Свобода людям, независимость нациям!

Qarabağı aldıq, qaldı qaragüruhu anlatmaq...

Dövlətə “ağıl öyrədən” ekspertlərə, partiyalara Xankəndinə köçmək təklifi...

10 noyabr bəyanatına uyğun olaraq Laçın rayonu da 1 dekabrda Azərbaycana təhvil verildi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər təhvil verilmişdi. İndi ərazi bütövlüyümüz tamdır! Gözün aydın, Vətən!

Bu qələbəni bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza bir daha təşəkkürlər!

Əlbəttə, 3 rayonun döyüşsüz təhvil verilməsi Azərbaycan xalqı üçün ikiqat sevincdir! Nə qədər şəhidlər verə bilərdik bu çətin relyefli torpaqlarımızı da döyüşlə alsaydıq... 44 günlük Vətən Müharibəsində qazandığımız misilsiz zəfərin siyasi müstəvidə davamı oldu bu proses. Sentyabrın 27-dən noyabrın 9-dək müharibə ilə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarını, Şuşa şəhərini, Hadrutu, Laçının, Kəlbəcərin bir hissəsini, Suqovuşanı, Talış kəndini və digər əraziləri Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin əmrinə uyğun olaraq azad etdi. 10 noyabrda Ermənistan kapitulyasiya elan etdi və Ağdam, Kəlbəcər və Laçını da 1 dekabradək təhvil verməyi öhdəlik götürdü və icra olundu.
Hər şey göz önündədir: 10 noyabr bəyanatını ermənilər pozmağa cəhd belə edə bilmirlər: Atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb.

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”. Bu barədə elə 1 dekabrda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Birgə mərkəzin şəxsi heyəti iki ölkədən bərabər həcmdə olacaq: "Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.

Yeri gəlmişkən, digər bir türk hərbi kontingent də mina təmizlənməsi prosesi artıq 3 gündür Qarabağdadır...

2.jpg (210 KB)

                                                            ***

1 dekabrda Prezident, Ali Baş Komandan İlham Əliyev xalqı təbrik edərkən çox açıq danışdı. İndiyədək deyilməyən bəzi gizlinləri də söylədi. Bəlli oldu ki, Azərbaycan 26 ildir aparılan danışıqlarda müzakirə olunan sülh razılaşmalarında nəzərdə tutulmayanları da öz iradəsi, şücaəti ilə icra edib! Ermənilər heç bir variantda Laçını, Şuşanı Azərbaycana qaytarmayacaqlarını deyirlərmiş! Kəlbəcər haqqında isə “buna gələcəkdə baxarıq” fikrində olublar. Amma indiki gerçəklərə baxın: Laçın, Kəlbəcər və Şuşa qeyd-şərtsiz bizdədir. Azərbaycan elə bir siyasət apardı ki, Ermənistan indiki reallıqlarla barışmaq məcburiyyətində qaldı. Və məhv olmuş, çökmüş duruma düşdü.
Azərbaycan hüquqi baxımdan nə edilməli idisə, hamısını ən yüksək səviyyədə etdi. Ərazi bütövlüyümüzü tam təmin etmişik. Status da gorbagor oldu...

Amma nə qədər qəribə olsa da, dünənə qədər nağıl kimi görünənləri gerçək etməyimizin qarşılığında bəziləri yenə çaşqınlıq yaradan fikirlər səsləndirir, deyinirlər.
Öncə qeyd edim, mümkündür ki, bu adamların içərisində səmimiyyətlə narahatlıq keçirən, Xankəndində, Xocalıda, Xocavəndin bəzi hissələrində erməninin hansı formada yaşayacağı ilə maraqlananlar var. Onları çox da qınamıram. Adama sual verirəm ki, axı sən nədən narazısan? 3 ay öncə heç daha yuxuda da görmədiyin, durbinlə baxanda da görmədiyin Kəlbəcərə, Şuşaya, Laçına, Ağdama, Cəbrayıla, Qubadlıya, Zəngilana, Füzuliyə, Kəlbəcərə qayıtmısan, Xankəndi də bizimdir, orada gedib yaşaya biləcəksən, durub baxır... Qayıdır ki, doğrudur, vəziyyət məhz belədir, amma filankəs də filan cür yazır axı... 

Bəli, ortada bəlli bir qaragüruh, “Soros uşaqları” var, onlar qəsdən çaşqınlıq yaradır! Bu filankəslər nə edir? Məqsədi nədir?

Sonuncudan, Laçınla bağlı oyunbazlıqlarından başlayaq: Yazırlar ki, bəs niyə Laçının mərkəzinin müəyyən hissəsi sülhməramlıların nəzarətində qaldı? Hətta bəziləri bunu “həmin ərazi Ermənistana verildi” kimi əsası olmayan məlumatlar yayırlar.

Məgər bilmirlərmi onlar reallığı, gerçəkliyi? Laçın rayonu birmənalı olaraq Azərbaycana verilib. Laçının mərkəzinə aid olan, sülhməramlıların nəzarət edəcəyi zona isə məhz Laçın koridorudur. Bununla bağlı 10 noyabr bəyanatında nə göstərilibsə, məhz ona uyğun addımlar atılır.
Bu gün Laçının mərkəzindən BBC-nin müxbiri şəkil paylaşıb: Azərbaycan bayrağı dalğalanır Laçının mərkəzində.

11.jpg (75 KB)

Laçın necə ermənilərdə qala bilər?
Sadəcə, bu dəhlizlə Xankəndindən Ermənistana gedəcək Qarabağ erməniləri hərəkət edəcək, eyni zamanda azərbaycanlılar da oradan işləyəcək. Təxribatların, konfliktlərin baş verməməsi üçün təbii olaraq qarşıdakı bir neçə ildə orada təhlükəsizliyi sülhməramlılar həyata keçirəcək. Bu, belə də olmalıdır. Laçında inzibati idarə etmə isə bir rayon olaraq yalnız Azərbaycana aiddir!

Və heç də həmişə erməni Laçının mərkəzindən keçib getməyəcək. Növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa ediləcək. Sülhməramlılar da həmin marşrutun mühafizəsini həyata keçirəcək. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhərinə sülhməramlılar nəzarət etməyəcək, tam olaraq Azərbaycanın inzibati qurumlarına qaytarılacaq.
İndiki dönəmdə başqa variant yoxdur və bunu Əli Kərimlinin qaragüruh dəstəsi də, “Soros uşaqları” da bilirlər. Sadəcə, gerçəkləri söyləmək əvəzinə, öz siyasi ambisiyalarına uyğun şəkildə hökumətin üzərinə hücum etmək üçün bəhanələr axtarırlar...

Özlərinə ekspert, siyasətçi deyən bu adamlar Laçın təhvil verilməzdən öncə də günlərdir cəmiyyətdə çaşqınlıq yaradırdılar. Hansısa başıboş, aldadılmış (aldadılmış sözünü yadda saxlayın, abzasın sonunda xatırlayarsınız) erməninin "bizə dedilər Laçından çıxmayacaqsız" açıqlamasına istinad edib, "hökumət, tez ol açıqlama ver, Laçın əldən getdiii" tipində küy salmışdılar.
Hökumət səbirlə, təmkinlə davrandı və bunlara haqlı olaraq reaksiya da vermədi. Və 1 dekabr girən kimi Azərbaycan Ordusu Laçına daxil oldu.
Bütün ermənilər də son 6 saatda Laçından rədd edildilər.

İnanmaq istəmirəm ki, bu "ekspertlər", "siyasətçilər" qəsdən belə çaşqınlıq yaradıb, mövcudluqlarını duyurmaq istəyirdilər və (istəyirlər) . İnanmaq istəmirəm ki, onlar hökumətə hücumlar etmək, öz siyasi meyitlərini xortlatmaq üçün "kaş erməni Laçında dirənəydi" düşüncəsində olublar...
Amma ona əminəm ki, bu ekspertlərin, siyasətçilərin strateji düşünmək, təhlil etmək, xəbər almaq imkanları yoxdur! Onlar özlərini bütün proses boyu ifşa ediblər. Proqnozlarının hamısı yalan çıxıb, iddialarının da təxribatdan o yana keçmədiyi təsdiqlənib.

Əgər onların ağlı kəsmədisə ki, Laçından erməniləri niyə son günədək qovmayıblar, son anda təcili rədd edildilər, daha sözüm yoxdur. Ermənilər Kəlbəcəri yandırıb gedəndə hamı deyirdi ki, bir yol tapılsın, Laçını yandırmasınlar barı. Yolun tapıldığını duya bilmədi bu adamlar son anadək...
Erməni 6-7 saata rədd olanda Laçını viran qoya bilmədi, barı indi anlasınlar nə baş verirdi...! Amma indi də yeni-yeni söz oyunları ilə dövriyyəyə girirlər...
Taktika, soyuq müharibə strategiyası, informasiya savaşı deyilən bir şeylər var, adamlar! Heç olmasa bundan sonra öyrənin. Ya da birdəfəlik susun!
Laçın dəhlizi ilə bağlı heç bir təhlükə yoxdur və olası da deyil. Yuxarıda bunu izah etdik.

Xankəndi ilə bağlı dövriyyəyə girənlər isə bilsinlər ki, ermənilər burada vətəndaş olaraq yaşayacaq.

Xankəndi ilə yanaşı, Xocalıda da vətəndaş kimi yaşaya biləcəklər, istəsələr. Amma inanmıram Xocalıda yaşamağa üzləri olsun...

Bütün hallarda isə bir neçə aya Qarabağın ermənilər də yaşayan ərazilərində inzibati idarəetmə Azərbaycana aid olacaq. Çünki proses yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gedir və gedəcək. Statusa gəlincə, gorbagor olub, tam dəqiq. Erməninin yeganə statusu vətəndaşlığı qəbul etmək və icma halında yaşamaq olacaq... Bu gün sülhməramlılarla görüşən Araik Arutunyan da bir müddət sonra “yox olacaq”. İndi çox söz uydura bilərlər, amma 3-5 ay sonra ya durumu, Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da köçüb getməlidirlər.

Rus sülhməramlıları narahatlığı duyuranlar da var hələ. Əvvəla, hazırda Qarabağa türklərin də gəlişi başlayıb. İkincisi, strateji baxımdan rus sülhməramlı ingilisdən, fransızdan yaxşıdır, min dəfə. Ən azı bölgəyə bələddir. Yalnız türklər sülhməramlı olsaydı, əlbəttə, bizim ürəyimizdən tikan çıxardı, amma etiraf edək, atəş dayanmayacaqdı. Erməni türk deyib vuruşub bizlə, fakt budur...

                                                                                   ***

Bu boyda tarixi Qələbənin, Qarabağın azad edilməsinin qarşılığında cəmiyyətdə çaşqınlıq yaradan, pessimizm aşılayanlar o kəslərdir ki, 20-30 ildə heç bir proqnozları doğulmayıb, xüsusən Qarabağa dair dediklərinin tam əksi olub. İndi yenə də “narahatıq deyilər”... Deməli, hamı rahat olmalıdır, çünki onlar deyənin əksi baş verib həmişə.
İndi Azərbaycan sadəcə bütün işləri olduqca təmkinlə, səbirlə aparır. Hər şeyin bizim xeyrimizə davam etməsi üçün! Çünki kövrək dövrdür, hələlik ön işlər görülür. Qarabağda yekun nəticə də məhz Azərbaycanın dediyi, istədiyi kimi olacaq. Necə ki, bunadək belə oldu. Bunları prosesləri lap dərindən bilməsəm, əminliklə yazmaram qətiyyən...
Bugünədək Qarabağa dair Prezident nə deyibsə, o baş verib, Ermənistan rəhbərliyi, onların havadarlarının və bəzi qaragüruh “yerli dəstələrin” yalanlarına, gerçəkliklərdən tam uzaq “təhlillərinə” inanmayın, vətəndaşlar!

Demoqoji axtaranlar əlbəttə, məqsədsiz deyil, missiyaları da mövcuddur. Hətta içərilərində xainlik edənlər də tapıla bilər. Onlar qarşıda da çox çaşqınlıqlar yaratmaq istəyəcəklər. Amma yanılacaqlar, biabır, ifşa olacaqlar daim. Birdəfəlik ağıllarına vursunlar ki, daha Qarabağ məsələsi üzərindən hakimiyyətə hücumlar etmək ağılsızlıqdır. Çünki Qarabağ azaddır! İndi Qarabağ zəfərinə kölgə salmaq hakimiyyətə qarşı mübarizə deyil, birbaşa dövlətə qarşı çıxmaq, xəyanət deməkdir...

                                                                                       ***

Sevindirici bir əsas məqam da odur ki, artıq müharibə arxada qalıb. Ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq-abadlıq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü. Bizim qarşımızda indi Qarabağı abad etmək və orada sıx məskunlaşmaq, yurdlarımızı cənnətə döndərmək məqsədi dayanmalıdır. Hüquqi baxımdan nə edilməli idisə, Ali Baş Komandan və Müzəffər Ordumuz etdi.

İndi biz bir millət, xalq olaraq birliyimizi daha da möhkəmləndirməliyik. O zaman Qarabağ erməniləri ya dinməzcə vətəndaş olaraq icma şəklində, adam kimi yaşamağı seçəcək, ya da Qarabağdan köçüb gedəcək. Bu, artıq hüquqi deyil, sərf mənəvi və təbii bir proses kimi baş verə bilər...
Nəzərə alın, ermənilərin azı 100 illik Qarabağ "sevdası", 30 illik işğalçılıq siyasəti 44 gündə məhv edilib. Qarabağı Azərbaycan geri aldı! Yerdə qalan xırda texniki məsələlərin üzərindən dövlətə qışqırmaq olmaz. Bacarırsan, bu texniki məsələyə kömək et. Məsələn, AXCP desin ki, mən gedib mərkəzi ofisimi Xankəndində saxlamaq istəyirəm. Heç bir hüquqi maneə yoxdur. “Niyə erməni vətəndaşlar Xankəndində yaşayır, amma azərbaycanlı yox” deyən ekspertlər nümunə qoysun, birinci özü köçsün Xankəndinə. Heç bir hüquqi əngəl olmayacaq buna. Çünki Xankəndi Azərbaycanın ərazisidir. Getsin, orada ermənilərə sivil yaşamağın faydalarını da əyani anlatsın. Mız qoymaq, deyinmək asandır, real iş görsünlər, əgər bacarırlarsa. Bacarmırlarsa, barı sussunlar...

Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

Новости автора