İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektora hökm oxunması təxirə salındı - qətl sifarişində suçlanır  

747 07.04.2024 12:47 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verməkdə təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyevin cinayət işi üzrə proses yekunlaşmaq üzrədir. Müşfiq Atakişiyev hakim qarşısına Dəyanət  və Samir Quliyevlərlə birgə çıxarılıb.

Musavat.com  xəbər verir ki,  hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən şəxslərdən birinin vəkili üzrlü səbəbdən qatıla bilməyib. Bu səbəbdən hakim vəkilin iştirakı ilə prosesin aprelin 19-da davam etdirilməsi ilə bağlı qərar qəbul edib.

Ötən prosesdə  çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilənə qədər rektoru olub. Universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülüb. Uzun illər faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər müəyyən olunmayıb.

2021-ci ildə  həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.

İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev Təfəkkür Universitetinin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb.

Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyanətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.

Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi. Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.

Müşfiq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında xidmət edib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Həbs olunarkən Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutun nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR