İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəlin, 1918-ci ilin xəritəsinə baxaq, görək Rusiya Azərbaycanı işğal edəndə...” - Ziyafət Əsgərovdan ilginc mesajlar

5741 08.12.2023 10:27 Müsahibə A A

Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsi istiqamətində təşəbbüslərin olduğu halda belə, rəsmi İrəvanı gərginliyə sürükləyən Fransa bu ölkəni hərbi texnika, radar sistemləri və silah-sursatla təmin etməkdən əl çəkmir. 30 ilə yaxın həmsədr qiyafəsində guya münaqişənin həllinə “çalışan” rəsmi Paris Ermənistanı növbəti toqquşmaya cəlb etməklə əslində, onu fəlakətə sürükləyir.

Bu mövzuda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Musavat.com-un suallarını cavablandırdı.

- Ziyafət bəy, heç şübhəsiz ki, bundan sonra uzun illər düşmənlə ideoloji cəbhədə və diplomatik müstəvidə savaşımız davam edəcək. Amma danışıqların indiki gedişində belə, Fransa Ermənistanı “SEZAR” artilleriya qurğuları ilə təmin etmək haqda müzakirələr  aparır, Avropa İttifaqı mülki missiyanın ardınca bölgəyə hərbi qüvvələrin göndərilməsini müzakirə edir. Deməli, bizi Ermənistanla üçüncü savaş da gözləyə bilər və silahı yerə qoymağımız tezdir. Siz nə gözləyirsiniz?

- Ermənistanla qonşu olan dövlətin zəif olmağa haqqı yoxdur. Biz güclü olmağa məhkumuq, həmişə güclü olmalıyıq. Baxın, bir tərəfdən Paşinyan sülh müqaviləsi deyir, digər tərəfdən Fransa onu qızışdırır, eyni zamanda Paşinyanın özü də iki stulda oturmağa çalışır, hərçənd hələ otura bilmir. Çünki onun oturmağa nə qabiliyyəti, nə imkanı, nə gücü var. Amma dəfələrlə demişəm, bu gün Ermənistanda Rusiyanın öz marağı var, ABŞ-ın öz marağı, Fransanın, Avropa İttifaqının da öz maraqları var. Yəni elə vəziyyət yaranıb ki, bu gün Ermənistanı Ermənistandan, Paşinyandan başqa hamı idarə edir. Öz maraqlarından biri də budur, mən açıq söyləyirəm, onlar hesab edirlər ki, Türkiyə Qafqaza soxulacaq, bu mənada Türkiyənin qarşısını almaq istəyirlər. Əvvəla, Türkiyə region dövlətidir, Türkiyənin çox normal qarşılanmalıdır, məsələn, bizimlə müqaviləsi var. Əslində bu, məsələnin görünməyən tərəfidir. Düzdür, bunlar məsələni açıq-aşkar qoyurlar ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb-çıxartsınlar. Bunların əsas məqsədi budur. Amma digər tərəfdən də hesab edirlər ki, birdən Türkiyə bura gələ bilər, Türkiyə gəlincə, mən gəlim oturum orda. Əvvəla, sən kimsən gəlib oturasan burda, sən hara, Cənubi Qafqaz hara?! Türkiyə region dövlətidir, Türkiyənin Azərbaycanla Şuşa müqaviləsi var, qardaş ölkədir. Yəni bunların o qorxusu var. Amma onların özləri də bilir ki, nə Türkiyə, nə Azərbaycanın Ermənistanın torpaqlarında gözü yoxdur. Adını da qoyurlar guya Azərbaycandan Ermənistana təhdid var, bunlar hamısı gəlib Qafqazda möhkəmlənmək üçün bəhanədir. Deməli, bir güllə ilə iki dovşan vurmaq istəyirlər. Gəlsinlər, otursunlar burda, Rusiyanı regiondan çıxartsınlar və Rusiyaya desinlər ki, burada bizik. Yəni NATO gəlib otursun Ermənistanda. Fransa kimdir: NATO. Sual olunur, NATO dövləti, sən NATO Türkiyəsinə qarşı mübarizə aparırsan? Bəli, aparır. Ermənistan Türkiyə ilə həmsərhəddir. Bu cür çirkli oyunlar aparırlar. Hamı bizim kimi düşünmür, görünür siyasətdə həddindən artıq səmimi olmaq da yaxşı şey deyil.

- Bu gedişlə sülh çətin görünür, elə deyilmi?

- Biz mövqeyimizi ortaya qoymuşuq. Sülh müqaviləsinin imzalanması, delimitasiya, demarkasiya proseslərinin aparılması. Amma görünən budur ki, Ermənistan bununla manipulyasiya edir. Eləsin, görək axırda kim qazanacaq? Amma bir şey gün kimi aydındır, bu, mənim daxili inamımdır, biz 44 günlük müharibədə necə qalib gəldiksə, Laçın yolunda necə blok-postumuzu qoyduqsa, antiterror tədbirlərini necə müvəffəqiyyətlə həyata keçirdiksə, o inamla, müvəffəqiyyətlə də irəliləyəcəyik. Çünki biz dövlətimizə, prezidentimizə və ordumuza inanırıq.  

- Yeri gəlmişkən, hələ qorxurlar ki, Milli Məclis günün birində Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri və xəritəsi ilə bağlı qanun layihəsini bir gün müzakirəyə çıxara bilər.

- Tam doğru. Yeri gəlsə, mən bunu istisna etmirəm. Amma biz hələ bu məsələdə müəyyən dözümlülük göstəririk. Burada 1918-20-ci illərin xəritələri var. Bunlar delimitasiya məsələsində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrini ortaya qoyurlar. 1975-ci il nə SSRİ-nin yarandığı, nə də süquta uğradığı vaxtdır, xeyir ola, Paşinyan, sən həmin ilin xəritələrini ortaya qoyursan? Özü də hara gedir, əlində bir xəritə. Paşinyan o xəritəni ortaya qoyur ki, həmin xəritədə Azərbaycandan oğurlanmış torpaqlar var. Amma gəlin 1918-ci ilin xəritəsinə baxaq, görək Rusiya Azərbaycanı işğal edəndə nə qədər ərazi ilə daxil olmuşduq, çıxanda nə qədər ərazi ilə çıxdıq? 114 min kv.km ərazimiz var idi, hanı? İndi 86,6 min kvadrat km qalıb. Paşinyan bilirsiniz niyə tez-tez “Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyırıq” deyir? 1918-ci ildə Azərbaycandan qopardıqları torpaqları yaddan çıxartmaq üçün. Amma keçməz, hər şey bizim yadımızdadır. Bilirik, onları qızışdıran Fransadır. Fransa da bunu gözəl bilir. Bizdən nə qədər torpaq qoparıblar, oğurlayıblar.

- Həmin xəritə də elə Fransada çap olunub.

- Bəli. Fransa çox yaxşı bilir. 1903-cü ildə Sank-Peterburqda çap olunmuş xəritə var, mən iş otağımın divarına vurmuşam, 20 ildir iş otağımdadır, hər dəfə otağa girəndə baxıram ora. Orda Ermənistan adlı bir dənə anlayış yoxdur. Azərbaycan var, Azərbaycan toponimləri, şəhər və kəndlər var. Ermənistan, “Armeniya” anlayışı yoxdur, bir dənə də olsun erməni toponimi yoxdur. Əgər mən bunu görürəmsə, fransız, erməni görmür?

- Elə Paşinyan özü də etiraf etmişdi ki, Ermənistan üçün “kupça” almaq lazımdır.

- Ay sağ ol. Azərbaycanın kifayət qədər tarixi, hüquqi və mənəvi arqumentləri var. Ona görə də hər bir halda haqq-ədalət bizim tərəfimizdədir. Düzdür, indi haqq-ədaləti Avropada çox tapdayırlar, xüsusilə də Fransa. Amma əminik ki, yüz faiz haqq-ədalət qalib gələcək. Haqqı, ədaləti bu qədər tapdamaq olmaz.

- ABŞ rəsmisi O”Brayen də üstümüzə gəlirdi. Gəldi, cavabını aldı, məmnun qayıtdı...

- Bəli, indi quzuya dönüb. Deyildi ki, gəl, hesabat ver! Nəyə lazım idi bu? ABŞ, siz deyirsiniz ki, Azərbaycan mənim strateji tərəfdaşımdır, bəs, bu nə idi? Yaxşı yadımdadır, 2001-ci ilin 11 sentyabr hadisələrində rəhmətlik Heydər Əliyev dərhal bəyanat verdi və dedi terrorizmə qarşı biz ABŞ-ın yanındayıq. Ondan sonra 907-ci düzəlişin tətbiqini dondurdular və hər il onu Azərbaycanın xeyrinə bir illiyinə dondurdular. Yaxşı, nə oldu, nə baç verdi? Özü də biz sizə hava məkanı verdik. Əfqanıstana uçan təyyarələr Azərbaycanın hava məkanından istifadə edirdi. Strateji tərəfdaşa qarşı bu cür münasibət bəsləyirlər? Bu, nə deməkdir? 5-6 erməninin diktəsi ilə ABŞ kimi dövlətin siyasətini hara aparırsınız? Bu, nə deməkdir? İndi bəli, Blinken cənab prezidentə zəng etdi və cənab prezident necə lazımdır cavabını verdi. Ondan sonra bəs mənim köməkçim gəlsin yanınıza...Gəlsin. Bu hərəkəti nə üçün edirdiniz ki, sonra da belə vəziyyətə düşürdünüz? Böyük dövlətsiniz, sizə yaraşmaz belə hərəkət!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR