İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad edilən rayonlarda yeni istehsal müəssisələri yaradılacaq

1751 27.10.2023 13:33 Media A A

Fikrət Yusifov: “Azərbaycan iqtisadiyyatı işğal illərindəki itkilərini artıqlaması ilə bərpa edəcək”

19-20 sentyabr tarixində antiterror tədbirləri  nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə erməni işğalından azad olundu. Artıq növbəti addım 30 illik həsrətdən sonra bu torpaqlara yenidən qayıtmaq və quruculuq işlərinə başlamaq olacaq. Bəs görəsən, bu ərazilərdə sosial-iqtisadi inkişaf baxımından hansı işlər görülməlidir?  

Mövzu ilə bağlı keçmiş maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, otuz il işğal altında qalmış Qarabağ torpaqlarımızda on illər ərzində Azərbaycan Sovet Respublikasının büdcəsi hesabına yaradılmış sənaye və kənd təsərrüfatına aid demək olar ki, bütün müəssisələr və infrastruktur erməni vandalları tərəfindən darmadağın edilib. İşğala qədər bu ərazilər və erməni yaraqlılarının daima təhdidi altında qalmış - işğal altında saxlanılan ərazilərlə sərhəddə olan torpaqlarımızda ümumilikdə Azərbaycan iqtisadiyyatının 20%-dən çox payı itirilib. Bu ərazilərdə yalnız iqtisadiyyatla bağlı itkilərimizin ümumi mənzərəsini əks etdirən bəzi məlumatlara nəzər salmaq yetərlidir ki, erməni vəhşiliyinin miqyasını daha aydın təsəvvür edək.  

İşğal illəri ərzində zəbt olunmuş ərazilərdə 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış və müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisə, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min hektar bar verən cavan üzüm plantasiyaları tamamilə sıradan çıxarılmış və talan edilib. İşğala qədər  həmin ərazilərdə hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və digər bitkiçilik məhsulları istehsal edilirdi. İşğaldan sonra erməni quldurları bu ərazilərdə 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçini qarət ediblər. Baş vermiş bu talan nəticəsində Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirib.

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib

Fikrət Yusifov

İndi Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə misli görünməyən bərpa-quruculuq işləri aparır. Bu gün bu ərazilər nəhəng tikinti meydanını xatırladır. Hesab edirəm ki, yaxın 10 ildə biz Qarabağımızın məskunlaşması prosesini tam başa çatdırmaqla, onun müasir tələblərə uyğun yeni iqtisadi mənzərəsini yarada biləcəyik. Bu ərazidə yüzlərlə kiçik, orta və iri modern istehsal və emal müəssisələri qurulacaq. Bütün bunlar nəticə etibarilə regionun iqtisadiyyatının güclənməsinə və əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunmasına və onun sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək".

Ekspert əlavə edib ki, Azərbaycan hökuməti antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş ərazilərdə də eyni quruculuq işlərini davam etdirəcək: “Bu gün Qərbin bəzi dairələri antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarımızı könüllü tərk edib getmiş ermənilərin geri qaytarılması ətrafında manipulyasiya etməklə məşğuldur. Lakin gerçək olan budur ki, ermənilərin heç biri geri qayıdıb, o torpaqlarda yaşamaq istəməyəcək. Çünki otuz il ərzində onların hamısı Qarabağ torpaqlarımızda tökülən qanların, vətəndaşlarımıza qarşı edilən haqsızlıqların birbaşa və ya dolayı iştirakçılarıdırlar. Bu 30 ildə ən azından hər ailədən bir nəfər əlinə silah götürüb, Azərbaycana qarşı təxribat törədib. Bunu gizlətmək mümkün deyil və bu faktların üstünün gec-tez açılacağını Qarabağdan qaçmış hər bir erməni çox yaxşı bilir. Onlar Azərbaycana, azərbaycanlılara olan patoloji nifrətlərindən dolayı, ən azından bu gerçəklərə görə geri qayıtmağa risk etməyəcəklər. Elə bu səbəbdən də indi Azərbaycan hökumətinin qarşısında erməni toplumunun dünənə qədər yaşadığı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Hadrut və digər yaşayış məntəqələrinin ən qısa zamanda məskunlaşdırılması kimi mühüm bir vəzifə var. Bu məskunlaşmanı qeyd-şərtsiz aparmaq üçün əlimizdə kifayət qədər tutarlı arqumentlər var.

Öncə onu deyək ki, ermənilərin Qarabağ torpaqlarımızda qoyub getdikləri qeyri- yaşayış və yaşayış binalarının böyük əksəriyyəti Sovet Azərbaycanı dönəmində Azərbaycan büdcəsinin vəsaitləri hesabına inşa olunmuş tikililərdir. Qarabağ torpaqlarımızın işğalından sonra ermənilərin o ərazilərdə tikdikləri yaşayış və qeyri-yaşayış binalarına gəldikdə isə bir mühüm məqamı unutmayaq. Ermənilər 30 ildə Azərbaycan dövlətinə və onun vətəndaşlarına indi  qoyub getdikləri tikililərin və mənzillərin dəyərindən yüz dəfələrlə artıq  ziyan vurublar. Yəni belə bir fakt ortada olduğu təqdirdə, biz ermənilərin qoyub getdikləri yaşayış məntəqələrinin qaçqınlarımız hesabına məskunlaşması məsələsində tərəddüd etməməliyik. Bu məsələdə haqq da, hüquq da bizim tərəfimizdədir.

Ermənistan bu gün Qarabağ torpaqlarımızda ordusu tərəfindən 30 ildə yüzlərlə yaşayış məntəqələrinin, sənaye, kənd təsərrüfatı və digər müəssisələrin, habelə infrastrukturun dağıdılmasına görə Azərbaycan hökumətinə yüz milyardlarla dollar təzminat ödəmək zorundadır. Bunu beynəlxalq hüquq ondan tələb edəcək! Ona görə də bütün hallarda Ermənistan Qarabağ torpaqlarımızda mənzillərini qoyub getmiş ermənilərə kompensasiyanı öz büdcəsindən ödəməlidir.

İndi əsas vəzifəmiz antiterror tədbirlərindən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə, Hadrutda və digər yaşayış məntəqələrində boş mənzillərə ilk növbədə vaxtilə o torpaqlarda evlərini tərk edib qaçmış insanlarımızın qayıdışını təmin etməkdir.

İşğaldan azad edilmiş torpaqlarımızda yaradılacaq istehsal, emal və digər müəssisələr hesabına Azərbaycan iqtisadiyyatı işğala qədərki itkilərini artıqlaması ilə bərpa edə biləcək. Bir qədər də dəqiq desək, bütün bu quruculuq işlərindən sonra biz bugünkü iqtisadiyyatımızın 25%-ə qədər artımına nail ola biləcəyik".

 HAZIRLADI: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR