İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda körpəsini öldürən analar - onları şeytan niyə yoldan çıxarır?

974 30.11.2023 08:12 Media A A

Yoxsulluq bəhanədir, əslində isə səbəb psixoloji pozğunluqdur

Bir neçə gün əvvəl Sumqayıt şəhərində anası tərəfindən küçəyə atılmış körpə xəstəxanada vəfat edib. Doğulduqdan dərhal sonra anasının imtina etdiyi körpə 7 ay xəstəxanada saxlanılsa da, orada dünyasını dəyişib. Baş vermiş bu hadisə bir çox suallar yaradıb. Uşağını zibil qutusuna atan, xəstəxana qapısında qoyub gedən, eyni zamanda onu evdə boğub öldürən analar... Bilmirəm, onlara “ana” demək nə qədər doğrudur. Amma bunu təkcə maddi səbəblərə bağlamaq ciddi ədalətsizlik olar. Çünki çox kasıb analar şəraitsizlikdə belə övlad böyüdür, məhrumiyyətlərə dözür, amma onun canına qıymırlar. Qatil və ana... kəlmələri son illər Azərbaycanda niyə bu qədər geniş yayılıb? 

ABŞ psixiatrlarının qənaətincə, hər 4 anadan biri nə vaxtsa övladını öldürmək haqda düşünüb. Amma düşünmək başqa, icra etmək başqa. Bu ilin yanvarında Masazır qəsəbəsində yenicə dünyaya gətirdiyi körpəsini 5-ci mərtəbədən asfalt yola atan 1994-cü il təvəllüdlü T.Əkbərova onu qətlə yetirməkdə təqsirli bilinib. Qadın Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib. Övladını öldürən anaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib, üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

Həkimlər bunu psixozla izah edirlər. Daha dəqiq desək, doğum sonrası psixoz kimi qiymətləndirilir. Bu, psixi pozuntu olub, nadir rastlanan xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, narahatlıqla başlanan vəziyyət doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxarır. Doğum sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə - ana və uşağın ölümünə gətirib çıxara bilər.

Keçək bu halın səbəblərinə. İlkin səbəb kimi hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması göstərilir. Ondan sonra isə doğuşdan əvvəlki psixi pozuntulardan əziyyət çəkmə halı əsasdır. Narkotik maddələrdən istifadə, doğumla bağlı stress də səbəblər sırasındadır. Alimlər sübut edib ki, doğum sonrası psixozun əsas simptomları aşağıdakılardır:

Maniakal əlamət: oyanıqlığın artması, sayrışan və ya yüksək qiymətli fikirlərlə xarakteriza olunur;

Hallüsinasiya: ən çox eşitmə hallüsinasiyasına rast gəlinir;

Şəxsiyyət dəyişikliyi və anormal təfəkkür;

Özünü qiymətləndirmənin adekvat olmaması;

İştahanın pozulması;

Ölüm fikri - bu, artıq prosesin ağırlığını göstərir.

Problem varsa, ondan çıxış yolu da olmalıdır. Əgər qadında doğum sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməli, psixoterapiya keçməlidir. Belə hallarda antipsixotik dərman maddələri - neyroleptik və antidepressant dərman maddələri verilməlidir.

Anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır.

Ananın uşağını öldürməsi texniki termin kimi  ingilis dilində “maternal filicide” adlanır. Bu hadisələrdə “cinayət” deyil, “öldürmək” terminindən ona görə istifadə olunur ki, cinayət kəlməsinin yükü çox ağırdır. Avropa 0-2 yaş arasındakı uşaqların qatili olan analara digərlərinə nisbətən daha az həbs cəzası verilməsi qanunla tənzimlənir.

Aparılan araşdırmalarda məlum olub ki, qadınların doğuşdan dərhal sonra və laktasiya dövründə körpəsini öldürməsi olduqca tez-tez rast gəlinən bir haldır. Laktasiya dövründə anaların psixi-ruhi durumu ürəkaçan vəziyyətdə olmur. Belə ki,  analar övladları doğulan anda ya ona ürəkdən bağlana bilər və ya beyni  körpəni öz düşməni kimi qəbul edə bilər. 

Qatil ananı hansı cəza gözləyir? 

Sırf uşağını öldürən analarla bağlı Cinayət Məcəlləsində xüsusi bir maddə mövcuddur. “Ananın yeni doğduğu körpəni öldürməsi”  maddəsi Cinayət Məcəlləsində xüsusi norma ilə tənzimlənir. Cinayət Məcəlləsinin 120-ci maddəsi isə qəsdən adamöldürmə maddəsidir. Ananın öz uşağını öldürməsində qəsdən adam öldürmə cinayətinin və yeni doğulmuş uşağı öldürməsi cinayətinin tərkibi də yarana bilər. Amma əgər uşağın doğulmasından bir müddət keçibsə, burada artıq qəsdən adam öldürmə cinayəti yaranır.

Qəsdən adam öldürmə cinayətində 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, yeni doğulmuş uşağını doğuşdan dərhal sonra öldürən analara isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Anaların öz uşaqlarını öldürməsi faktı adətən onların 3-5 yaş aralığında qeydə alınır. Məktəbli uşaqlarını öldürən anaların əksəriyyətinin də buna əslində bir neçə dəfə cəhd etdikləri, sadəcə müəyyən səbəblərdən alınmadığı və ya istəyib də cəhd edə bilmədikləri ortaya çıxıb. Qısacası, mütəxəssislərin fikrincə, yeniyetmə uşaqlarını bu və ya müəyyən səbəblərdən öldürən analarda da bu “qəzəb”  məhz laktasiya dövrünün şüuraltında qorunub saxlanan fəsadlarıdır.

Onu da nəzərə çatdıraq ki, balaca uşaqların öldürülməsi cinayəti ilə bağlı xüsusi qanunlar dünyanın 20-dən çox ölkəsində var. (Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Yeni Zenlandiya, Filippin, Cənubi Koreya və s.) Bu qanunlar bir yaşdan kiçik uşağını öldürmüş analara daha yüngül cəzalar nəzərdə tutur, çünki XX əsrin əvvəlindən etibarən yeni doğmuş və ya əmizdirən anaların ruhi vəziyyəti qeyri-sabit hesab olunur.

Bununla bağlı Rusiyada da xüsusi qanun mövcuddur - RF CM-in 106-cı maddəsi-ananın yeni doğulmuş körpəni öldürməsi. Ancaq bu maddə bir yaşdan yox, bir aydan kiçik olan uşaqların öldürülməsi halları üçündür. Maksimum cəza müddəti 5 il azadlıqdan məhrum etmədir. Digər övlad qatillərinə RF CM-in 105-ci maddəsinin “b” bəndi şamil edilir - ümumi rejimli cəzaçəkmə müəssisəsində 20 illik həbs nəzərdə tutulur. Rusiya Ali Məhkəməsi nəzdindəki Məhkəmə Departamentinin məlumatına görə, 2018-ci ildə məhkəmələrdə 33 belə hala baxılıb. Kuban Universitetinin kriminalistika fakültəsinin əməkdaşları hesab edirlər ki, üstü açılmamış epizodların sayı qeydə alınmış cinayət işlərinin sayından səkkiz dəfə çoxdur.

Kuban Universitetinin araşdırmalarına görə, uşağını daha çox fertil dövrdə olan (30-40 yaş arası) qadınlar öldürür. Onların 74 faizdən çoxu heç vaxt psixonevroloji dispanserdə qeydiyyatda olmayanlardır, yarısından çoxu ərdə olub və başqa uşaqları da var, əvvəlki doğuşlardan sonra da psixi pozuntu keçiriblər.

Yazını hazırladı: Sevinc TELMANQIZI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR