İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla İran birgə layihənin icrasına başladı

1954 07.10.2023 14:18 Media A A

Ermənistan “dalan”dan çıxmamaqda israrlıdır

Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Tədbirdə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Tədbir barədə verilən məlumatdan aydın olur ki, Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 ədəd təşkil edəcək.

Beləliklə, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, oradan isə Türkiyəyə birbaşa əlaqə imkanı əldə edəcək. Dünən keçirilən tədbir Ermənistanın Asiyadan Avropaya yükdaşımaların ən optimal marşrutlarından biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) kənarda qalmasının reallığa çevrilməsi deməkdir. Zəngəzur dəhlizinin işə salınmasına imkan verməyən düşmən qonşu “dalan” statusundan çıxmaq imkanını əldən vermək üzrədir.

Azərbaycanın əsas açar ölkələrdən biri olan Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “Vahid pəncərə” prinsipi tətbiq olunur.

Avropa İttifaqı Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli marşrut kimi qiymətləndirir. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün lazımdır.

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev ölkənin Astana şəhərində keçirilən “Yeni İpək Yolu” Beynəlxalq Nəqliyyat və Logistika Forumunda bildirib ki, Orta Dəhlizlə Çindən Avropaya daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 84 faiz çox olub. Onun sözlərinə görə, bu marşrutun inkişafında Azərbaycan və Gürcüstanın müvafiq nazirlikləri ilə əlaqələndirilmiş iş mühüm rol oynayır: “Ötən il maneələrin aradan qaldırılmasına yönəlmiş müvafiq Yol Xəritəsi imzalanıb. Ümumiyyətlə,Orta Dəhlizin inkişafı və Qazaxıstanda multimodal nəqliyyatın genişləndirilməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilib. Qazaxıstanın Dostıq-Moyintı dəmir yolu mənzilində 2-ci yolun tikintisinə başlanılıb ki, bu da yükdaşıma qabiliyyətini və daşıma sürətini 5 dəfə artıracaq. Darbaza-Maktaral dairəvi dəmir yolu xəttinin tikintisinə də başlanılır. Baxtı-Ayagöz istiqamətində də yeni layihə var. Yəni Çindən yüklərin qəbulu üçün 3-cü məntəqənin açılması çox vacibdir. Bu baxımdan ən aktual obyekt Baxtı-Taçen istiqamətində tikilən, 20 milyon ton yük dövriyyəsi olacaq yeni dəmir yolu stansiyasıdır”.

O əlavə edib ki, Qazaxıstanın Kurık və Aktau limanlarının ötürmə qabiliyyəti artıılacaq: “Hazırda mövcud dəmir yolu keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması nəzərdə tutulur. Belə layihələr Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçiriləcək”.

Qazaxıstanlı nazir həmçinin qeyd edib ki, Orta Dəhlizin ötürücülük qabiliyyəti 5 dəfə arta bilər: “Yüklər bu dəhlizlə Çindən Avropaya 18 gün ərzində gedir. Bu, tərəflər arasında ən qısa yoldur. Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu idarələri birgə müəssisə yaradıblar. Bu şirkət bütün marşrut boyu nəqliyyat operatoru kimi fəaliyyət göstərir. Biz növbəti 5 il üçün daşınma xərcləri müəyyənləşdirmişik. Bu amil yükdaşıyanları cəlb edir. Yəni 5 il ərzində daşımaların qiyməti dəyişməyəcək”.

Xatırladaq ki, Azərbaycan da öz infrastrukturunu Orta Dəhlizlə artan yükdaşımlara uyğunlaşdırmaq istiqamətində mühüm işlər görür. Bakı Bakı-Tiflis-Qars dəmiryol xəttinin genişləndirilməsi üçün Gürcüstana 100 milyon dollar əlavə güzəştli kredit ayırıb, eyni zamanda özünün Xəzər dənizi sahilindəki Ələt limanının ötürücülük gücünün 25 milyon tona çatdırılması üçün işlərə başlayıb. Ələtdən Gürcüstan sərhədinə qədər dəmiryol xəttinin yenidənqurulması layihə başa çatmaq üzrədir. Bakıdan Gürcüstanla dövlət sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi layihəsi üzrə işlər də bitməkdədir.

Yazını hazırladı: Dünya SAKİT

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR