İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmurlar nə vaxt haqq yoluna qayıdacaq?

Həbsdə və yaxud işi məhkəmədə olan, eləcə də vəzifəsindən qovulan yüksək çinli məmurlar... Aralarında mülki işçilər də var, mühüm dövlət strukturlarının, güc və təhlükəsizlik xidmətlərinin nümayəndələri də.

Vakuumda yaşamırıq və arabir mən də bu adamların ifadələrini izləyirəm. Etiraf edirəm ki, ağlıma gələn ilk söz “dəhşətdir!” kəlməsi olur. İnanın, bir daha əmin olursan ki, Azərbaycanımız həqiqətən zəngin ölkədir - baxmayaraq ki, bəzi məmurlar onu bu qədər talayır, amma yenə sərvəti bitib tükənmir.


Adam heç nə bacarmayanda, əli heç nəyə yetməyəndə başlayır özünə təsəlli verməyə ki, vəziyyət düşünülən qədər də pis deyil.
Həm də bütün bu dəhşətli qanunsuzluqların, eybəcərliklərin hakimiyyətin özü tərəfindən ifşa edilməsi, onların faş edilib ictimaiyyətə çatdırılması, yolunu və Allahını itirmiş bəzi məmurların elə hakimiyyətin özü tərəfindən cəzalandırılması ümid yaradır ki, bu ölkədə prinsipcə, yaşamağa və çalışmağa dəyər, çünki böyük haqsızlıqlar olsa da, bir gün haqqın da qalib olmaq şansı var.


Amma biz başqa şeylər istəyirik, başqa şey umuruq. Bəli, istədiyimiz budur ki, belə hallar azalsın, hər ifşa edilmiş korrupsiya, qanunsuzluq halı onlarla oxşar halların qarşısını alsın, bir cəzalandırılmış məmur onuna dərs olsun və biz də rahat olaq ki, əlahəzrət qanunların təsir-tətbiq sferası bir azacıq da genişlənib.


Amma olurmu? Təəssüf...


Bəzən düşünürsən ki, bəlkə elə belə də olmalıdır? Axı, necə deyər, insan çiy süd əmib, onunu, hətta yüzünü bir gündə cəzalandırsan belə, yenə pozacaqlar qanunları, dinc-farağat durmayacaqlar.


Fəqət, belə deyil. Bütün problemlərin bir həll yolu var. Elə bu problemin də - məmur özbaşınalıqlarının da həll yolu daha çox şəffaf dövlət və hökumət qurmaqdan keçir.


Hökumətin ən böyük qüsuru da məhz bundadır ki, nəzarəti cəmiyyətlə bölüşmək istəmir. Birdəfəlik qəbul etmək lazımdır ki, media, jurnalistlər, cəmiyyət, onun ayrı-ayrı struktur vahidləri heç də düşmən deyil, onlar bu ölkəyə və onun hakimiyyətinə yalnız və yalnız yaxşılıq arzulayır.
Sağlam mühitə yol yalnız tənqiddən keçir. Vaxtilə mən Avropa İnsan Haqları Məhkəməsinin bəzi qərarlarını öyrənməklə məşğul idim. Həmin qərarların bir neçəsində açıq deyilirdi ki, hökumət və ya dövlət adamlarına qarşı tənqidin sərhədləri adi vətəndaşlara nisbətən daha geniş olmalıdır.
Bu tövsiyələr boş yerdən yaranmayıb. Avropa ölkələri böyük yol keçib - mütləqiyyətdən düz demokratiyaya qədər. Bizim həmin yolu təkrarən, bir daha addım-addım keçməyimizə ehtiyac yoxdur, yetər ki, onların tövsiyələrinə diqqətli olaq.


Tövsiyə və tənqidlərə azca diqqətli olsaq, həyatımız yüngülləşər. Hökumət və dövlət daha şəffaf olar, məmurlar da, necə deyər, özlərini yığışdırar.
Mən fikir verirəm, hökumət və dövlət adamlarımız təhlükəsizlik məsələlərini həmişə önə çəkirlər. Əslində belə də olmalıdır, təhlükəsizlik olmayan yerdə nə azadlıq olur, nə bərabərlik, nə də ki, sosial rifah.


Amma bu məsələdə də azacıq natamamlıq duyulur, nədənsə qəbul edə bilmirik ki, korrupsiya və yaxud məmur özbaşınalığı həm də bir milli təhlükəsizlik məsələsidir və milli təhlükəsizliyə çox böyük bir təhdiddir.


Siyasətin və xüsusən də geosiyasətin ən qəliz məsələlərinə həmişə orijinal yanaşmaları ilə seçilən, müqayisəli politologiyanın atası sayılan ABŞ politoloqu Z.Bjezinski yazırdı ki, korrupsiya bir dövləti idarə etmək və yaxud onun daxili işlərinə müdaxilə etmək üçün ən gözəl vasitədir.
Aydın məsələdir ki, korrupsioner məmurlar üçün müqəddəs heç nə yoxdur, sadəcə, hər şeyin qiyməti var- lazım gələrsə, o, dövlətin ən həssas nöqtələrinə də toxuna bilər, hətta mühüm dövlət sirlərini də satar.


Ən qəliz cəhət də budur ki, biz adi bir dövlət və cəmiyyət deyilik, müharibə şəraitində yaşayan dövlətik. Düşmən kəşfiyyatı isə yatmayıb və bütün üsulları məqbul sayır.


Həm də korrupsiya və məmur özbaşınalığı dövlətin və cəmiyyətin özülünü sarsıdır, idarəçiliyin effektini azaldır, strateji hədəflərin yolunda böyük bir maneə olur.


Müharibə şəraitində yaşayan dövlət üçün korrupsioner məmur sanki düşmənin içimizə atdığı desantdır. Ona görə də vurduğu ziyan da adi vaxtdakından qat-qat artıqdır - elə bu səbəbdən də gəlin sayıqlığımızı artıraq...

YAZARIN DİGƏR YAZILARI

07 Mart 2022

05 Mart 2022

01 Mart 2022

26 Fevral 2022

22 Fevral 2022

19 Fevral 2022

15 Fevral 2022

12 Fevral 2022

08 Fevral 2022

05 Fevral 2022

01 Fevral 2022

29 Yanvar 2022

25 Yanvar 2022

22 Yanvar 2022

18 Yanvar 2022

15 Yanvar 2022

11 Yanvar 2022

08 Yanvar 2022

03 Yanvar 2022

01 Yanvar 2022

28 Dekabr 2021

25 Dekabr 2021

21 Dekabr 2021

18 Dekabr 2021

14 Dekabr 2021

11 Dekabr 2021

07 Dekabr 2021

04 Dekabr 2021

30 Noyabr 2021

27 Noyabr 2021