İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda ucuzlaşan mallar bizdə niyə bahalaşır? - təhlil

1872 14.03.2024 08:25 İqtisadiyyat A A

Dünyada ərzaq qiymətləri 5 faiz, Azərbaycanda isə 0,3 faiz düşür...

Bu ilin əvvəlindən dünyada ərzaq qiymətlərində ucuzlaşma prosesi sürətlənib. İnflyasiyanın azaldığı demək olar ki, bütün ölkələrdə ərzaq qiymətləri prosesdə aparıcı rol oynayır. 2021-2022-ci illərin kəskin bahalaşmasından sonra əgər 2023-cü ildə inflyasiyanın azalmasında enerjidaşıyıcılarının qiyməti əsas paya malik idisə, bu ildən onu ərzaq məhsulları əvəz edib. 

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, 2024-cü ilin fevral ayında qlobal ərzaq qiymətləri indeksi 117,3 bənd təşkil edib ki, bu da yanvar göstəricisindən 0,9 bənd (0,7 faiz) aşağıdır. Ay ərzində şəkər, ət və süd məhsullarının qiymət indekslərindəki artım taxıl və bitki yağlarının qiymətlərindəki azalma ilə kompensasiya edilib. Nəticədə indeksin dəyəri ötən ilin müvafiq göstəricisindən 13,8 bənd (10,5 faiz) aşağı olub.

FAO Taxıl Qiymətləri İndeksi fevral ayında orta hesabla 113,8 bənd təşkil edib ki, bu da yanvardan 6,1 bənd (5,0 faiz) və 2023-cü ilin fevralından tam 32,9 bənd (22,4 faiz) aşağıdır. Ötən ayla müqayisədə bütün əsas taxıl bitkilərinin dünya qiymətlərində ucuzlaşma qeydə alınıb. Argentina və Braziliyada bol məhsul gözləntiləri, Qara dənizdə yükdaşımaları təmin edən Ukraynadan ixracın kəskin artımı qarğıdalının ən çox ucuzlaşmasına səbəb olub. Buğda qiymətləri isə Rusiyadan ixracın artması  fonunda Avropa İttifaqı ölkələrində ucuzlaşma ilə bağlı ucuzlaşıb.  Buğda və qarğıdalı qiymətləri kimi, arpa və sorqodun dünya qiymətləri də bir qədər ucuzlaşıb. Fevral ayında qlobal düyü qiymətləri 1,6 faiz azalıb. Bunun səbəbi bir sıra ölkələrdə yeni məhsulun bazara çıxması fonunda alıcı tələbinin artmamasıdır.

Ötən ay Bitki Yağı Qiymət İndeksinin orta dəyəri 120,9 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6 bənd (1,3 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,0 bənd (11,0 faiz) azdır. Bu azalma əsasən soya, günəbaxan və kolza yağlarının dünya qiymətlərinin azalması ilə izah olunur ki, bu da palma yağının qiymətinin cüzi artımını marja ilə kompensasiya edib. Qlobal soya yağının qiymətləri fevral ayında əhəmiyyətli dərəcədə azalıb, bu, ilk növbədə Cənubi Amerikada ümumi əlverişli hava şəraiti fonunda soya istehsalının ciddi artımla proqnozlaşdırılması ilə əlaqədardır. Əhəmiyyətli ixrac təklifinin davam etməsi nəticəsində günəbaxan və kolza yağlarının dünya qiymətləri də aşağı düşüb. Palma yağının dünya qiymətləri, əksinə, Cənub-Şərqi Asiyanın əsas istehsalçı ölkələrində hasilatın mövsümi azalmasının təsiri altında fevral ayında bir qədər artıb.

Süd Məhsullarının Qiymətləri İndeksinin fevral ayında orta dəyəri 120,0 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,3 bənd (1,1 faiz) yüksək, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18,6 bənd (13,4 faiz) azdır. Fevral ayında kərə yağının dünya qiymətləri daha çox artıb ki, bu da Asiya ölkələrindən yüksək idxal tələbi və Okeaniyada süd istehsalının mövsümi azalması ilə əlaqədar olub. Eyni zamanda qurudulmuş südün qiymətləri, əsasən, Avropa İttifaqında qiymətlərin düşməsi ilə qismən kompensasiya edilib. Dünya pendir qiymətləri də Avropa İttifaqında ehtiyatların aşağı düşməsi fonunda Asiya ölkələrindən gələn güclü tələbin təsiri altında bir qədər artıb.

Yeddi aylıq davamlı enişdən sonra FAO-nun Ət Qiyməti İndeksi fevral ayında orta hesabla 112,4 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,0 bənd (1,8 faiz) artım, əvvəlki ilin müvafiq göstəricisindən 0,9 bənd (0,8 faiz) azalma deməkdir. Quş əti və mal əti üzrə qlobal kotirovkalar ən əhəmiyyətli dərəcədə artıb ki, bu da əsasən aparıcı idxalçı ölkələrin tələbinin artması ilə izah olunur. Mal ətinin qiymətinin artması, güclü yağışların əsas istehsal bölgələrində heyvandarlıq tədarük zəncirini pozduğu Avstraliyadan gözləniləndən aşağı tədarüklə bağlı olub. Eyni zamanda donuz əti qiymətləri də Çindən tələbin artması və aşağı təklifin davam etməsi fonunda Qərbi Avropada daxili tələbatın artması səbəbindən bir qədər bahalaşıb. Əksinə, qlobal quzu əti qiymətləri Çindən idxal tələbinin zəifləməsi və Avstraliyada sürülərin bərpası nəticəsində əldə edilən rekord istehsal səviyyəsi səbəbindən aşağı düşüb.

Fevralda FAO-nun orta şəkər qiymət indeksi 140,8 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 4,4 bənd (3,2 faiz) çoxdur. Beləliklə, bu indeksin artımı ardıcıl ikinci ay davam edir. Onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 bənd (12,5 faiz) yüksək olub. 

Qlobal bazardakı proses ayrı-ayrı ölkələrdə əksini tapmaqdadır. Fevral ayı üzrə inflyasiya göstəricilərini açıqlayan əksər ölkələrdə ərzaq məhsullarının ciddi ucuzlaşması diqqəti cəlb edir. Məsələn, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, fevralda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 0,3 artıb. Mehmanxana və ictimai iaşə xidmətlərində qiymət yüksəlişi 6,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,5 faiz, nəqliyyat xidmətlərində 4,8 faiz olub. Amma spirtsiz içkilər və ərzaq 3,5 faiz, mebel və məişət əşyaları 3,3 faiz, geyim və ayaqqabılar 3 faiz ucuzlaşıb. 

Azərbaycanda da ilin əvvəlindən rəsmi statistika inflyasiyanın 1 faizdən aşağı olduğunu elan edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz artıb. Bu qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlərdə 0,3 faiz azalıb, qeyri-qida məhsullarında 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə isə 2,3 faiz artıb. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil yüksəlib. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artıb. Fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub. 

2024-cü ilin fevral ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz yüksək olub.

Beləliklə, aydın olur ki, dünyada 3-4 faizlə ucuzlaşan ərzaq qiymətləri Azərbaycanda 0,3 faizlə ucuzlaşır. Halbuki 2021-2022-ci illərdə dünyada ərzaq qiymətləri 4-5 faiz artdığı halda, Azərbaycanda 15 faizlə artırdı. Azərbaycan hökuməti iki il boyu ölkədəki ifrat bahalaşmada ərzaq məhsullarının payının həlledici olduğunu, onların bahalaşmasında isə idxalın əsas yer tutduğunu ictimaiyyətə qaçılmaz proses kimi təqdim etdi. Açıqlanan məlumatlarda ərzaq qiymətlərinin bahalaşmasının sırf dünya bazar qiymətlərindən irəli gəldiyi dəfələrlə vurğulandı. Amma bir izahat verən olmadı ki, qlobal bazarda 5 faiz bahalaşan məhsul Azərbaycanda niyə 15 faiz bahalaşır?

2022-ci ilin ikinci yarısından qlobal bazarlardan ərzaq qiymətlərinin ucuzlaşması başlayıb və hələ də davam edir. Azərbaycan bazarına bu prosesin təsiri 2023-cü ilin son iki ayında gəlib çıxdı, çox cüzi səviyyədə və rəsmi statistikada. İndi də istehlakçılar xaricdən idxal olunan maye yağlar istisna olmaqla, əsas ərzaq məhsullarının qiymətində hər hansı ucuzlaşma qeydə almasalar da, rəsmi statistika bu prosesin olduğunu deyir. Lakin bu dəfə proses dünyadakından başqa formada fərqlənir: əksər ölkələrdə 3-5 faizlə gedən ucuzlaşma bizdə 1 faizdən aşağı həddə qeydə alınır.

Azərbaycanda yaranmış bu vəziyyət xüsusilə ərzaq bazarında proseslərin sağlam bazar prinsipləri əsasında getməməsinin nəticəsidir. Hər idxal, həm də satış bazarında inhisarçılığın yüksək səviyyədə inkişafı, sağlam rəqabət mühitinin olmaması qiymət formalaşmasında da rəqabətin olmamasına səbəb olur. Faktiki olaraq bu gün Azərbaycan bazarında qiymətləri monopolist şirkətlər təyin edir. Məhz belə monopolist şirkətlərin maraqları üzündən ölkə bazarında bahalaşan məhsulların qiymətində ucuzlaşma faktlarına çox nadir hallarda rast gəlmək mümkündür. Rəqabət Məcəlləsinin qəbulu bu sahədə problemlərin aradan qalxmasına müəyyən ümidlər yaradıb. Bu ümidlərin özünü doğruldub-doğrultmayacağı məcəllənin tətbiqindən asılı olacaq...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR