İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu “lotular” müharibənin son nəticəsini bilirlər

9832 10.04.2024 21:18 Gündəm A A

 

Müasir tarixdə heç bir ölkədə əhalinin Ukraynadakı kimi kəskin azalması faktı yoxdur; nə vaxt “döyüşməyə gücünüz yoxdursa, gedin oturub razılaşın...” deyəcəklər?   

Ukraynada vəziyyət haqda təsəvvür yaranması üçün  Prezident Aparatının rəhbəri Andrey Yermakın  “Politico”ya müsahibəsində dedikləri ilə başlamaqda fayda var. Çünki 2018-ci ildən Zelenskinin komandasında olan Yermak əvvəl prezidentin köməkçisi kimi  Rusiya ilə danışıqlara  və “Normandiya formatı”nda(Ukrayna, Almaniya, Fransa və Rusiya) görüşlərin təşkilində cavabdeh şəxs olub. Təsadüfi deyil ki, 2020-ci ilin fevralından Prezident Administrasiyasına rəhbərlik edən Yermakı indi Ukraynanın boz deyil, nədənsə, “yaşıl kardinalı” hesab edirlər. 

346892095841734.jpeg (98 KB)

Yermak müsahibəsində Ukraynadakı indiki vəziyyəti  belə təsvir edib: “İnsanlar yorğun olduqlarını deyə bilərlər, lakin siz onlardan Rusiyaya güzəştə getmək istəyib-istəmədiklərini soruşsanız, qəti şəkildə “yox” deyəcəklər. İnsanların ailələri ilə birlikdə Ukraynada qalması isə ümumilikdə, insanların əhval-ruhiyyəsinin hələ də güclü olduğunun təsdiqidir” . Yermak qələbəyə inam nümunəsi kimi çiyninə Ukraynanın simvolunu(“Üç diş”) döydürmüş 77 yaşlı anasını göstərib. Yermakın sözlərinə görə, “Ukrayna anası qədər cəsurdur”.  Mənalı fikirlərdir, müharibə aparan ölkənin əsas rəhbərlərindən biri cəbhədə vəziyyət nə olursa-olsun belə də deməlidir. Amma... 

Son günlər Rusiya telekanalları Ukraynanın sosial şəbəkələrində yayılan “zorla səfərbərlik” videolarından yenə əks-təbliğat kimi gen-bol istifadə edir. Videolar həqiqətən  ürpəndiricidir: gənc adamlar qaçır, avtomatlı hərbçilər qovalayıb tutub, sonra yerə yıxır, sürüyüb qara maşına doğru aparır və sairə... Müasir müharibələrdə vətən sevgisi beləmi olur? Birmənalı cavab vermək çətindir. Gerçək isə budur ki, ümidsizlik olan yerdə nəinki müharibə, orduya səfərbərlik çətin, hətta əks-effektli olur. İstənilən müharibədə ordudan yayınan da olur, sərhədi arvad parikində keçməyə cəhd edən də, saxta əlilik arayışı alan da, düşmənə satılan da, satqın da...Bu məğlubiyyət qədər qorxulu deyil, müharibənin bəlkə də yazılmamış qanunlarıdır. Qorxulusu odur ki, müharibə edən xalqın müqaviməti, qələbəyə ümidi qırılsın.   

1831060_original.png (2.30 MB)

Sabiq ingilis baş nazir Conson müharibənin ilk günlərində demişdi ki, sonuncu ukraynalıya qədər vuruşmaq lazım gələcək. Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki,  bu, böyük mənada Ukraynanın müharibəsi deyil.       

Ukrayna parlamenti hazırda səfərbərliyin sərtləşdirilməsi və qadınların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı qanun layihəsinin yekun variantı üzərində işləyir.  

Ukraynalı qadınların orduya cəlb edilməsi xüsusilə mübahisələr doğurub, “bu ölkənin kişiləri ölüb qurtardımı ki, qadınlar hərbi əməliyyatlara cəlb edilir” kimi rəylər yaradıb. Ukrayna rəsmiləri isə bu cür yanaşmanı qəbul etmirlər, hesab edirlər ki, “qadınların orduda xidmət etməsinə qadağa köhnə yanaşmadır”  və ondan imtina edilməlidir. Ukraynanın snayper qadınları haqda rəvayətlər çoxdur, məsələn, onların guya erməni tərəfdən Azərbaycana qarşı vuruşduqları haqda da çox danışılıb...  

scale_12002121.jpg (244 KB)

2022-ci il yanvarın 1-nə Ukraynanın əhalisi nəzarət olunmayan ərazilər nəzərə alınmaqla, 41 milyon 130,4 min nəfər olub. Müharibə isə  Ukraynaya əsl demoqrafik fəlakət yaşadıb.  Bunun əsas səbəbi isə təkcə hərbi itkilər deyil,  ukraynalı qaçqınlardır. Onların rəsmi sayı təxminən 8,3 milyon nəfərdir. Aİ ölkələrində isə bəzi ukraynalı qaçqınlar qeydiyyatsız yaşayırlar. Məsələn, Polşada olan ukraynalı qaçqınların təxminən dörddə biri qeydiyyatda deyil. Onların əksəriyyəti müharibədə döyüşmək istəməyən hərbi yaşda olan kişilərdir. Buna görə də Ukraynadan gələn hərbi yaşlı kişilər qeydiyyatdan keçməməyə üstünlük verirlər.  O səbəbdən, 10 milyondan çox insanın Ukraynın tərk etdiyi deyilir. Rusiyanın özünə birləşdirdiyi yeni “ərazilər”in əhalisinin Ukraynanın “kisə”sindən getdiyini nəzərə alanlar, bu ölkə əhalisinin 2014-cü ildən bu yana iki dəfə yarım azaldığını iddia edirlər.  Müasir tarixdə heç bir ölkədə əhalinin belə kəskin azalması faktı yoxdur... 

Снимок uk.JPG (85 KB)

İyunun 15-16-da İsveçrədə Ukraynada müharibəyə son qoymaq üçün sülh sammitinə hazırlıqlar başlayıb.  

Faktiki hazırkı mərhələdə “kim nə qədər ölüb, kim nə qədər qalıb” hesabı gözə görünmür. Gözə görünən Ukraynanın itirdiyidir. 

Elə bilirsiz, bu “lotular” müharibənin nə ilə nəticələnəciyini bilmirlər? Bilirlər. Bilirlər ki, Ukraynanın bu müharibədə qələbəsi mümkün olmayacaq, Rusiya da Kiyevdə parad etməyəcək. Amma Rusiya Ukraynanın böyük və zəngin  hissəsini necəsə, qoparacaq.  Onu qoparandan sonra Rusiya “dincələcək”, Ukraynaya da Qərb patronları deyəcəklər ki,  “döyüşməyə gücünüz varsa, yenə pul və silah verəkmi? Yoxdursa, gedin oturub razılaşın...”   

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR