Свобода людям, независимость нациям!

“ERGENEKON”çu POLKOVNİK AZƏRBAYCANA NİYƏ GƏLMİŞDİ?

20722 20.01.2009 08:02 Колумнисты A A

***

Özünü mənə Mete adı ilə tanıtdı. Ayaqüstü təmaslarımızdan sonra ilk oturaq görüşümüz Roma papası Bakıya gələn günə təsadüf etmişdi; küçələr bağlıydı, prezident özü papanı qarşılamağa çıxmışdı və bu törən televiziyalarla canlı göstərilirdi. Hər kəs son dərəcə ilginc olan bir səhnəni heyrətlə izləyirdi. Ölüm ayağında olan, yeriyə bilməyən, araba ilə hərəkət etdirilən Roma papasının hər bir jesti işgəncəydi; ona da, izləyənlərə də. Və izləyənlərin çoxu “barı Bakıda ölməyə”, deyə narahat olurdular və heyrətlə bu qoca kişiyə baxırdılar. Azərbaycan prezidenti də addım-addım onun arabasının yanınca gedirdi. Onda mərhum Heydər Əliyev xeyli gümrah idi və Bakı səfərinə çıxmaq riskinə qatlanan papa ilə müqayisədə rəqiblərinə göz dağı verə bilirdi.

***

Türkiyə Silahlı Qüvvələrinin polkovniki (albayı) Mustafa Ləvənt Göktaş Azərbaycana, ordumuza təlim keçməyə gələn zabitlərin başındaydı. Mən bir neçə ay sonradan bildim ki, o, Türkiyədə necə önəmli bir şəxs imiş.

***

İndi “Ergenekon” silahlı terror hörgütünə üzv olmaq ittihamı ilə tutuqlanan əməkli polkovnik Mustafa Ləvənt Göktaş 2001-2002-ci ildə Türkiyədə və Azərbaycanda cərəyan edən böyük siyasi proseslərin əsas, amma pərdə arxasında qalan iştirakçılarından biri olub. Eyni zamanda o, digər türkdilli respublikalarda, həmçinin Gürcüstanda da tez-tez olurmuş; oralarda bulunan xüsusi təyinatlı qruplarla müntəzəm əlaqə saxlayırmış. 

***

Ləvənt Göktaş Türkiyə Silahlı Qüvvələrinin Özəl Qüvvətlər Komutanlığında çalışırdı. Müəyyən müddət davam edən  təmaslarımıza baxmayaraq, mən onun haqqında həbs olunandan sonra daha ətraflı məlumat almışam. Adam gerçək və qürur duyulası bir qəhrəman, böyük Turan sevdalısı, əsl türk zabitidir!

***

2002-ci il may ayının 22-si. Roma papası Bakıya gəlib və bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycanın gözü də canlı yayımlanan qarşılanma törənində. Biz də Bakının mərkəzdən uzaq bir bölgəsində, yaşıllıq bir restoranda görüşüb türk dünyasından, PKK və onun Azərbaycana uzanan təhlükəsi ilə savaşmaq zərurətindən, başqa nüanslardan danışırıq. Xəbərə, olaya həssas bir qəzetçi və Türkiyənin polk komandiri, Azərbaycana xüsusi missiya ilə gəlmiş yüksək rütbəli zabit. İndi terrorçu damğası ilə içəri atılan Ləvənt Göktaşın əslində qeyri-rəsmi olaraq Türkiyənin milli qəhrəmanı kimi qəbul edildiyini həmin anlarda bilmirdim; o, mənimçün çox sevdiyim və ÖZÜMÜNKÜ bildiyim Türkiyə Silahlı Qüvvələrinin polkovniki idi, Azərbaycana yardıma gəlmişdi; mənimlə görüşmək, danışmaq istəmişdi; bundan şərəf duymuşdum və görüşüb danışırdıq...

***

“Rauf bəy, bu adamın qədrini bilin, bu çox qiymətli birisi...” Mete bəy (Ləvənt Göktaş) bu sözləri Roma papasının qarşılanma törəninə baxaraq söylədi. Otaqda kiçik bir televizor da vardı və həm də çox pis göstərirdi. Səsini almışdıq, amma hərdən canlı yayıma boylanırdıq. Öncə nəyi və kimi qəsd etdiyini kəsdirə bilmədim. Davam etdi: “Haydar bəy orduyu Türkiyəyə açdı, bununla çox böyük bir tarixi iş gördü”. Yüngülcə və narazı halda gülümsədim, davamını gözlədim. Dedi: “İranın və Rusiyanın bunca basqısı altında orduyu Türkiyəyə, NATO-ya açmaq böyük bir cəsarət istər, həm də uzaqgörənlik...”
Bəzi şeylər anlatdı, olmuşlardan və olacaqlardan. Çalışdığı kişilərin, onlara dəstək verən və prezidentin şəxsən tapşırıqlarına baxmayaraq, mane olanların adlarını, maraqlarını anlatdı. Buraları elə yaxşı tanıyırdı ki. İqtidardan-müxalifətdən -  kimi deyirdimsə, doğum tarixinə, əməllərinə, sicilinə, tayfasına, hətta babalarının 200 il öncə hansı bölgədən haralara köç etməsinəcən; indiki bağlantıları və sair və ilaxır da daxil olmaqla, hər şeyi bilirdi. Heyrətlənmişdim, amma özümü o yerə qoymurdum; guya çoxusunu mən də bilirdim. PKK-nın Azərbaycan uzantısı  ilə illərdir apardığımız media savaşına da toxundu. Qəhrəmanlıq yapdığımızı söylədi. Bizimlə qürur duyduğunu və Türkiyə Silahlı Qüvvələrində ən yüksək məqamlaracan bu mübarizədən xəbərdar olduqlarını anlatdı... 

***

Əsl qəhrəmansa oydu. Həyatını Türkiyəyə, onun təhlükəsizliyinə və terror hörgütlərinə qarşı mübarizəyə həsr etmiş, odun-alovun içərisinə girmiş birisi səni qəhrəman hesab edir, yazılarını heyranlıqla oxuduğunu deyir, bu savaşda hər türlü dəstəyə hazır olduğunu bəyan edir. Düşünə bilirsinizmi! PKK lideri Abdullah Öcalanı Keniyada tutub gətirən xüsüsi təyinatlıların başçısı,- təyyarədə Öcalana “məmləkətə xoş gəldin, Abdullah” deyən o qara maskalılar var ya, onlardan biri - sənə Bakıda vətən və türklük üçün göstərdiyin savaşdan dolayı təşəkkür edir, tərif deyir. Mən o zaman Mete bildiyim Ləvənt haqqında çox şeyləri bilmirdim; özü mənə çıxmışdı və olduqca az bilgiliydim. Amma bizim üçün hər vaxt bir Türk zabiti, əsgəri böyükdür, önəmlidir. Həm də mən artıq 1992-93-cü illərdə Türkiyədən gəlmiş bir neçə Türk zabitini işdə - döyüşdə və təlimlərdə görmüşdüm, onların necə birisi olduğunu bilirdim və onlarla qürur duyurdum.

***

Ləvənt bəy terrora qarşı verdiyi mücadilələrdən dolayı 1993, 1995 və 1997-ci illərdə dövlətdən qızıl medal alıb, çoxsaylı təltifləri var. Türkiyə Silahlı Qüvvələrinin və dövlətinin fəxri sayıla biləcək bir çox özəl operasyonlarda yer alıb.  Bakıda, Gürcüstanda, Qırğızıstanda, Şimali İraqda və başqa bölgələrdə təlimlərdə və xüsusi əməliyyatlarda iştirak edib. Azərbaycan ordusunun elitar hissələrinin hazırlanmasında böyük əmək verib.

***

Gerçək adını, gerçək vəzifəsini, yapdığı işləri tezliklə bildim. Zatən ortada gizli bir şey də yoxdu. Ləvənt bəy Azərbaycanın razılığı və tələbi, Türkiyənin göndərişi ilə iki ilə yaxın ölkəmizə gəlib-gedib, bəzən aylarla burada qalıb. Azərbaycan ordusunun rəhbərləri və digər güc strukturlarının başçıları ilə yaxşı münasibətlər qurub. Ölkə müxalifəti içərisində mən bilən geniş təmasları olmayıb; amma mənimlə Bakıda və Türkiyədə bir neçə dəfə görüşüb. Onu düşündürən, narahat edən əsas məsələ PKK terroruna qarşı mübarizə, Türkiyəni və Azərbaycanı təhdid edən kürd sorunu idi. Bu işi yaxşı bilirdi. Böyük arzuları və planları vardı. Əski Sovetlər Birliyi ərazisindəki PKK və kürd yapılanması barədə mükəmməl məlumatlara sahibdi. Onları təmizləmək istəyirdi.

***

Bəs necə oldu ki, Türkiyə Silahlı Qüvvələrinin Özəl Qüvvətlər Alayının komutanı, qızıl medallı, həyatını terrora qarşı mübarizəyə həsr etmiş Mustafa Ləvənt Göktaş birdən-birə terrorçu adı ilə həbsə atıldı? Bu sirli və heyrətamiz olayın arxasında nə dayanır? Necə olur ki, hələ 2002-ci ilin iyun ayında, Rəcəb Tayyib Ərdoğan cəzalıykən və seçkilərdə iştirak yasağı üzərində ola-ola “Raufcum, bu adam yaxınlarda başbakan olacaq, başqalarını boş verin, bütün təmasları onlarla qurun, ordunun bir qismi və ABŞ da onları dəstəkləyir...” deyən birisi indi Tayyib hökumətinin hədəfinə düşdü?! “Yeni Müsavat” qəzetinin baş yazarını 2002-nin yayında Tayyibin müavinləri ilə görüşdürən bir albay Bülənt Ecevit və Dövlət Baxçalı iqtidardaykən haradan bilirdi ki, Türkiyədə yaxın aylarda iqtidar dəyişəcək və yasaqlı T.Ərdoğan iqtidara gələcək? Abdullah Güldən Türkiyənin milli təhlükəsizlik naziri olması təklifi almasına rəğmən, niyə həmin posta getmədi? Göktaşın “Ergenekon təşkilatı” deyilən bir qurumla gerçəkdən də əlaqəsi varmı?

Bunlar barədə növbəti sayımızda.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости