İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Məmmədov: “Biz ermənilərə bir yol verməliyik: o da Qarabağdan Ermənistan istiqamətinə”

1518 25.08.2023 12:35 Müsahibə A A

“Bu gün-sabah ola bilər, ermənilərin betonlarla bağladığı Əsgəran yolu tərəfdə toplaşdıq ki, biz də evimizə, vətənimizə gedirik...”

“Yeni Müsavat”ın budəfəki müsahibi 41 saylı Şuşa - Xocalı-Xocavənd-Tərtər-Kəlbəcər seçki dairəsini parlamentdə təmsil edən, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Elman Məmmədovdur. Həmsöhbətimizlə günümüzün aktual mövzularından danışdıq: 

- Elman bəy, Azərbaycan dövləti humanizm nümayiş etdirərək Ağdam-Xankəndi yolunu təklif etsə də, erməni separatçıları israrla deyirlər ki, biz yüklərimizi yalnız Laçın yolu ilə daşımalıyıq. Qarabağ hadisələrində zərərçəkən olaraq sizin bu məsələyə yanaşmanız necədir?

- Dövlət siyasəti öz yerində. Mən dövlətimizin siyasətini, cənab Prezidentimizin apardığı siyasəti, sərgilədiyi mövqeyi birmənalı şəkildə müdafiə edirəm. Ancaq mən bu suala vətəndaş mövqeyimi bildirmək istəyirəm. Mənim şəxsi fikrim, mövqeyimdir və dediklərimin dövlətimizin tutduğu mövqeyə aidiyyəti yoxdur. Soyqırımı yaşamış Azərbaycan vətəndaşı kimi, 1988-ci ildən 1992-ci ilədək elə yollarla, bütün baş verən digər hadisələrlə bağlı o əziyyətləri yaşamış bir insan kimi fikrimi söyləyəcəyəm. Bu, yalnız mənə aid fikirlərdir, yəqin razılaşmayanlar da olacaq, hərənin özünəməxsus mövqeyi var.

Mən hesab edirəm ki, biz onlara bircə dənə yol verməliyik, o da Qarabağdan Ermənistana bir istiqamətdə gedən yolu. Axırıncı erməni bizim ərazilərimizdən təmizlənib gedənə qədər nə bu gərginlik səngiməyəcək, nə təxribatlar bitəcək, nə müharibə təhlükəsi, nə də dünya dövlətlərinin bizə qarşı olan təzyiqləri, təpkiləri aradan qalxacaq. Bu gün Ermənistan deyilən dövlətdə azərbaycanlı yaşamır. Eləcə də bütün ermənilər gedib Ermənistan deyilən dövlətlərində yaşaya bilərlər, bu, bir.

Digər tərəfdən, bunlar üçün dünyanın hər yeri vətəndir, harada günləri xoş keçirsə, deyirlər ki, bura bizim vətənimizdir. Harada istəyirlər yaşasınlar. Onlar Azərbaycan ərazisindən təmizlənməlidir. Sərhədçilərimiz sərhəddimizi bağlayıb, şükür, daha da möhkəmlənməlidir. Ondan sonra nə bu dedi-qodu, gərginlik olacaq, nə təxribat. Hərə gedib öz vətənində yaşasın. Erməni, sən mənə qarşı düşmənsən, soyqırımlar törətmisən, başımıza müsibətlər açmısan, bu gün də bir at minib, birini də yedəyinə alıb, düşübsən dünyanın canına. Bütün dünya ölkələrini, bütün beynəlxalq qurumları bizim üzərimizə qaldırmaq istəyirlər. Min cür fitnə-fəsad törədirlər. Bax, belə olan halda biz nəyə görə bunların nazı ilə oynamalıyıq, bunlardan soruşmalıyıq ki, siz hansı yolu istəyirsiniz, hardan gedəcəksiniz, hardan gələcəksiniz, sizə yardım, ərzaq, filan şey hardan gələcək? Bunlar hamısı havayı başağrısıdır və ermənilərin növbəti fitnə-fəsadıdır. Ən yaxşısı ermənisiz Azərbaycan. Bu, ən salamatıdır. Bu, mənim şəxsi mövqeyimdir.

- Xocalı bizim hər birimiz üçün çox önəmli ünvan, həssas nöqtədir. Erməni separatçıları bir müddət əvvəl hətta Xocalıda, rus hərbçilərinin gözləri qarşısında aksiya keçirdilər, qondarma rejimin əski parçasını başları üstündən asaraq...

- Bu fikirlərim təkcə Ermənistana və ermənilərə ünvanlanmayıb. Eyni zamanda dünyanın ən böyük və ən nüfuzsuz qurumu olan BMT-yə, Avropa İttifaqına, ermənipərəst Fransa kimi dövlətlərə ünvanlanıb. Yaxşı, siz orda qalan 5-10 min ermənidən ötrü boğazınızı cırırsınız, əsir-yesir olursunuz, ala qarğa, qara qarğa dəstəsi kimi yığışıb gəlirsiniz “Laçın” postu tərəfdəki təxribatçı hərəkətlərin keşiyini çəkirsiniz, ermənilər orda elə oldu, belə oldu, deyirsiniz. Axı orda təkcə ermənilər yaşamayıb. Ora mənim yurdum, vətənimdir. Bu gün mənim ev-eşiyimə, Xocalıma erməniləri gətirib yığmısınız, orada ermənilər yaşayır. Mən də doğma ev-eşiyimə qayıtmaq istəyirəm! Xankəndidə yaşayan azərbaycanlılar da evinə qayıtmaq istəyir. Ağdərədə, Xocavənddə yaşamış azərbaycanlılar da yurduna qayıtmaq istəyir. O torpaqların, o yurdların sahibləri bizik, ermənilər sonradan gəlmədir! İrandan, ordan-burdan köçürülüb, Çar Rusiyasının siyasəti ilə gətrilib Qarabağa yerləşdirilib. Nə təhər olur ermənilərin qayğısına qalırsınız, onlar necə yaşayacaq, ehtiyacları nədir, bununla maraqlanırsınız, ay beynəlxalq qurumlar, sülhdən danışan dövlətlər, bəs bizim doğma yurd-yuvamıza qayıtmağımızla niyə maraqlanmırsınz? Mən də istəyirəm gedim 31 il bundan qabaq ermənilər tərəfindən dağıdılmış evimdə, ermənilərin söndürdüyü ocağımı yandırım. Mən də istəyirəm gedim əzizlərimin qəbirlərini ziyarət edim. Bəs bizə niyə şərait yaratmırsınız? Bizim haqqımız var, bizim qayıdışımızla niyə maraqlanmırsınız, əgər belə haqq-ədalətin, insan hüquqlarının pozulmamasının tərəfdarısınızsa?!

“Müharibə təhlükəsi həmişə var”

Demək, burada nəticə nə çıxır: tarixən, 100 il bundan əvvəl olduğu kimi, bu gün də həmin ermənilər həmin maraqlı dövlətlərin əlində alətdirlər. Necə ki, 1900-cü illərin əvvəllərindən başlayaraq erməni məsələsini öz maraqları naminə, öz maraqlarının təmin olunması üçün onlardan bir alət kimi istifadə edirdilər, Türkiyəyə, Osmanlı dövlətinə, bütün müsəlman dünyasına qarşı bu gün də eyni proses gedir. Tamamilə həmin prosesdir, hələ bir az da yeniləşmiş, bicləşmiş, bir az da iyrəncləşmiş şəkildə, eynilə həmin dövlətlər tərəfindən həyata keçirilir.

- Tamamilə doğrudur. Belə olan təqdirdə xocalılar, Qarabağın yuxarı hissəsindən olan digər vətəndaşlarımız, öz yurdlarına qayıda bilməyən insanlarımızın həm də dövlətimizə kömək məqsədilə hərəkətlənməsinə, beynəlxalq aləmə çağırışlar etməsinə ehtiyac varmı, sizcə?

- Bəli, biz tələbimizi qoyuruq. Təkcə xocalılılar yox, Qarabağın yerli əhalisi, biz azərbaycanlılar bütün beynəlxalq qurumlar qarşısında öz tələblərimizi qoyuruq ki, biz də doğma yurd-yuvamıza qayıtmaq istəyirik. Bu gün-sabah ola bilər ki, kütləvi aksiya formasında nümayişkəranə ermənilərin betonlarla bağladığı Əsgəran yolu tərəfə toplaşarıq ki, biz evimizə, vətənimizə gedirik! Rus sülhməramlısı, Avropa İttifaqı, BMT və başqaları indi gəlin, bizim təhlükəsizliyimizi təmin edin!

Bax, buna görə də ərazilərimiz vaxt itirilmədən, heç kimin məsləhətinə qulaq asılmadan, suveren dövlət olaraq, öz Konstitusiyamıza və beynəlxalq hüquqa əsaslanaraq ərazilərimiz separatçılardan, cinayətkarlardan, terrorçulardan, işğalçılardan, Ermənistan silahlı birləşmələrindən təmizlənməlidir! Azərbaycan Ordusu, Azərbaycanın müvafiq qurumları, DİN, DTX bizim ərazimizdə əmin-amanlığı, təhlükəsizliyi təmin etməlidir ki, biz doğma yurd-yuvamıza qayıdıb, orda rahat yaşaya bilək.

Yəni görün nə qədər qudurğanlıqdır ki, Azərbaycan ərazisində erməni yol kəsir. Yol kəsir ki, “mən sizin Şuşaya getməyinizə imkan vermirəm”, yaxud imkan vermərəm ki, Əsgəran ərazisindən keçib Xocalıya, Ağdərədən keçib Kəlbəcərə gedəsiniz. Təbii ki, heç bir dövlət buna dözməz, eləcə də Azərbaycan dözməyəcək. Vaxtı çoxdan çatıb ki, ərazimiz bu separatçı qüvvələrdən, cinayətkarlardan tamamilə təmizlənsin. Ermənistanın təlxək baş naziri dəfələrlə beynəlxalq tədbirlərdə, görüşlərdə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ona hörmətlə yanaşırıq. Yaxşı, sən ərazi bütövlüyümüzü tanıyırsansa, hörmətlə yanaşırsansa, bir işğalçı xarici dövlət kimi sənin hərbi birləşmələrin mənim ərazimdə nə sülənir, niyə olmalıdır ki?! Bu suala cavab ver, Nikol Paşinyan!

Sən mənim ərazi bütövlüyümü tanıyırsansa, 1991-ci ildən Azərbaycan ərazisində fəaliyyət göstərən cinayətkar-separatçı quruma niyə Ermənistan büdcəsindən maliyyə ayırırsan?! Niyə oranın təminatı ilə sən məşğul olmalısan? Bu, Azərbaycanın daxili işlərinə qarışmaq, müdaxilə etmək deyilmi? Müdaxilədir, qarışmaqdır. Məntiqlə, demək, sən bizim ərazi bütövlüyümüzü tanımırsan və ona hörmət eləmirsən. Bax, buna görə də Azərbaycan olaraq biz vaxt itirmədən ərazilərimizi separatçılardan, işğalçılardan tamamilə təmizləməliyik. Orda qalan tör-töküntü kimlərsə varsa, onların nazı ilə oynamaq lazım deyil. Şərt budur: vətəndaşlığımı qəbul edirsənsə, əgər mənim dövlətimə və xalqıma qarşı cinayət törətməmisənsə, vətəndaşlığımı qəbul elə, yaşa! İstəmirsən, Xankəndidən Ermənistan istiqamətinə yol açıqdır, Azərbaycan xeyli xərc çəkərək o istiqamətə qəşəng yol çəkib, gedə bilərsiniz, sizi yola salırıq!

- Elman bəy, son günlər Rusiya pasportu gəzdirənlərin Qarabağdan gedişi müşahidə olunur. Qarabağ ermənilərinə rus pasportlarının paylanması barədə uzun müddət boyunca xəbərlər yayılırdı və artıq bu məlumatlar təsdiqini tapdı. Bu faktlar sizə nə deyir? Hər hansı əməliyyatmı gözlənilir, yoxsa başqa bir planlar var?

- Mən Xocalıda yaşamışam, vəzifədə olmuşam və orada əhalinin tərkibini də bilirəm. Məsələn, Xankəndidə 1988-ci ilədək, hələ münaqişə başlayana qədər mülki şəxslərdən söhbət gedirsə, 5-6 rus ailəsi var idi. Bunlar da kimlər idi? Vaxtilə sovet ordusunda xidmət etmişdilər, sonradan orda qalıb yaşayırdılar. Bir də 366-cı alayın zabitlərindən bir neçəsinin ailələri orda yaşayırdı. Xankəndidə başqa rus ailələri olmayıb. Amma xeyir idimi rus hərbi kontingenti “sülhməramlı” adı ilə gələn kimi bir “rus icması” yaratdı, Rus Pravoslav Kilsəsi tikdi? Dədə-babalarının, ruslara aid tarixi şəxsiyyətlərinin bir neçəsinin heykəllərini qoydular və s. Həmin ərəfədə də Qarabağda rus pasportları paylanmağa başlandı. Bu, bir növ Rusiya tərəfindən məqsədli idi ki, burada Rusiya vətəndaşlarının sayını artıraq və deyək biz burda öz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün daimi qalmalıyıq. Məqsəd bu idi.

Amma sonradan nəyə görəsə bu proses Rusiya tərəfindən yarımçıq dayandırıldı. Bu gün də o pasportu əllərində bayraq edib, ərazilərimizi tərk edənlər həmin şəxslərdir. Ancaq hələ az gedirlər, çox az gedirlər. Mən hesab edirəm ki, bu say birə on, birə yüz artmalıdır. Tamamilə təmizlənib getməlidirlər. Görürsünüzmü, rusların pərdəarxası, gizlin, iyrənc niyyətləri nə cür üzə çıxır. İndi Rusiyadan soruşmaq lazımdır ki, erməni əsillilərin əlində sənin pasportların nə gəzir? Bunları Rusiyadan köçürüb gətirmisən bura? Xeyr! Sən qeyri-qanuni olaraq Azərbaycan ərazisində öz vətəndaşlığını qəbul etdirməyə başlamısan ki, günün birində deyəsən burada mənim pasportumla yüzlərlə, minlərlə vətəndaşım yaşayır, mən də onların təhlükəsizliyini qorumaq üçün getmirəm, Qarabağda qalıram. Bax, budur məqsəd.

- Nəhayət, yeni müharibə gözlənilirmi?

- Nə qədər ki, Azərbaycan ərazisində həmin separatçı qurum mövcuddur, nə qədər ki, Azərbaycan ərazisində Ermənistan dövlətinə aid bir neçə minlik silahlı birləşmələr var, nə qədər ki, o sülhməramlılar ordadır və gündə min cür fitnə-fəsadla məşğul olur, gəldikləri gündən ordakı cinayətkarları, separatçıları silahlandırmaqla, onlara təlim keçməklə, onları təmin etməklə məşğuldur, bu təxribatların ardı-arası kəsilməyəcək, getdikcə də şiddətlənəcək. Ermənistanın 2020-ci ilin noyabrından sonra başlatdığı silahlanma hərəkətləri ki, davam edir, onlar havayı, elə-belə xərc çəkib silahlanmırlar, yenidən ordu yaratmırlar, demək, məqsəd var. Ona görə də müharibə təhlükəsi həmişə var.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR