Свобода людям, независимость нациям!

MACAL – Vətənə doğru

11 il mühacirətdən sonra vətənə dönmə şansı: Elnur Məcidli həmin anları yazıya aldı

11 il aradan sonra doğma vətən Azərbaycana etdiyim 13 günlük qısa səfər zamanı və səfərdən dönüşdən sonra ən çox soruşulan suallardan biri, hətta ən əsası, ölkəyə necə qayıtdığım, təkrar Azərbaycana getməklə bağlı hansı administrativ, siyasi addımları atdığım, hansı hüquqi proseduraları izlədiyimlə bağlı oldu.

Bu yazıda, bu və ya digər səbəbdən qürbətdə yaşayan həmvətənlərimizin, ən çox maraqlandığı bu suala ətraflı cavab verməyə çalışacam.

İlk növbədə bildirim ki, mənim Azərbaycana getmə arzumla bağlı ölkə prezidentinə etdiyim ilk müraciət 2013-cü ilin sonuna təsadüf edir. Bu tarixdən başlayaraq, öz təşəbbüsümlə, sırasıyla ölkə prezidenti cənab İlham Əliyevə, ölkənin 1-ci xanımı Mehriban xanım Əliyevaya, prezidentin keçmiş köməkçisi Əli Həsənova və keçmiş baş prokuror Zakir Qaralova ünvanlanmış müxtəlif müraciətlərim olmuşdu. Təbii ki, bu müraciətlərlə bağlı, hər hansı cavab olmurdu, daha çox bu prosesə laqeyd yanaşmanı, yola verməni müşahidə edirdim. Bu birmənalı aydın idi ki, ölkə prezidentinə ünvanladığım müraciət onun özünə məruzə olunmur və qəsdən yubadılırdı.

Düşünün ki, ölkə prezidentinə ünvanladığım müraciətə cavab, Respublika baş prokurorluğundan gəlmiş, Fransadakı ünvanıma göndərilmişdi.
İsrarlı müraciətlərimin nəticəsiz qalmasını qəbul etmək asan deyil, lakin mən səbrlə prosesi davam etdirmə yolunda qərarlıydım.

Köhnə komandanın prezidentlə xalq arasında administrativ halqa yaratdığını və bunu öz şəxsi ambissiyaları üçün istifadə etdiklərini görmək mümkün idi.

Eyni zamanda, o dövrdə vasitəçilik etmək istəyən, jurnalist, siyasətçi, məmur və s. ictimai sektor nümayəndələriylə aramda kifayət qədər etimad yaranmadığı üçün prosesin hansı yöndə irəliləyəcəyiylə bağlı tam əminlik yox idi.

Vətəndaş cəmiyyətiylə prezident arasına əlçatmaz administrativ divar hörən bu qruplaşmanın əsas məqsədi, ölkə daxilində qarşıdurma formalaşdırmaq, kütləni aqressiv saxlamaqla, öz kreslolarını qorumaq və şəxsi maraqlarını həyata keçirmək idi.

Məhz buna görə də, 2013-cü ildə etdiyim ilk müraciətin ölkə prezidentinə məruzə olunması üçün 8 il gözləməli oldum.

Son 2 ildə, ölkəmizdə cənab prezidentin ortaya qoyduğu xüsusi iradə sayəsində aparılan siyasi islahatlar prosesi, ümidlərimi yenidən yaşartdı.

"Yeni Müsavat qəzetində köşə yazılarım yayınlanmağa başlayanda, qəzetin baş redaktoru Rauf Arifoğluyla bu mövzuda daha geniş məsləhətləşmələr aparma imkanım oldu.

9f6469c5-c495-4858-af4a-11cf40f1451b.jpg (90 KB)

Rauf Arifoğlu ilə Bakıda görüşdük...

Hardansa, aydın şəkildə başlamaq lazım idi, 2 il əvvəl Rauf bəyin məsləhətləri mənim müraciətimdə yeni bir cığır açdı. Bu baxımdan, Rauf bəyə xüsusi minnətdarlıq düşür...

Bu nədən ibarət idi?

Haqqımda açılan cinayət işi və buna paralel olaraq beynəlxalq axtarış var idi və buna görə də etdiyim müraciətlərin siyasi xarakterliliyi olsa da, hüquqi əhəmiyyətə yaramırdı, yaxud görməzdən gəlinirdi.

İlk növbədə haqqımdakı məhkəmə qərarını ləğv etmək barədə fikirləşməliydim.

Haqqımdakı məhkəmə qərarıyla ətraflı tanış olduqdan sonra, ölkədə olmadığım üçün, Azərbaycanda məni təmsil və hüquqlarımı müdafiə edəcək vəkil tutmağı qərarlaşdırdım.

Bir neçə vəkillə danışıqlarımız olduqdan sonra Bəhruz Orucov adlı gənc bir vəkillə müqavilə bağladıq. Bəhruz bəy, gənc vəkillərdən olsa da, hüquqi duyumu yüksək və işinə ciddi yanaşan bir vəkil kimi tanıdım.

Nəhayət, 1 aprel 2011-ci ildə Nəsimi Rayon Məhkəməsnin haqqımda çıxardığı həbs qətimkan qərarı, düz 10 il sonra, 8 May 2021-ci ildə Binəqədi rayon məhkəməsi tərəfindən, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən iclasda ləğv edildi.

Vəkilimin verdiyi vəsatətin təmin olunması və həbs qətimkan qərarının ləğvindən sonra, haqqımda axtarış tədbirlərinin dayandırılmasıyla bağlı, məhkəmə qərarını, Respublika Baş Prokurorluğuna göndərdik.

Haqqımdakı cinayət işinin tam yekunlaşması üçün, mənim Bakıya gəlib Baş Prokurorluqda ifadə verməyim lazım idi. Bu, xitam prosedurasında atacağım sonuncu administrativ addım idi və mən bu ifadəni verməyə özümü hazır hiss edirdim, proses bundan artıq uzanmalı deyildi.

Eyni ərəfədə, Azərbaycanın Fransadakı Səfirliyinə Azərbaycana gedişlə bağlı lazımi sənədlərin hazırlanması və vaxtı bitən pasportlarımızın yenilənməsiylə bağlı müraciət etmişdik.

Təxminən 4 aylıq müddətdə, 2 fərqli administrativ prosesdən sonra, səfirlik həyat yoldaşımın pasportunun hazır olduğunu, lakin mənim pasport müraciətimin Baş Prokurorluqdakı işimə görə qəbul edilmədiyini bildirəndə məyus olmuşduq.

Anlaşılmaz bir vəziyyət yaranmışdı, bir tərəfdən Baş Prokurorluq məni işə xitam verilməsi üçün ifadə verməyə çağırırdı, digər tərəfdən, öz qərarını dəyişmədiyi üçün mənə pasport verilmir və ölkəyə gələ bilmirdim.

İyun ayının sonlarına doğru belə, Azərbaycana gələ biləcəyimizə əmin deyildik, Avropada müxtəlif tətil planları qururduq.

Bütün bu proseslərin gedişini, sadəcə həyat yoldaşım bilirdi, öz valideynlərimizdən, yaxın qohumlarımızdan belə gizli saxlamışdıq.

Baş Prokurorluğa, administrativ prosedurada yaranmış bu anlaşılmazlığı bildirdikdən sonra, veriləcək yekun qərarı gözləməyə başlamışdıq.

Gözləmə abı-havası içində, bir cümə günü, daha doğrusu iyulun 2-i, işdəykən Parisdəki səfirliyimizdən telefonuma zəng gəldi. Həftənin son iş günü və günortadan sonra olduğu üçün həftəlik yarım qalan işləri tamamlamağa çalışırdım, belə bir qarışıqlığın içində adətən çox nadir halda telefona cavab verirəm. Lakin səfirliyin nömrəsini gördükdə, telefonu açdım, telefonun o biri ucunda mənə Azərbaycana qayıdış şəhadətnamələrimizin (mənim və övladlarımın) hazır olduğu, gəlib götürə biləcəyim bildirilirdi.

Bundan gözəl şad xəbər ola bilməzdi!

Artıq bizi vətənlə günlər, saatlar ayırırdı...

Eyni gün səfirliyə getməyimiz mümkün olmayacağı üçün, bazarertəsinə səfirlikdə görüş təyin etdik, ardınca həyat yoldaşıma xəbər etdim, onun üçün də gözlənilməz olmuşdu, sevincimizin həddi-hüdudu yox idi.

Bu arada işdən bir həftəlik tətil götürmüşdüm, lakin bu şad xəbəri öyrəndikdən sonra tələsik tətilimi bir həftə daha uzadacağımı katibliyə bildirdim.

İşdən evə qayıtdım, lakin bütün həftənin yorğunluğunu artıq hiss etmirdim, bazarertəsi səfirlikdə olacaq görüşü gözləmədən, sənədlərimizi əlimizə almadan artıq Bakıya getməklə bağlı uçuşlara baxmağa başladıq və biletlərimizi aldıq!

Birbaşa reyslər karantin müddətində ləğv edildiyi və hələ də bərpa edilmədiyi üçün ən sürətli variant kimi, ümumilkdə 8 saata yaxın sürəcək Paris-İstanbul-Bakı reysini almalı olduq.

Biletlərimiz əlimizdəydi artıq; həftəsonu bütün ziyarət və görüşləri təxirə saldıq və çamadanlarımızı yığmaqla məşğul olduq.

Bazarertəsi, səfirlikdən sənədlərimizi aldıqdan sonra, növbəti gün, yəni iyulun 6-sı artıq Bakıya yolçuluğumuz başlayırdı.

Heç bir valideynimizin bu sürətli prosesdən xəbəri yox idi, hətta Fransada olan atama belə bildirməmiş, onun Bakıya dönüş biletini isə çox öncədən (hələ bizim proses yekunlaşmamışdı) 11 iyula almışdıq.

Sadəcə, bizi Bakıda qarşılayacaq qaynanamla bağlı xüsusi plan qurmuş, ona qismən yalan danışmışdıq. Yoldaşım anasına, səhər İstanbuldan Bakıya bir rəfiqəsinin gələcəyini, onunla qohumlara bir çamadan hədiyyə göndərdiyimizi və həmin çamadanı mütləq gəlib aeroportdan alması gərəkdiyini bildirmişdi.

Biz yolüstündəydik, qaynanam isə aeroportda çamadanı almaqla bağlı plan qururdu.

Təyyarəmiz 6 iyul axşamüstünə idi, səhər böyük hazırlığımızı yekunlaşdırmış, son bir neçə məsələni gözdən keçirməklə məşğul idik. Günortadan sonra evimizə son bir dəfə göz gəzdirəndən sonra, maşınla Şarl de Qol aeroportuna yola düşdük, aeroport yaxınlığındakı özəl parkinqlərdən birinə maşınımızı qoyduqdan sonra, aeroporta gəldik.

Qeydiyyatdan keçib, yüklərimizi təhvil verdik, bu bir yol ayrıcı idimi, yoxsa yolun başı idimi bilmirəm, ancaq içimdə rahatlıq və əminlik vardı. Bununla yanaşı, aidiyyatı olan dövlət qurumlarını bizim gəlişimizdən xəbərdar etmişdik.

İstanbulda təyyarəmizi dəyişdirdikdən sonra artıq doğma vətənə çatmağa bir neçə saat və dəqiqələr qalmışdı.

Təyyarəmiz Bakıya endiyində, səhər saat 6-ya qalırdı, daha yeni səhər açılır, günəş yenicə doğmuşdu.

Mən sonuncu dəfə ölkəni tərk etdiyimdə bu aeroport hələ tikilməmişdi, ilk dəfə yeni aeroportda olurdum, yaxşı mənada məni təəccübləndirdi. Artıq doğma vətəndəydim və övladlarım onlara danışarkən xəyal etdikləri vətənə ilk dəfə ayaq basırdılar, ətrafımızdakı danışıqlar, mühit bizə doğmaydı.

Çamadanlarımızdan biri Parisdən gəlmədiyi üçün blank doldurmalıydım və aeroportdan çıxışımız gecikirdi.

Bu əsnada, telefonuma qaynanamın yazdığı mesajı gördüm, bizim Fransada olduğumuzu və orda gecə olduğunu (2 saat fərqi var) düşünürdü. Məni yuxudan oyada biləcəyini düşünərək üzrxahlıqla başlayan mesajında Həqiqətin (həyat yoldaşım) rəfiqəsini aeroportda gözlədiyini, hələ də qızın çıxmadığını və ona zəng etmədiyini bildirirdi. Onun planına görə, çamadanı aldıqdan sonra Sumqayıta işə getməliydi, buna görə də tələsirdi. Mən, mesajı Həqiqətə göstərdim, həyəcanı (sürpriz də deyə bilərsiniz) sona qədər davam etdirmək üçün, bizimlə bərabər öz çamadanını gözləyən gənc bir xanımlardan birinə məsələni izah etdi və bizdən bəlkə də 50 metr aralıda duran anasına zəng etdirdi. Gənc qız, qaynanam Kəmalə xanıma Həqiqətin rəfiqəsi olduğunu, az sonra çıxacağını bildirərək toxtaqlıq verdi.
Bir az keçməmiş, qaynanamdan mənə mesaj gəldi, qızın ona zəng etdiyini bildirirdi, təbəssümlə qarşıladıq...

Artıq aeroportdan çıxmaq vaxtıydı.

Baqajlarımızla çıxışa doğru irəlilədik, böyük pəncərə qapılar avtomatik olaraq açıldı və Bakının havasını ciyərlərimizə çəkdik. Həqiqət öz anasını görmüşdü, Kəmalə xanım deyə səslənərək anasına doğru yürüməyə başladı, Kəmalə xanım isə bizi fərq edəndə dondu.

Qəhər, sevinc bir-birinə qarışdı, mən bilmirəm, qaynanam daha öncə belə bir duyğu yaşamışdı ya yox, amma qadın bloklanmışdı. Məni gördü, həyəcanı kuliminasiya nöqtəsində idi, gözlərindən axdığı yaşı gördüm.

Maşına doğru yönəlmək istədik, lakin qaynanam maşını harda saxladığını tapa bilmir, ora-bura həyəcanla vurnuxurdu, qızı maşını tapmaqda onun köməyinə gəldi.

Maşına mindik və bizim evə, ata evinə gedirdik, evdə sadəcə anam vardı, mən qaynanamın bu halını gördükdən sonra yaşlı anamı bu xoş sürprizə hazırlamaq qərarına gəldim. Qaynanamın nömrəsindən anama zəng etdim, bir zəngdən sonra telefonu açdı, yuxuluydu.

Ev yolunda olduğumu, çay qoymasını söylədim, təbii ki, bunu gözləmirdi...

Artıq 11 illik ayrılıq arxada qalmışdı, öz anama, öz vətənimə qovuşmuşdum...

(DAVAMI OLACAQ)

 

Elnur Məcidli Azərbaycana

Elnur Məcidli, Fransa

Yazının əvvəli bu linkdə: https://musavat.com/news/11-il-sonra-olkesine-donen-muhacir-jurnalist-parise-qayitdi-yazmaga-basladi_816672.html

f1071c4f-3079-44dc-92dc-a5a0a12ee6a1.jpg (67 KB)

d0acf9a8-28eb-4011-bbc1-8e1c5c80ac81.jpg (357 KB)

510506e3-4f9f-47bb-9264-9666704d4ae0.jpg (602 KB)

f4b1386a-8187-4eb5-88af-5abfe045883e.jpg (387 KB)

445f1da9-8bfe-4d25-b8f7-c36d9e263ecf.jpg (55 KB)

Новости автора