İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət müstəqilliyimizin xilaskarı

868 17.10.2023 13:59 Media A A

Sabah “Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktının qəbul olunmasının 32-ci ildönümüdür. 1991-ci il 18 oktyabrda Azərbaycan Ali Sovetinin qəbul etdiyi bu sənəd Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü olaraq tarixə düşüb. Azərbaycan xalqı bu böyük tarixi nailiyyətə çatmaq üçün çox böyük mübarizə yolu keçib, qurbanlar verib. Müstəqilliyi qoruyub saxlamaq isə onu bərpa etməkdən də ağır bir mərhələ olub.

Azərbaycanın müstəqilliyinin bərpası və müstəqilliyin qorunması, dönməz edilməsində Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri olub. Bu barədə “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən sonra dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında liderini gördü, müstəqillik mübarizəsində yeni mərhələ başlandı. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda rəsmi bayraq olaraq dalğalandırılıb.

Hikmət Babaoğlu: Bakı Bəyannaməsi Milli Məclisin beynəlxalq əlaqələr  sahəsində səmərəli fəaliyyətinin göstəricisidir - AZƏRTAC

Hikmət Babaoğlu 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunub. Həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilib. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi: “Ulu öndər bu addımı atan zaman SSRİ hələ mövcud idi. Dahi Heydər Əliyevin Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanıması Azərbaycan xalqını müstəqillik mübarizəsində ruhlandırdı, müstəqilliyimizin bərpasının mümkünlüyünə inamını möhkəmlətdi. Məhz bundan sonra müstəqillik uğrunda xalq hərəkatının qələbə ilə nəticələnən mərhələsi başlandı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Ali Sovetində Dövlət müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi.

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Məhz bundan sonra ölkədə vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Heydər Əliyevin qayıdışı, qətiyyəti Azərbaycanın müstəqilliyini istəməyən böyük güclərin Azərbaycanın müstəqlliyinə son qoymaq və ölkəni parçalayıb qəsb etmək planlarını pozdu. Ona görə də əminliklə deyirik ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, memarıdır".

Deputat qeyd etdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində növbəti mərhələ Ulu öndər Heydər Əliyevin dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə atdığı addımları idi: “Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda əmin addımlarla irəliləyir, möhtəşəm nailiyyətlər əldə edir”.

 HAZIRLADI: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR