İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hakimin maaşı yüksək olmalıdır ki, başqa yola meyil etməsin” - MÜSAHİBƏ

1256 23.02.2024 13:23 Müsahibə A A

Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev özünün məhkəmə praktikası, icraatında olan cinayət işləri üzrə apardığı məhkəmə araşdırmaları, məhkəmə-hüquq islahatları haqda geniş müsahibə verib.

Musavat.com qocaman hakimin hüquq.az-a verdiyi müsahibəni qısa ixtisarlarla təqdim edir.

Hazırda Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvü olan Əsəd Mirzəliyev hakimlik fəaliyyətinə Ağdam məhkəməsində başlayıb. Sonradan Xaçmaz, Ağsu məhkəmələrinin hakimi, Salyan Rayon Məhkəməsinin sədri olub. 2000-ci ildən isə Ali Məhkəmənin Mülki kollegiyasının hakimitəyin olunub və 20 il bu vəzifəni daşıyıb. Təqaüdə də elə Ali Məhkəmədəki işindən çıxıb.

“Xaçmazda cinayəti belə ört-basdır etmişdilər”

Əsəd Mirzəliyev hakimlik fəaliyyəti ərzində yaddaqalan hadisələrdən bir neçəsini də nəql edib:

“Belə hadisələrdən biri Xaçmaz rayon məhkəməsində çalışdığım dövrə təsadüf edir. Rayonda bir qətl hadisəsi baş vermişdi. Gənc oğlan həyat yoldaşının keçmişdə münasibəti olduğunu güman etdiyi şəxsi meşəlik ərazidə qətlə yetirərək meyitini basdırmışdı. Deməli, qətlə yetirilən şəxs itkin kimi axtarılırdı. Cinayət hadisəsini törədən adamın özü də bu axtarış işlərində fəal iştirak edib. Özünü elə aparıb ki, guya heç bir şeydən xəbəri yoxdur. Hətta belə bir şaiyə də yayıb ki, guya həmin oğlanın mərhum anasının ruhu onu öz yanına aparıb. Nəhayət, bir müddət sonra kənd təsərrüfatı işləri görülərkən ekskovatorun torpağı qazması nəticəsində həmin adamın meyiti aşkarlanmışdı. Hadisəni kimin törətdiyi məlum olduqdan sonra o özü də etiraf etmişdi və atasının da bu işdə ona kömək etdiyi ortaya çıxmışdı. Lakin məhkəmədə onlar istintaqa verdikləri ifadəni dandılar. Dedilər ki, bizi bu cür ifadə verməyə məcbur ediblər. Gənc oğlan hətta iddia etdi ki, cinayət hadisəsi baş verən gün rayonda olmayıb, Dərbənddə bazarda nar satırmış. Eyni kənddən olan bir neçə nəfəri də şahid kimi göstərdi ki, həmin gün onlar da bazarda olub. Biz həmin iki qadını şahid qismində dindirdik və oğlanın dediklərini təsdiq etdilər. Dəqiq ayın tarixini soruşduqda isə xatırlamadıqlarını bildirdilər. Növbəti prosesdə həmin qadınları bir də məhkəməyə dəvət etdik. Yenə də eyni fikirləri dedilər. Bu zaman qəfil onlardan soruşdum ki, həmin gün kəndinizdə nəsə əlamətdar bir hadisə və s. baş vermişdimi? Toy, nişan, kiminsə yas mərasimi və s. belə bir hadisə olmuşdumu? Bəlkə yadınızda olar. O andaca qadınlardan biri dedi ki, həmin gün biz Adilin qızı Simanın dəfn mərasimində iştirak etmişdik. Biz dərhal sorğular verdik və adıçəkilən şəxsin ölüm kağızına baxdırdıq. Müəyyənləşdirdik ki, birlikdə bazara getdikləri gün bizim araşdırdığımız cinayət hadisəsinin baş verdiyi gündən 3 gün sonra olub. Nəhayət, biz bütün sübutlar və faktlar əsasında həmin cinayətin məhz bu oğlan tərəfindən törədildiyini dəqiqləşdirə bildik və ona, eyni zamanda cinayət hadisəsini törətməkdə onunla əlbir olan atasına cəza təyin etdik”.

“Moskvada tələbədən aldatmaqla alınan “QAZ-24”ü Salyan məhkəməsi özünə qaytarıb”

Əsəd Mirzəliyev Salyan Məhkəməsinin sədri olduğu zaman dövrdə baş verən daha bir maraqlı hadisəni xatırlayıb: “Yenicə sədr təyin olunmuşdum ki, qəbula bir vətəndaş gəlmişdi və təkidlə ona xüsusi vaxt ayırmağımı istəyirdi. Mən onun xahişini nəzərə alıb şənbə günü qəbula gəlməsini bildirdim. Bünyad adlı bu gənc qəbula gələndə o qədər həyəcanlı idi ki, hətta özünə gəlmək üçün dərman qəbul edirdi. Nəhayət özünü toparlayıb başına gələnləri danışdı. Bildirdi ki, xalası oğlu ilə birgə Moskvada qiyabi təhsil alır. Yaz sessiyasında Moskvaya gediblər. Onlar parkda gəzərkən sprint lotereyası alıblar və Bünyad aldığı iki lotereyadan birində “QAZ-24” markalı avtomobil udub. Növbəti gün lotereyanı rəsmiləşdirmək üçün xalası oğlu ilə mərkəzi əmanət kassasına yaxınlaşıblar. Bünyad qısaqol köynək, onun xalası oğlu isə kostyum geyindiyindən Bünyadın pasportu və lotereya xalası oğlunun pencəyinin cibində olub. Xalası oğlu lotereyanı təqdim edən zaman Bünyadın pasportunu cibində saxlayıb, əvəzində öz pasportunu təqdim edib. Sənədləşmə başa çatan zaman avtomobilin xalası oğlunun adına sənədləşdirilməsini öyrənən Bünyad səs-küy salaraq sənədləşmənin onun adına aparılmasını tələb etsə də, xalası oğlu onu dilə tutaraq razı salıb ki, maşın sənədlə onun adına olsa da, Bünyadın hesab olunur. Eləcə də onun sürücülük vəsiqəsi olduğundan maşını Moskvadan sürüb apararlar. Bünyad da bununla razılaşıb. Rəsmiləşmə prosesindən sonra birgə universitetə gediblər. Xalası oğlu auditoriyaya girən kimi şad xəbəri elan edib ki, Bünyad avtomobil udub. Hamı onu təbrik edib, yığışıb birgə qeyd ediblər. Nə isə, sonradan elə olub ki, avtomobili Moskvada onlara verməyiblər. Deyiblər ki, biz Azərbaycana göndərəciyik və ünvan veriblər ki, gedib oradan götürərsiniz. Nəhayət, qayıtdıqdan sonra maşını götürüblər, lakin xalası oğlu avtomobili Bünyada verməkdən boyun qaçırıb. İddia edib ki, guya maşını özü udub. Bünyad nə qədər çalışsa da, onu razı sala bilməyib. Bütün rəsmi qurumlara edilən müraciətlər də nəticəsiz qalıb. Mən sədr kimi müraciəti dinlədikdən sonra ona tövsiyə etdim ki, hadisəni təfsilatı ilə yazsın və iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Ərizə məhkəməyə daxil olan kimi dərhal qərar qəbul edib həmin avtomobilin üzərinə həbs qoyduq. Daha sonra onların təhsil aldığı universitetə sorğu göndərdik. Çünki uduş olan gün qrup yoldaşları ilə birgə bu hadisəni qeyd etmişdilər. Moskvanın bir çox rayonlarına məhkəmə tapşırığı göndərdik ki, həmin tələbələr şahid kimi ifadə versin. Hamı bir nəfər kimi bildirmişdi ki, maşını Bünyad udub və xalası oğlunun adına rəsmiləşmə aparılıb. Moskvada onlarla birgə oxuyan həmkəndlilərini də şahid kimi cəlb etdik və nəhayət həqiqət ortaya çıxdı. Maşın xalası oğlundan alınaraq Bünyada verildi. Bu hadisə barədə o vaxt mətbuatda da məlumatlar dərc olunmuşdu. Bünyad arada maşınla gəlirdi məhkəmənin həyətinə, soruşurdu ki, nə qulluğunuz var? Bilirsiz, bu cür haqsızlıqlar aradan qalxanda bir hakim kimi adamın özünə də ləzzət edir. Bu hadisədən sonra camaatda da məhkəməyə qarşı çox böyük inam yaranmışdı. Ürəklə gəlib məhkəməyə müraciət edirdilər. Çünki bilirdilər ki, əgər haqlıdırlarsa, mütləq məhkəmədə qalib gələcəklər. Məhkəməyə inam çox böyük məsələdir, həqiqətən”.

“Heç boş vaxtım yoxdur”

Təqaüdə çıxandan sonra Əsəd Mirzəliyev Bakı Hüquq Təlim Mərkəzinin direktorudur. Həmçinin Hüquqi İslahatlara Yardım Mərkəzinin İdarə Heyətinin üzvü və direktor müavinidir. 2023-cü ilin oktyabr ayında təsis edilən Hakimlər İttifaqının da üzvüdür. Deyir ki, hakim olanda iş yükü necə idisə, elə indi də eynidir: “Heç boş vaxtım yoxdur. Sadəcə bir şey var ki, indi sərbəstəm”.

“Biz heç illərlə Şura üzvlərinin üzünü görmürdük”

Ali Məhkəmənin Elmi-məsləhət şurasının fəaliyyətinə toxunan qocaman hakim deyir ki, şura əvvəllər sadəcə kağız üzərində mövcud olub: “Biz heç illərlə Şura üzvlərinin üzünü görmürdük. Amma indi əməlli-başlı fəaliyyətdə olan bir qurumdur. Bilirsiniz ki, Ali Məhkəməyə yeni sədr təyin olunduqdan sonra Şuranın tərkibi yenidən formalaşıb. Artıq bir neçə dəfə iclaslarımız keçirilib. Çox mühüm və aktual məsələləri müzakirə etmişik. Hesab edirəm ki, Şuranın fəaliyyəti hazırda çox səmərəlidir”.

“Hakimin qazandığı hörmət onun ədalətindən asılıdır”

Qocaman hakim gənc hakimlərə məsləhətlər verdiyini, çətinlik çəkdikləri məsələlərdə tövsiyələrini əsirgəmədiyini də deyir: “Mən həmişə demişəm, hakimin qazandığı hörmət onun ədalətindən asılıdır. Hakim ədalətli olmalıdır. Onun nüfuzu da, hörməti də ordan qaynaqlanır. Hər zaman hakimlərə tövsiyə edirəm ki, çox oxusunlar, öyrənsinlər, yeniliklərdən xəbərdar olsunlar. Çünki qanunvericiliyə tez-tez dəyişikliklər olunur. Bunların hamısını izləmək lazımdır. 1 həftə oxumadınsa, artıq geri qalırsan. Mən özüm də daim oxuyuram, yenilikləri izləyirəm, nə olsun ki, təqaüddəyəm. Hakim üçün mütaliə çox vacibdir. Bu, onların tərtib etdiyi qərarlarda da özünü göstərir. O hakim ki, mütaliə etmir, onun söz ehtiyatı da zəif olur. Baxırsan ki, tərtib etdiyi qərarlara da təsir edir. Qurduqları cümlələr adamı qane etmir. Mənə elə gəlir ki, indiki hakimlər kifayət qədər oxumurlar. Amma qınamaq da olmur onları. Çünki iş yükü çoxdur, heç əlavə nəsə oxuyub öyrənməyə vaxtları da yoxdur”.

“Ədalətsiz qərar qəbul etmək olmaz!”

Sabunçu Rayon Məhkəməsinin hakimi olan oğlu Tuslan Mirzəliyevin də fəaliyyəti ilə bağlı suala qocaman hakimin cavabı belə olub: “Deyim ki, tam razıyam, yox. Çünki hələ yeni başlayıb. Mən istədiyim səviyyədə yetişməsi üçün zaman lazımdır. Məni ən çox qane edən tərəfi isə bu peşəni sevməsidir. Bu qədər iş yükünə baxmayaraq, Ruslan öz işini sevərək görür. Məncə, bu, çox önəmli amildir. Əgər bu sevgi varsa, deməli, daim öz üzərində işləyəcək, çətinliklərə də dözəcək. Mən ona ilk gündən sadəcə bir şey demişəm: ədalətsiz qərar qəbul etmək olmaz!”

“Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür”

Qocaman hakimlərin maaş məsələsinə də toxunub: “Hakimlərin maaşı yüksək olmalıdır. Maddi təminatı yaxşı olmalıdır ki, başqa yola meyil etməsinlər. Bilirsiniz, hakim elə bir mövqedədir ki, ondan hər gün hər cür xahişlər olur. Maddi təminatı yüksək olsa, bu cür xahişlərin qarşısında da daha dözümlü olar. İndi cəmiyyətdə elə bir fikir var ki, hakimin hansısa qərarı qəbul etməkdə marağı olur və s. Elə deyil. Bu gün hakimlərimiz çox ədalətli, obyektivdilər. Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür”.

“Bütün bunlar çox mühüm dəyişikliklərdir”

Məhkəmə-hüquq islahatlarından danışan qocaman hakim deyib ki, Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından sonra bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Çox mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. Hakimlərin sayı artırılır. Bu da işlərə daha səmərəli baxılmasına xidmət edir. Çünki iş yükü işlərə kefiyyətli baxılmasına təsir edən amillərdəndir. Hakimliyə qəbul prosesi çox şəffaf qaydada keçirilir. Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. Məhkəmə-Hüquq Şurasına rəhərlik Ali Məhkəmənin sədri tərəfindən həyata keçirilir. Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. Bütün bunlar çox mühüm dəyişikliklərdir. İslahatlar bundan sonra da davam edəcək və biz müsbət nəticələri görəcəyik.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR