İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölü dirildən televizor

1362 27.04.2024 10:45 Yazarlar A A

Mən də Milli Məclisin bəyanatına qoşuluram, doğrudan, heç kəs Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz. 

Sabirabad tərəflərdən bir kişi vardı, Bakıda nəsə tikinti şirkəti qayırıb 12 nəfərə qarşı dələduzluq törətmişdi. Sonra xəbər çıxdı, bunun kənd yolunda maşında yanıb öldüyü deyildi. Ekspertiza-zad, müstəntiq-filan da təsdiqləmişdi ki, kişi ölüb, ta neynəmək olar, sizin pulunuzu hardan qaytaraq. Ancaq 6 ay keçmiş kişi Bakıdan, diri şəkildə, xortlayıb çıxdı. Şəxsiyyət vəsiqəsiylə dükandan, kreditə televizor almağa gedibmiş! 

Sən bunda ağıla bax. Maşına da it leşi qoyub, yandırıbmış, beləliklə dövlətçiliyimizi aldatmaq istəyirmiş. Ay hay. Televizordan heç kim qaça bilməz. Böyük Qardaş səni izləyir, necə deyərlər. İndi bunun məhkəməsi bitdi, 8 il həbs cəzası verdilər. İnşallah, bir neçə ilə Mübariz müəllimin verilişinə çıxıb ağlaşma quracaq, xalqımız da “ayə, bu cür ağıllı kişini tutmaq günahdır, xahiş edirik buraxın” deyəcəkdir.

Sonra ağız büzürsünüz, xalq televizora baxmır, efir-ekran pıxıdır deyirsiniz. Mavi ekran böyük qüvvədir. Faktiki ölünü dirildir. (Pulum olsa ŞNTV kanalı açardım - Şeyx Nəsrullah Televiziyası). Əgər verilişlər maraqsız olsaydı, adam riskə girib televizor almaq üçün dükana gedərdimi? Bu baxımdan, hüquq-mühafizə orqanları, zəhmətkeşlərimiz, o cümlədən, hələ məskunlaşmamış Füzuli rayon məcburi köçkünləri adından ekran işçilərinə, başda Xoşqədəm xanım, Elgiz müəllim, Tolik müəllim, Zaurların hər ikisi olmaqla, dərin minnətdarlığımızı bildirirəm. Mikrofonunuz uzun olsun. Şair demişkən: “Vurmazam sihhət üçün məlhəm oxun yarəsinə, İstərəm çıxmaya zövqi-ələmi-peykanın”. Bunlar hamısı axirətin varlığına dəlillərdir. 

Sabunçu rayonundan bir sakin də təzəlikcə şikayətlənirdi. Deyir ünvanlı sosial yardım, ya da işsizlik pulu - dəqiq yadımda qalmayıb - almaq üçün nazirliyin portalına girib, görüb orda rəsmi şəkildə işçi kimi qeydiyyatdadır. Hətta ayda 380 manat maaş alırmış. Lakin neçə illərdir bundan xəbərsizdir, elə zənn edir işsizdir. Başa düşmədim nədən narazıdır. 

Görün bizdə iqtisadi inkişaf hansı səviyyədədir! Camaat işləməsə belə adına maaş yazılır. Hələ çoxlu adamın şirkətləri, bankları, zavodları var, lakin xəbərləri yoxdur. Biz əvvəldən demişik, qoy kim istəyir oğurlasın, axırda hamısı xalqa qalacaq. Adəm Həvvaya uyub cənnətdən qovulmuşdu, biz isə Adəmin atasına 30 sutka verib dama saldıq. Günah eləməyə qoymadıq. 

Hər şeyin zamana ehtiyacı var, böyük bəy demişkən. Bağban tələsər, armud vaxtında yetişər. Hara tələsirik? Xalq yazıçımız Anar müəllim də öz əsərlərində daim bunu vurğulayıb, tələsməməyə səsləyibdir. 

Sərhədlərimizin bağlı olmağının turizm sektoruna guya ziyan vurduğu deyilir. Lakin Statkom rəqəm açıqlayır, görürük əksinə, inkişaf vardır, keçən ilin müvafiq dövrünə nisbətən beş kişi də artıq gəlibdir. Üstəlik, bütün dünya turistlərdən bezməkdədir. Dünən Yaponiya haqda bir xəbər oxudum, qımışdım, kefim açıldı. Orda bir rayonda dükan-filan olan yer varmış, həmin yerdən baxanda Fudziyama dağının qəşəng mənzərəsi görünür. Bütün turistlər məhz həmin mənzərəni fotoya-zada almaq üçün o yerə axışırmış. Dodağını büzüb selfi çəkdirən, kamerada dağı qucaqlayan, özünü zirvəyə “keçirdən”, nə bilim, nə zibil qaynadan... Hətta bəzi yaramaz turistlər ərazidəki diş klinikasının damına dırmaşıb ordan şəkil çəkirmiş. Nəticədə xalq bezib, turistlərdən yuxarılara şikayət yazıb. Hökumət də gəlib, o yerdə yekə, hündür hasar çəkib. Ta dağ görünmür. İndi gözləyirlər, turistlərin yadından çıxsın, sonra hasarı sökəcəklər. 

Bizim məmurlar Xəzəri, dağı-daşı, meşələri hasarlayanda bəyənmirsiniz. Uzaqgörən addımdır. 

Bircə yaponlardan xarakiri eləməyi də öyrənsələr lap əla olardı. Bəzi eks-məmurların son günlərdəki hərəkətləri bu istiqamətdə də irəliləyiş olduğunu göstərir. Xəncər olmasın, tüfəng olsun. Xalq üçün əhəmiyyəti dəyişmir.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR