Müharibənin dörd ili-uduzanlar və udanlar...
Tarixin təkərinin geri çevrilməsi mümkün olsaydı və onu 2022-ci ilin fevralın 23-nə qaytarmaq olsaydı, bəlkə də Ukrayna daha ağıllı davranar, bəlkə Rusiya da müharibə qərarından vaz keçərdi... Sanki dünən idi: 2022-ci ilin 24 fevralında Rusiya prezidenti Ukraynada “Xüsusi Hərbi Əməliyyat”ın başlanmasını elan etdi.
Putinin haradan ağlına gəlmişdi bu termin? Ehtimal ki, qardaş saydıqları slavyan xalqına və dövlətinə müharibə elanın doğura biləcəyi reaksiyadan sığortalanmaq istəmişdi. İkinci səbəb isə yəqin ki, Kreml sahibi bunun Ukrayna boyu miqyaslı savaşla nəticələnməyəcəyinə, Kiyevdə tezliklə hakimiyyət dəyişikliyinə nail olacağına (denasifikasiya) inanması idi.
Rusiyanın üç günə Kiyevə çata biləcəyini proqnozlaşdıranlar sırasında mən də vardım. Çünki Ukraynanın bu savaşda indiki Rusiyaya qarşı heç bir şansı yox idi. Bu həm də o zaman idi ki, Putinin tankları paytaxtı mühasirədə saxlamaq üçün hazır vəziyyətdə idi. Mart-aprel aylarında İstanbul danışıqlarında Kiyev Rusiyanın kapitulyasiya sənədinə imza atmağa belə razılaşmışdı; yəni bu savaşın bu qədər uzanacağını proqnozlaşdırmaq çətin idi.
2022-ci ilin fevralından dörd il keçir, amma döyüşlər davam edir. “The Economist” iddia edir ki, Rusiya qoşunları dörd il ərzində guya Donetsk vilayəti ərazisində cəmi 60 km irəliləyə bilib. Bu, Vaşinqton ilə Baltimor arasındakı məsafəyə bərabərdir. Müqayisə üçün qeyd olunur ki, II Dünya müharibəsində sovet ordusu dörd ildə 1600 km irəliləmişdi.
![]()
Deyilir ki, Rusiya irəliləyiş üçün kifayət qədər qüvvə yarada bilmir. Əgər döyüş gücünü tez bir zamanda artıra bilməsə, böhran 2026-cı ilin ikinci yarısında baş verə bilər. O da vurğulanır ki, sülhün özü də Rusiyada böhrana səbəb ola bilər: yüz minlərlə veteranın qayıdışı və iqtisadi tənəzzül ölkədə gərginliyi daha da artıra bilər.
“The New York Times” isə yazır ki, Putin Donetsk bölgəsini tam ələ keçirmək üçün daha 18-24 ay döyüşməyə hazırdır və bu plandan imtina etməyəcək. Putinin Cenevrə danışıqlarındakı gecikdirmə strategiyasını izah edən məhz bu inamdır. Üçtərəfli formatda (Ukrayna, ABŞ və Rusiya) danışıqlarda həll olunmamış əsas məsələlər işğal olunmuş ərazilərin (Donbas, Zaporojye Atom Elektrik Stansiyası və Krım) statusu, silahsızlaşdırılmış zona, Ukrayna üçün təhlükəsizlik zəmanətləri və atəşkəsdir. Rusiya da Ukraynanın hələ də əlində olan ərazilər də daxil olmaqla, bütün işğal olunmuş ərazilər üzərində nəzarətinin tanınmasını tələb edir.
Onların Trampın vasitəçiliyi ilə görüşəcəyi inandırıcı deyil. Zelenski Putinlə danışıqların olmaması üçün əvvəldən hər şeyi edib, onunla masaya oturmayacağı haqda qanun da qəbul edib. Putin də məhz onunla masaya oturmamaq niyyətindədir. Son aylar bir neçə dəfə açıq bəyan edib ki, Zelenskini legitim prezident hesab etmir.
Bundan sonra nə olacaq, onu demək çətindir. Məncə, bunu heç Tramp da bilmir, Putin də. Zelenski isə bilir ki, istənilən halda Ukrayna bu savaşın uduzan tərəfindədir, ölkə boşalıb, insanlar qırılıb, iqtisadiyyat dağılıb.
![]()
Dörd ildir dəyişməz bir həqiqəti də yazıram: əgər Zelenski Qərbin ağılsız və açıq-aşkar Rusiyanı qızışdıran planlarının içində yer almasaydı, indi Ukrayna əraziləri viran qalmaz, xalq didərgin düşməz, ölkə bu vəziyyətə düşməzdi. Bu fəlakət ssenarisində Putin qədər onun da tarixi məsuliyyət və suçu var.
Sabiq ingilis baş naziri Boris Conson müharibənin ilk aylarında demişdi ki, sonuncu ukraynalıya qədər vuruşmaq lazım gələcək. Ukrayna xalqının işğala qarşı 4 illik dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə hələ də onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki, bu, böyük mənada Ukraynanın müharibəsi deyil.
2022-ci il 1 yanvar statistikasına görə, Ukraynanın əhalisi 41 milyon 130,4 min nəfər olub. Müharibə isə Ukraynaya əsl demoqrafik fəlakət yaşadıb. Bunun əsas səbəbi isə təkcə hərbi itkilər deyil, ukraynalı qaçqınlardır. Onların rəsmi sayı təxminən 8,3 milyon nəfərdir. Onlar isə geri qayıtmayacaqlar. Viran bir ölkəyə kim və niyə qayıtsın ki?




