İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın bazarında da “tıxac”dır - qəzalı avtomobillər tüğyan edir

2358 28.03.2024 08:13 Ölkə A A

Elməddin Muradlı: “Xaricdən gətirilən ikinci əl avtomobillərdə ciddi texniki problemlər olur”

Azərbaycanda dəbdə olan bizneslərdən biri də maşın alveridir. Əlində böyük sərmayəsi olmayan, daha az risk etmək istəyən şəxslər kiçik ticarətə bu yöndən baş vururlar. Düzdür, Azərbaycanda avtomobil parkının yenilənməsinə böyük ehtiyac var. 

Ancaq bəla ondadır ki, ölkəyə son illərdə gətirilən maşınların istehsal ili az olsa da, onların 90 faizi ABŞ-da, Koreyada, Kanadada, Yaponiyada və sair ölkələrdə qəzaya uğramış maşınlardır. Xüsusən Amerikadan gələn maşınların VİN kodu ilə araşdırma aparanda qəzalı, aerobagları açılmış, sükanı sağdan sola keçirilmiş maşınları seyr edirik... 

Mediada yayılan məlumatlara görə, hətta son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb. Təkcə ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib. 

Bir problem də odur ki, son iki-üç ildə ölkəyə daha çox KİA, "Hyundai" markasına aid on minlərlə dizel mühərrikli maşınlar gətirilir. Səbəb odur ki, bir çox inkişaf etmiş ölkələr artıq dizeldən imtina edir və həmin ölkələrdə dizel maşınlar ucuzdur. Benzin mühərrikli maşınların istehsal ili təzə olanlar isə əksərən 95 oktanlı benzin tələb edir, bu isə ölkəmizdə 2 manatdır, orta və kasıb təbəqəyə sərfəli deyil. Hibrid maşınlar isə çox da ucuz deyil... Bəs bu sahədə vəziyyəti nizamlamaq, xüsusilə ölkəyə sağlam maşınlar, hibrid  gətirilməsinə nail olmaq üçün nə etmək lazımdır? Ən əsası, ölkədə müasir tələblərə cavab verən maşın istehsalına başlamaq nə dərəcədə realdır?

Nəqliyyat məsələləri üzrə ekspertlərin qənaətinə görə, hər ilin son 1-2 ayı və yeni ilin ilk 3 ayı 2-ci əl avtomobil bazarında durğunluq müşahidə olunur. Aprel ayında isə 2-ci əl avtomobil bazarı canlanır. May ayında canlanma daha da artıq müşahidə olunur. 2-ci əl avtomobil bazarına Çin istehsalı olan avtomobillərin ölkəyə əvvəlki illərə nisbətən daha çox gətirilməsi də təsir göstərən amillərdəndir. Çindən gətirilən avtomobillər digər ölkələrdən gətirilən avtomobillərdən texniki göstəricilərinə görə o qədər də geri qalmırlar. Getdikcə Çin mənşəli avtomobillər dünya avtomobil nəhənglərinin istehsal etdiyi markalarla rəqabətə daha çox tab gətirə bilir. Bu da öz növbəsində qiyməti nisbətən ucuz Çin avtomobillərinə marağı artırır, alıcıların diqqətini 2-ci əl bazardan Çin istehsallı nəqliyyat vasitələrinə yönləndirir.   

İkinci əl avtomobillərin heç bir zəmanəti olmadığı halda, Çin avtomobillərinin 5 il zəmanətlə satılması da alıcıların bu markalara marağını şərtləndirir.

Bu baxımdan alıcılar daha çox yeni avtomobillərə maraq göstərməyə başlayıblar. Digər bir amil isə əhalinin ümumi alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Bu da ikinci əl maşın bazarında hiss olunur.  

Avtomobil ustaları ikinci əl avtomobil alarkən yürüş məsafəsinə baxmağın vacib olduğunu vurğulayırlar. Avtomobilin bütün texniki nasazlıqlarını yalnız kompüter yoxlanışından keçirməklə, yəni diaqnostika etdirərək tam dəqiq bilmək olmur. Bunun üçün avtomobilin ümumi texniki xüsusiyyətlərini bilmək və onun işləmə prinsipinə bələd olmaq lazımdır. Avtomobilin mühərrikinin hansı yanacaq növü ilə işləməsi də önəmli amillərdəndir. Dizel mühərrikli avtomobillə benzin mühərrikli avtomobil çox fərqlidir. Dizel motorlar sıxılma-partlama, benzin mühərriklər isə alışma-yanma ilə işləyir. Bu baxımdan benzin mühərrik və dizel mühərrikin problemləri də fərqli olur. Azərbaycanda satılan dizel yanacağının keyfiyyəti aşağı olduğundan belə yanacaqla işləyən mühərriklərin  DPF - filtrlərini tez bir zamanda sıradan çıxarır və avtomobilin hərəkətində müəyyən problemlər yaradır. Məsələn, avtomobilin sürət yığmağı ləng baş verir, əgər turbosu varsa, bu da mühərrikin və turbonun ömrünü qısaldır. 

Bundan başqa, ikinci əl avtomobil aldıqda onu servisdə ümumi yoxlanışdan keçirmək olur. Bu zaman avtomobilin təkərlərindən tutmuş şüşəsilənin suyuna qədər hər bir detalı ayrıca yoxlamaq lazımdır. Sürətlər qutusunun yağı, mühərrik yağının keyfiyyəti, həmçinin avtomobilin əyləc sistemi yoxlanılmalıdır. Əgər əyləc mayesi köhnədirsə, sürətlər qutusu da daxil olmaqla, mütləq dəyişilməlidir. Avtomobilin mühərrik yağı nə qədər keyfiyyətli olarsa, yürüş məsafəsi də çox olur. Digər məsələ, benzin mühərriklərdə alışdırma şamlarının mütəmadi olaraq dəyişilməsidir. Bunun avtomobilin “çəkiminə” böyük təsiri var. Məsələn, hər hansı bir şam işləmədikdə avtomobilin dövriyyəsində problemlər yaranır, “çəkim” zəifləyir. Bu detalları da 35-40 min kilometrdən bir dəyişmək məsləhətdir. O cümlədən əyləc sistemindən əyləc yataqlarına mütləq baxılmalıdır. Əgər çox yeyinti varsa, onun da dəyişdirilməsi çox vacibdir.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, xaricdən gətirilən işlənmiş avtomobillərin bəzilərinin səsboğucu sistemində katalizator olmur, bəziləri isə ya sudan çıxarılmış, ya da qəzaya düşmüş zədəli avtomobillər olur. Maşın ustaları isə deyirlər ki, bəzi işbazlar katalizatoru içindəki qiymətli metala görə çıxarıb satırlar. Məsələn, Gürcüstandan işlənmiş maşın alan sürücü bildirib ki, bir müddət sürdükdən sonra avtomobilin gücündə müəyyən problemlər ortaya çıxıb. Ustaya apardıqda isə məlum olub ki, avtomobilin katalizatoru çıxarılıb. Mütəxəssislərin sözlərinə görə, son vaxtlar avtomobillərdə belə hallara tez-tez rast gəlinir, hətta Gürcüstandan gətirilən avtomobillərdə bu hal daha çox müşahidə edilir. Katalizator sisteminin çıxarılmasında isə əsas səbəb həmin qurğuda, platin metalının olmasıdır. Bəzi işbazlar katalizatoru 1000-2000 manata satırlar. İkinci əl avtomobil almaq istəyən şəxslərin mütləq təcrübəli mütəxəssislərin dəstəyindən yararlanması daha məqsədəuyğundur: “İkinci əl avtomobil alarkən ehtiyatı əldən verməmək üçün mütləq sənədləşdirmə işi, müəyyən prosedurlar həyata keçirilməlidir. Belə olduğu təqdirdə, sözsüz ki, qarşı tərəfdə müəyyən məsuliyyət formalaşır və sizi qane etməyən məqamlar olarsa, ölkəyə gətirdiyiniz avtomobilə görə təzminat ala bilirsiniz. Belə məsələlərə başdansovdu yanaşmaq olmaz. Mütləq hüquqi prosedurları öyrənmək, təhlil etmək lazımdır. Nəzərə alaq ki, bu, yalnız və yalnız sizin xeyrinizə olacaq. Hüquqi prosedurları bilmək gələcəkdə haqqınızı tələb etmək deməkdir. Təəssüf ki, son vaxtlar problemlər ortaya çıxır, insanlar şikayətlənirlər. Hələ ki hüquqi mexanizm yoxdur, buna görə də vətəndaşlara bəzi hallarda hər hansı yardım etmək olmur. İnsanlar özləri diqqətli olsunlar, hər elana, şirin vədə inanmasınlar, çünki sonrakı fəsadları ağır olur. Əvvəlcədən məsələni dəyərləndirmək, nəzərə almaq lazımdır ki, nəticədə ortaya problemlər çıxmasın”. 

Elməddin Muradlı deyib ki, xaricdən gətirilən ikinci əl avtomobillərdə ciddi texniki problemlər olur: “Çox təəssüf, elə şirkətlər var ki, maşının bəzi detallarını sökür, müştəriyə isə başqa formada gətirib təqdim edirlər. Sonra da müştərini aldadırlar ki, avtomobilin həmin detallarını özümüzə aid mağazada satırıq, istəsən, bizdən ala bilərsən. Təsəvvür edirsiniz? Eyni maşının detallarını söküb onu alan müştəriyə yenidən satırlar. Belə halların baş verməsi insanların öz haqq və hüquqlarını yaxşı bilməmələrindən irəli gəlir. Qaydaları öyrənmirlər, tələbetmə metodlarından xəbərsiz olurlar. Təkrar edirəm, mütləq etibarlı şirkətlərlə iş görmək lazımdır. Naxələf şirkətlər insanları aldatmağa daha çox maraq göstərirlər və bir çox hallarda, əfsus ki, istəklərinə nail olurlar”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR