanda bu fərq alıcıya bütöv 10 manatdan xeyli ucuz görünür. Bəlkə də belə qiymət siyasətinin başqa mənası da var. Amma hər halda alıcıya təsiri qeyd etdiyimiz kimidir.

Supermarketlərdə insanları daha çox alış-veriş etməyə sövq edən məsələlərdən biri də alıcıların ixtiyarına verilən arabalardır. Ticarət mərkəzlərində olan belə arabalar 1938-ci ildən peyda olub. Həmin dövrdən hazırkı vaxta qədər bu arabaların tutumu düz iki dəfə böyüyüb. Bu arabaların həcmi 4-5 nəfərlik ailənin “istehlak səbəti”ndən çox böyükdür. Əgər alıcı alver zamanı bu arabanın yarısını doldurursa, ona elə gəlir ki, etdiyi bazarlıq yarımçıqdır, tam deyil. Bunun nəticəsində də nəyi isə almağı unutduğunu düşünən alıcı supermarketdə daha bir dövrə vurmağı lazım bilir. Əgər nəzərə alsaq ki, bir çox arabalarda körpə uşaqların gəzdirilməsi üçün də xüsusi yer düzəldilib, onda alıcı öz alverini daha arxayın edir.

supermarket.jpg (195 KB)

Supermarketlərdə satışa qoyulan malların qarşısından tələsik keçməmək üçün isə daha bir “ağıllı” ideya düşünülüb. Alıcı istəsə də vitrinlərin qarşısından tələsik keçə bilməz. Çünki bir çox supermarketlərin satış zallarının döşəməsindəki daşların arasında maneələr elə qoyulur ki, arabaların sürətli hərəkətlərinə maneçilik törədir və elə bunun nəticəsində də alıcı məcburi olaraq vitrinlərdə olan məhsullara daha çox diqqət yetirmək vaxtına və imkanına malik olur.

Arabasını dolduran alıcı ödəniş etdiyi zaman da supermarketin “cazibə” qüvvəsindən çıxa bilmir. Kassanın böyür-başında quraşdırılmış rəflərə o qədər xırda-xuruş düzülür ki, alıcı növbəsini gözləyərkən vaxtını bekar sərf etməmək üçün bu saysız-hesabsız çeşidlərdən seçim etməyə başlayır.

Nəhayət, supermarketi tərk edən alıcı evə çatıb cibinə nəzər yetirəndə görür ki, həmin gün üçün xərcləməyi nəzərdə tutduğu puldan ikiqat artıq pul xərcləyib.

Budur supermarketlərin yaratdığı “cazibə” qüvvəsi. Bu, dünyanın hər yerində belədir. Bu “cazibə” qüvvəsinin təsiri altına düşmək istəmisinizsə supermarketlərə gedəndə əvvəlcədən alacağınız məhsulların siyahısını hazırlayın.

İlham Cəmiloğlu, Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR