İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin birgə yaşayışla bağlı qorxularının əsl səbəbi

1308 20.10.2023 13:16 Media A A

Deputat: “Necə olur ki, Ermənistandan Türkiyəyə köçüb birgə yaşaya bilirlər, amma...”

Antiterror tədbirlərindən sonra ermənilərlə birgə yaşayış məsələsi gündəmə gəlib. Hətta Azərbaycan Prezidentinin Administrasiyası oktyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı tədbirlər proqramının açıqladı. Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlanılıb. Əslində azərbaycanlılara qarşı soyqırımlar törədən, günahsız insanların qətlinə bais olan ermənilərlə birgə yaşamaq bizi daha çox narahat etməlidir. Amma görünən odur ki, ermənilər bundan daha çox narahatlıq keçirirlər. Bəs bunun səbəbi nədir? 

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünya təcrübəsində bütün müharibələr danışıqlar masasında sülh haqqında saziş imzalanmaqla başa çatır: “Əgər bu saziş imzalanmazsa, müharibə riskinin qalması deməkdir. O cümlədən, sülh sazişi imzalanandan sonra münaqişə yaşamış tərəflər arasında münasibətlərin formalaşması baxımından yeni mərhələ başlanır. Belə ki, uzun illər münaqişə yaşamış ölkələr sülh müqaviləsi imzalanandan sonra xalqların, iqtisadiyyatların inteqrasiyası baş verir və düşmənçilik səhifələri keçmişdə qalır. Ermənistanın Azərbaycana və Türkiyəyə olan saxta iddiaların üzündən ölkələr arasında  uzun illərdir ki, düşmənçilik yaşanır. Azərbaycan müharibə yolu ilə öz torpaqlarını Ermənistanın işğalından azad etdi və xalqlar arasında düşmənçiliyi yaradan əsas problemi həll etmiş oldu. Ermənistan isə bu vəziyyətlə barışmaq istəmədiyindən müxtəlif yollarla öz çirkin niyyətlərindən geri çəkilmir. Sözdə sülh müqaviləsinin imzalanmasını və kommunikasiyaların açılmasını istədiyini desə də, əməlləri tamamilə fərqlidir və Fransa ilə hərbi sahədə əməkdaşlığını genişləndirərək yenidən müharibəyə hazırlaşdığı açıq şəkildə görünür. Amma Ermənistan nə qədər müharibəyə hazırlaşsa da, bir də heç vaxt Azərbaycan Ordusu ilə üz-üzə gələ bilməyəcək. Azərbaycan Ordusu dünyanın ən güclüsü olduğunu döyüş meydanında təsdiq etmişdir və həm də NATO-nun ən böyük ikinci  ordusu olan Türkiyə ilə müttəfiqdir. Ona görə də Ermənistan boş-boşuna yenidən müharibəyə hazırlaşmaqdansa, yeni reallığı qəbul edərək sülh gündəliyini inkişaf etdirsə, yaxşı olar”. 

Azər Badamov: Separatçılar silahları yerə qoyaraq dialoq üçün  yalvarmasalar, antiterror əməliyyatı zəruri olacaq Pravda.az

Azər Badamov

Deputat əlavə edib ki, bu gün Ermənistanda çox müzakirə olunan mövzulardan biri də sülh müqaviləsi imzalanandan sonra xalqların birgə yaşaya bilməyəcəkləri ilə bağlıdır: “Ermənilərin bəzi politoloqları xalqlarımızarası düşmənçiliyin dərin tarixi köklərinin olduğunu və birgə yaşayışın mümkünsüzlüyü ilə bağlı fikirləri ifadə edirlər. Təbii ki, birgə yaşayışın mümkünsüzlüyü fikrinin cəfəngiyyatdan başqa bir şey olmadığını hesab edirəm. Birincisi ona görə ki, türklərin və azərbaycanlıların ermənilərə qarşı heç vaxt düşmənçiliyi olmayıb. Tarixdə baş vermiş bütün münaqişələri ermənilər sərsəm iddialarla özləri türklərə və azərbaycanlılara qarşı törətmişdir. Ermənilər xalqlarımıza qarşı zaman-zaman soyqırımlar törətmiş və ərazilərimiz hesabına özlərinə dövlət qurmuşdur. Həmişə əziyyət çəkən tərəf biz olsaq da yenə də humanistlik nümayiş etdiririk və birgə yaşayışın mümkünlüyünü bildiririk. Bunun mümkünlüyünü bir neçə misalla təhlil etmək istəyirəm. Əvvəlcə qeyd etmək istəyirəm ki, 70 il eyni ittifaqda dost və qardaş xalqlar kimi yaşaya bilmişiksə, niyə indi yenidən inteqrasiya oluna bilmərik. Bu gün sadə ermənilərin özləri də birgə yaşayışın mümkünlüyünü qeyd edirlər və davam edən düşmənçiliyin siyasətçilərin yaratdığı gündəlik olduğunu bildirirlər. Digər bir misal kimi Azərbaycan- Ermənistan münaqişəsi  davam edən dövrdə də Azərbaycanın münaqişədən uzaq digər ərazilərində  minlərlə erməni heç bir ayrı-seçkilik və təzyiqlə qarşılaşmadan rahat yaşaya bilmişdisə, bundan sonra qonşu ölkələr kimi inteqtrasiya olunaraq niyə yaşaya bilməsinlər. Başqa bir misal. Ermənistandakı pis yaşayışdan qaçan minlərlə erməni Türkiyəyə köçüb yaşayır və öz yaşayışlarından da çox razıdırlar. Necə olur ki, Ermənistandan Türkiyəyə köçüb birgə yaşaya bilirlər, amma ölkələr arasında inteqrasiya olunub xalqlarımız daha geniş anlamda yenidən birgə yaşaya bilməzlər?! Hətta Azərbaycan Qarabağdan köçmüş yerli ermənilərin qayıda biləcəyini də bildirir. Birgə yaşayışın mümkünsüzlüyü ilə bağlı ifadələri demək qorxudan başqa bir məsələ deyil. Bu məsələ 80-ci illərin sonunda-90-cı illərin əvvəlində Ermənistandan deportasiya olunmuş 250 min azərbaycanlının geri qayıtmaq qorxusu ilə bağlıdır. Ermənistan birgə yaşayışdan nə qədər qorxsa da azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması labüd məsələdir. Bu qayıdışımız müharibə yolu ilə yox, sülh yolu ilə avtomobillərə oturub  rahat şəkildə qayıtmaqla baş tutacaqdır”.

 HAZIRLADI: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR