Свобода людям, независимость нациям!

Gələcək gəldi, Rauf Arifoğlu!

684 23.07.2026 11:20 Страна A A

 

Mən “Yeni Müsavat”a oxucu kimi ziyarətə gələndə Onun 32, mənim 24 yaşım var idi. Bir il keçdi və o vaxtdan bir yerdə çalışırıq…

Bilirsinizmi bu nə deməkdir? Bu illər ərzində sevincimiz, kədərimiz, çətinliklərimiz, fərəhli günlərimiz bir olub…Doğum tarixi Ağdamın işğal gününə təsadüf etdiyindən hər zaman tərəddüdünü hiss edirdik. Vətən torpaqlarının işğaldan azad olunması üçün əlindən və qələmindən nə gəlirsə, gecəli-gündüzlü sərf edən bir insan, yazar, vətəndaş üçün təbii ki, ağır idi...Və Ağdam daxil, Qarabağın, Şərqi Zəngəzurun azad olunmasına ən çox sevinənlərdən biri oldu.



Ona görə yox ki, Birinci Qarabağ savaşında ən çox şəhid vermiş, Vətən Müharibəsindən sonra isə bir güllə belə atılmadan, azad edilmiş Ağdamla bərabər, onun doğum günü də işğaldan, qəm-kədərdən, sızıltılı xatirələrdən azad olunmuşdu. Ona görə ki, Vətənin azadlığı, müstəqilliyini, ərazi bütövlüyünün bərpasını ən böyük vəzifəsi hesab edərək, Həcc dualarından tutmuş, qələbə diləkli, amallı müəllif yazılarınadək həyatını həsr etdiyi bir şərəfli mücadilənin ali hədəfinə çatmışdı. Hələ qanlı hadisələr başlayanda əlinə silah alıb, könüllülərin sırasında erməni faşizminə qarşı mücadilə aparan, sonrakı illərdə bütün taleyini bu mübarizəyə həsr edən bir insan üçün təbii ki, ən böyük mükafat Vətən torpaqlarının azadlığı idi. Rəhbərlik etdiyi qəzetdə Qarabağ zəfərlərindən manşetlər dərc etməyin nə qədər böyük nemət olduğunu yəqin ki, çoxları təsəvvürünə gətirir. Odur ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun azad etdiyi, separatçılardan təmizlədiyi torpaqlara hər səfərində yorulmadan işləyir, reportajlar hazırlayır, Xankəndini küçə-küçə dolaşıb, şükranlıqla canlı yayımlar edir. Vətənə xidmət davam edir...Hələ qarşıda, Turan yolçuluğunda o qədər görüləsi, reallaşdırılası, yazılası, şahid olası və reportajlar hazırlayası hadisələr var ki...

Cənab Prezident İlham Əliyev Rauf Arifoğlunu Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Möhtəşəm yubiley hədiyyəsi oldu. Bu, Vətənə, millətə xidmətin ali səviyyədə təsdiqlənməsi və qiymətləndirilməsidir. Özü də iki əsrlik xəyalları reallaşdıran, Azərbaycan və Qafqaz regionu adına tarix yazan, separatizmin kökünü kəsən, son bir əsrə yaxın müddətdə dünyanın heç bir ölkəsinin, liderinin nail ola bilmədiyi mütləq qələbəni Azərbaycan dövlətinin və xalqının taleyinə yazan, cəmi 44 günlük savaş + 1 günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən Liderin – Sərkərdənin imzası ilə verilən bu ödülün qiyməti çox yüksəkdir! Bu, həm də stimuldur, təkcə jurnalistikada deyil, bütün sahələrdə çalışanlar üçün: Vətənə, Dövlətə xidmətin ali səviyyədə dəyərləndirilməsi də var. Bu həm də vətənə xəyanət yoluna sürüklənən, yaxud nələrinsə qarşılığında bu yol(suzluğ)u seçənlərin islah olunması, çox zərərli yoldan qayıtmalarından ötrü də çox mühüm ismarıcdır, çağırışdır: Vətənə xidmət edin, Vətənə!   

Beləliklə, Vətənə xidmət ömrünün 60-cı dayanacağına yetişdi Rauf Arifoğlu. Çox xoş ovqatda, elə bu günlərdə növbəti dəfə səfər etdiyi, Şuşa Zirvəsində Qalib Lideri dinlədiyi ünvandan yeni qayıdıb. Milli Mətbuatımızın 151-ci ildönümündə Həsən bəy Zərdabi yolunun layiqli davamçısı, “Əkinçi”nin 37 yaşlı varisi, qardaşı, qələmdaşı “Yeni Müsavat”ın təsisçisi Prezident tərəfindən yüksək mükafatlandırılıb...

Rauf Arifoğlunun 53 yaşında yazdığı özünə təbrik-dualarını xatırlayıram. Xatırladım, oxucularımız da bu günə gələn yolun necə çətinliklərdən keçdiyini göz önünə gətirsinlər: “53! Yaşadıq, yaşlandıq. Savaşlar, qələbələr, məğlubiyyətlər, itkilər, zindanlar, dostluqlar, düşmənliklər, xəyanətlər, ağrılar, sevinclər gördük. Ömrümün 31 ilini siyasətə, 30 ilini mətbuata – “Yeni Müsavat”a xərclədim. Bütün sərmayələrim ömrümdən oldu. Dividentlərimi əlahəzrət Tarix ödəyəcək, hər halda... Övladlarımı vətən, Vətəni Anam kimi sevdim. Dostluqlara və Sözə sadiq oldum! Savaşdan və düşməndən qorxmadım. Fırtınalı, enişli -yoxuşlu bir həyat yaşadım; ya da o “Həyat” dediyim məni yaşadı, yaşayır... Allaha inandım, bəndəni sevdim. Erməniyə güllə, rusa yumruq sıxdım... Azadlıq Meydanında 17 gün, Vətənin türmələrində 17 ay yatdım... Şükrançıyam! Bir də, bitməyən “Yeni Müsavat” sevdası - missiyası var! Milli Hərəkatın böyük və bugünlərə qədər bölünmədən, dağılmadan salamat qalan tək layihəsi. Məni hər yerə aparan da Odur! Ötən illərdən qalma fotolardan boylanan qarasaqqal bir gənc var. İnadcıl, savaşçı, qorxusuz. 23 yaşında bir qəzet qurdu, həm də bir partiya; 53 yaşında bu sətirləri yazdı. Amma çox sözləri yazmadı... Müdrikləşib, çünki gələcəyə planı və ümidləri var... Mən o gənci içimdə gizlədim, çox da uzaqda deyil. Siyasətin daş dövrüdü, hərənin əlində bir daşlı kəltən var; qoruyum, dedim, onun GƏLƏCƏYİ gələnə qədər mənə, ağsaqqala əmanətdi... Dünya bir dəyirman daşıdı. Dəyirman daşı fırlanır...”

Bu, bir filmin sujet xəttidir. İndi mən 53 yaşındayam və 60 yaşlı Dostum, Qardaşım, Ustadım haqqında ürək sözlərimi bölüşürəm. Baxıram ki, Rauf Arifoğlu o zaman bu günləri necə dəqiqliklə görürmüş, not yazılarından aysın sezilir. Onda hələ Böyük Zəfərə bir ildən çox qalırdı...

Gələcək gəldi, özü də necə möhtəşəm şəkildə! Gözlərimin önündən birgə çalışdığımız illərin burulğanları keçir...Xatırlayıram, “Yeni Müsavat”ın 1000-ci sayını. Sonrakı dönəmləri...Vaxtilə gizli çap olunan, daha sonra həftəlik, sonra 5 günlük, ardınca həftədə 7 dəfə nəşr olunan qəzet indi yenə də həftəlikdir. Amma yaşayır! Sonuncu sayının nömrəsi 8877-dir, bu, “güzgülü” nömrə də qurucusunun yubileyinə təsdüf edib. Yazılası o qədər şeylər var ki... “Yeni Müsavat”ın 7777 sayından da – Koroğlunun dəlilərini də geridə qoymuşuq - birgə qəzet yazmışıq...

Dəyərli söz ustadını, müasir Azərbaycan jurnalistikasının qurucularından, öncüllərindən, ağsaqqal, həm də enerjili gənclərindən olan Rauf Arifoğlunu təbrik edirəm. 100 yaşayın, yazın, yaradın, əziz İnsan! Hələ qarşıda başımıza gələcək nə qədər gözəl hadisələr, xoş gələcəklər var, Allahın izni ilə...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости