Свобода людям, независимость нациям!

Uşaqların kiflənməkdən qorunması

“Sac üstdə qovrulan qar dənəsiyəm,

Bilmirəm yaydımı, ya qışmı indi.

Allah, mən içimi yedim qurtardım,

Bu dəri süfrəni yığışdır indi"

(Salam Sarvan)

Təhsil Nazirliyinə, şəxsən Ceyhun müəllimə dərin minnətdarlığımı bildirmək istəyirəm. Necə deyərlər, ilk öncə. Əslində bu ifadə qüsurlu bir ifadədir, Anadolu türkcəsindən dilimizə keçib. İlk elə həm də öncə deməkdir. Bunları yanaşı işlədəndə mənasız söhbət alınır. Bizim bəzi şairlərin çoxlu sinonimləri yan-yana düzüb şeir yazması tipində. Mövzu açılmışkən, belə mənasız, tavtoloji ifadələrdən biri də “tam külliyyatı” sözləridir. Kiminsə əsərlərinin hamısının çapına deyilir. Külliyyat elə adından göründüyü kimi, yazarın bütün əsərləri deməkdir. Buna tam sözünü əlavə eləməyin mənası nədir? Haçansa kimsə rus dilindəki “polnoe sobranie” sözlərini hərfi tərcümə eləyib, bizi də işə salıbdır. İlk öncə bizi uzağa apardı, qayıdaq.

Niyə minnətdaram təhsilə rəhbərlik edənlərimizə? Çünki dərs ilinin niyə 15 iyuna qədər uzanmasına, nəhayət, aydınlıq gətirildi. Yoxsa neçə ildir bütün millət başını sındırırdı ki, görəsən, 1 sentyabrda başlayıb 31 mayda qurtaranda dərsə, məktəbə nə olurmuş. Rütubət basırmış! Bəli. Dünən özüm oxudum, hörmətli nazirimiz bildirib ki, dövlət idarələrinin apardıqları müşahidələrə görə Azərbaycanda 1-15 sentyabr və 1-15 iyun arasında heç bir temperatur fərqi olmur, yeganə fərq havanın nisbi rütubətində imiş. Sentyabrın ilk 2 həftəsi daha rütubətli olduğundan biz məcburuq dərsləri 15 sentyabrda başladaq.

Vallah, çox dərin mənalı bir izahatdır, dərhal hiss olunur ki, elmi əsasları vardır. Bu sənin-mənim ağlıma gələn şey deyil, gərək elmini oxuyasan. Məsələn, keçən həftə AMEA-da alimlər üçün tikilən yaşayış evinin kvadratmetrinin hesablanmasına görə 4 alim Nobel mükafatı aldı.

Rütubəti zarafat şey sayma. Kitab çürüyür, gündəliyi-dəftəri kif göbələyi basır, hələ tabaşir! Atam, sən islaq tabaşir görmüsənmi? Zülm şeydir. Heç zad yazmaq olmur. İstəyirsən çıxıb lövhədə uşağa Portuqaliyanın harada yerləşdiyini yazasan, rütubətdən sözün yarısı gedir, olur “Qaliya”. Hm. Nə Qaliya? Belə coğrafiya öyrənməklə biz Azərbaycan həqiqətlərini dünyaya nə cür yayarıq? Hələ “Ana”, “Vətən”, “Azərbaycan” kimi sözlərin yarısı rütubətdən tökülsə, uşaqda vətənpərvərlik qalarmı? Yazırsan “ana”, rütubətdən iki hərf gedir, “a” eləyirsən. Sanki çaşmısan.

Çox pis şeydir rütubət... Adamın özü də çürüyür. Birdən görürsən ağzından kəpənəklər uçuşur. Ürəyin quş kimi qanad çalır. Yeri gəlmişkən, bu yaz Bakını bürüyən kəpənəklərə görə hökumətə dərindən minnətdarlığımızı bildiririk. O cümlədən, Zəngilan qaçqınları, Füzuli köçkünləri, Zərdab küskünləri, Gəncə ötgünləri, Binəqədi pisgünləri adından minnətdarlıq teleqramları vurmuşuq, poçtun işçiləri günorta pendir-çörəklərini yeyəndən sonra, inşallah, ünvanına çatdıracaqlar. Yoxsa o boyda kəpənəyi bu millət haçan görmüşdü? AXC-Müsavatın vaxtında gecələr küçədə nəinki kəpənək, heç milçək tutmaq olmurdu. İndi isə hökumət milyonlara kəpənəyi xaricdən alıb Bakıya buraxdı, dedilər, bir bu yetim camaat da gün görsün, gözəlliyə baxsın, ürəyi açılsın. Özümüzü yaxşı aparsaq, gələn il şəhərə çoxlu fil də buraxacaqlar. Hara istəsən, min, get. Az qala unutmuşdum, Ramazan ayı üçün Ay da alıb gətirdilər, buna görə xüsusi minnətdarıq. Seyidlərin cəddi kürəyinizdə dursun.

Hərçənd bəzən elə xırda projelər olur, adam qalır çaş-baş. Misal üçün, keçən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hansısa işi görmək üçün... 300 min manat ayrılması haqda sərəncam çıxmışdı. Üç yüz min manat. Sözlə də yazıram ki, aydın görəsiniz. Qardaşım, bizdə belə xırdaçılıq nədən oldu? O nə dövlət projesidir ki, onun icrasına minimum 3 milyon getməsin? Xahiş edirik, indən belə 3 milyondan aşağı sərəncamlar olanda dərc edilməsin. Respublikamızın imici var. Lap tutalım bu proje doğrudan 300 minə həll ediləcək. Bəs orada iş görən bir dəstə dövlət qulluqçusu evinə nə aparacaq? Böləndə hər şöbə müdirinin katibəsinə və sürücüsünə heç bir fransuzki duxi və ya yarım litr araq düşmür. Həvəslə işləmək üçün bizə iri projelər lazımdır.

Новости автора