MACAL – Hicrətin sonu
11 il mühacirətdə qalan müxalif jurnalisti Bakıda kimlər və necə qarşıladı...(3-cü yazı)
Maşınla aeroportdan evimizin yolunu tutduqda, içimi bəlkə də sözlə ifadə edə bilməyəcəyim qəribə xoş bir hiss bürümüşdü...
Maşını idarə edən qaynanam idi və yol boyu həyəcanını basdıra bilməmişdi, Koroğlu metrosu (keçmiş Əzizbəyov dairəsi) istiqamətində səhv çıxışı götürməsi də bu qəbildən idi.
Bu isə, məni narahat etmirdi, maşın hərəkət etdikcə, yenilənmiş yolları, salınmış körpüləri və yeni tikililəri, Bakının dəyişən çöhrəsini görür, 11 il əvvəlki vəziyyətiylə zehnimdə müqayisə aparırdım.
Bu müddət ərzində, şəhərin arxitekturası müsbət mənada dəyişmiş, müəzzəm işlər görülmüşdü.
Maşının pəncərəsindən ətrafa boylandıqca fikrə dalıram...
11 il az zaman deyil, bir yeniyetmə ömrüdür.

11 il sonra Bakıya uçuruq...
Mən Azərbaycanı sonuncu dəfə tərk edəndə, ola bilsin, ölkəmiz də məcazi anlamda yeniyetməlik dövrünü yaşayırdı, bu gün isə, qarşılaşdığım ölkəni, kifayət qədər olğunlaşmış və nə istədiyini bilən, ciddi hədəfləri olan bir gənclə müqayisə etmək olardı.
Bu il, Azərbaycanın müstəqilliyini elan etməsinin 30 illiyi tamam olacaq, tarixə baxanda bu müddət böyük bir müddət deyil, ancaq bu qısa müddətə böyük uğurları sığışdırmışıq, daxildə sürətli iqtisadi inkişaf və sabitliyin bərqərar olması, xaricdə suverenliyimizin güclənməsi uğrunda qurulan əlaqələr, beynəlxalq üzvlüklər və atılan addımların arxasında möhkəm iradənin durması, parlaq gələcəklə bağlı ümidlərimizi artırır.
Ancaq xatırlasaq ki, Qarabağ xanlığı 75 il hökm sürsə də, işğaldan yaxa qurtara bilməyib, bu mənada müvafiq dövlət qurumlarının, Azərbaycan dövlətçiliyinin stabillik və təhlükəsizlik mövzusundakı sərt tondakı həssaslığını başa düşmək olar.
Budur, 11 ildən sonra artıq doğma vətəndəyəm!
Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.
Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır.
Bu gün, içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür.
Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.
11 illik mühacir həyatı bitmiş, hicrətin sonu gəlmişdi..

Bakı hava limanını ilk dəfə gördüm və görüntülədim
Yaşadığı siyasi problemlərə görə xaricdə yaşayan, yaşamağa məcbur qalan azərbaycanlılara mühacir deyirlər.
Mühacirət kəlməsi, mənim üçün sürgün kəlməsinin sinonimidir.
Doğulduğun, boya-başa çatdığın, bütün mənliyini formalaşdıran vətənə öz iradəndən kənar, gedə bilməmək, özünə, daşıdığı milli dəyərlərə bağlı olan biri üçün çox ağırdır.
Təbii ki, bunu xaricdə yaşayan bütün həmvətənlərimizə şamil etmək mümkün deyil.
Xaricdə mühacir statusunda yaşayan vətəndaşlarımızın böyük əksəriyyəti barəsində hər hansı cinayət işi, yaxud beynəlxalq axtarış yoxdur; bu baxımdan biz eyni vəziyyətdə deyilik.
Bu mühacirlərin böyük əksəriyyətinin Avropaya gəliş səbəbləri, iqtisadi və tibbi problemlərlə bağlı səbəblərdir və onları da qınamaq mümkün deyil. Bu həmvətənlərimiz oturum aldıqlarında, 3-cü ölkə vasitəsiylə Azərbaycana gəlib gedirlər və heç bir hüquqi və administrativ maneə ilə qarşılaşmırlar. Mənim onlara tövsiyəm yaşadıqları ölkədə mühacir statusundan işçi statusuna keçmələridir.
Çox az bir qism isə, barələrində olan axtarış və cinayət işiylə bağlı ölkəyə gələ bilmirlər. Fikrimcə, həmin mühacirlər də ölkə prezidenti başda olmaqla, müvafiq qurumlara müraciət edərək, eyni zamanda məhkəmə müstəvisində də lazımi hüquqi addımları ataraq haqlarında açılan cinayət işinin ləğvinə nail ola bilərlər.
Bu mənada, mənim gəlişim, vətənə qayıtmaq, gediş-gəlişi bərpa etmək istəyən hər bir mühacir üçün nümunə ola bilər.
Artıq 10 il əvvəlki vəziyyət deyil, xaricdə yaşayan azərbaycanlılarla bağlı yeni bir yanaşma var, bunu qarşılıqlı münasibətdə açıq-aydın şəkildə hiss etmək mümkündür.
Bunu həm də, öz ölkəsindən müxtəlif səbəblərə görə incik və küskün düşmüşlərlə dövlətimiz arasında milli barışıq prosesinə də çevirmək olar.
Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın.
***

Övladlarım ilk dəfə doğulduğum evdə, nənələrinin qoynunda
Arxa oturacaqdakı uşaqlarımın gurultulu səsi, məni fikir dənizindən sahilə çıxartdı.
Yoldakı maşınların sayı artdıqca, yüngül tıxaclar yaranır və bu prosesi siqnal səsləri müşayiət edirdi..
Bəli artıq evimizə yaxınlaşmışdıq. Maşın sağa burulub məhləmizə girəndə bir anlıq 90-cı illəri gözümdə canlandırdım.
Yaşadığımız bina, Kənd Təsərrüfatı Nazirliyinin işçiləri üçün nəzərdə tutulmuş, təhvil verilmə prosesi 1-ci Qarabağ müharibəsi dövrünə düşmüşdü.
Biz də o zaman köçmüşdük bura... Müharibənin davam etdiyi bir vaxtda, bəlkə də bina tam yaşayışa və məskunlaşmağa hazır olmadan.
O dövrdə, müharibədən qaçan xeyli sayda köçkün vətəndaşımız, binadakı boş mənzillərə girmiş, bir xeyli müddət burada yaşamışdılar. Orderi olan həqiqi mənzil sahibləriylə uzun dava-dalaşdan, qarşıdurmadan sonra, öz yurdundan didərgin düşmüş vətəndaşlarımız başqa yerlərdə mənzillə təmin olunmuşdu.
Atam, Cəbrayıldan olduğu üçün bizim evə də pənah gətirən qohumlarımız olmuşdu, bir müddət birgə yaşamışdıq.
Atam, əslində, Bərdə rayonu ərazisində, Xanqaraqoyunlu kənd sovetinə bağlı Mərcanlı məhəlləsində anadon olub, sonradan babam və qohumlarının bir qismi 1956-cı ildə Böyük Mərcanlıya yerləşmişdi, tərəkəmə tayfası olduqları üçün köçərilik adi hal idi.
Ümumiyyətlə, Böyük Mərcanlı kəndini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışdılar.
Mənim atam Cəbrayıllı, anam Bakılı (Əmircan kəndindən) olduğu üçün biz rayon və şəhər mühitinin sintezində böyümüşük.
Rayona gedəndə, “şəhərli uşaqları gəldi”, yaxud Əmircana gedəndə, “rayonlu uşaqları gəldi” ifadələri bizə çox tanış olub.
Uşaqlığımız, məhəlləmizi əhatə edən iki doqquz mərtəbəli binanın zirzəmilərində müharibə oyunlarıyla keçmişdi.
Biz ağır məğlubiyyət yaşadığımız müharibə dövrünün, talonla ərzaq və çörək növbələrinin uşaqlarıydıq...
Qeyri-stabilliyin, özbaşınalığın və maddi çətinliyin kölgəsində uşağlığımız keçib.
"Fransada doğulan hər iki övladım ilk dəfə Azərbaycana və ilk dəfə bu evə ayaq basırdı ata-baba evinə..." |
Evimizin önündən tramvay və trolleybus xətti keçirdi, hər dəfə tramvay keçəndə bizim taxta pəncərələr silkələnərdi.
Daha sonra tramvay xəttlərinin sökülərək metal kimi İrana satıldığı iddiaları, daha bir məmur özbaşınalığı kimi xatirimdə qalıb.
Bu gün artıq, nə o tramvay xətti var, nə də bizim uşaqlığımızın keçdiyi mühit.
Əvəzində, evimizin önündən 20 yanvardan aşağıya doğru uzanan böyük körpü keçir.
Məhələmizin girəcəyində yəhudi məktəbi vardı, indi orda tikilməkdə olan yeni bina ucalır.
Binamız rənglənib, məhəllə abadlaşdırılıb. Artıq blokumuzun qapısı NFC sistemli elektron açarla açılır.
Maşından düşdük, 1-ci mərtəbədə yaşadığımız üçün anamı səsləməyimiz kifayət etdi, gəlib blokun qapısını açdı.
Anam nə qədər özünü toxtaq göstərsə də, həyəcanlıydı, 2 ildən yuxarı müddət idi ki, görüşmürdüm, öpdüm, bağrıma basdım və anamı qoxladım.
Məndə də doğmalarımı qoxlamaq vərdişi var, qoxularından tanıyıram onları...
Mənim Azərbaycana gələ bilmədiyim bu illər ərzində, anam, atam və bacım ildə heç olmasa, bir ya iki dəfə bizə və Fransada yaşayan kiçik qardaşım Nicatgilə baş çəkirdilər. Bu sıx gəliş-gedişlərin nəticəsi olaraq, artıq Fransa səfirliyi onlara uzunmüddətli viza verirdi.
Lakin koronavirus pandemiyası ortaya çıxandan bəri anam, Fransaya gələ bilməmişdi, ailə-məişət problemlərinə görə iki il idi ki, sadəcə whatsapp üzərindən danışmaqla kifayətlənirdik.
Evimizə daxil olduq, həmin ev idi, böyüdüyüm həmin ev...
Fransada doğulan hər iki övladım ilk dəfə Azərbaycana və ilk dəfə bu evə ayaq basırdı, ata-baba evinə...

Fransada doğulan Azərbaycan uşaqları, nəhayət, Vətənlərinə qovuşdular
Anam nə qədər biruzə vermək istəməsə də, bizim sürpriz gəlişimiz onu həyəcanlandırmışdı, evdə özünə yer tapa bilmir, özünəməxsus əl-ayağa düşmüşdü.
Anamla atamın hazırda 5 nəvəsi var, onlardan sadəcə biri, böyük nəvə Zəhra Bakıda anadan olub, o da bir yaşında ölkəni tərk edəndir.
Qalan dörd nəvə Fransada doğulub, taleyin işi yaxud nənə olma bəxtəvərliyimi deyim, anam bütün nəvələrin doğumunda, xəstəxanadan çıxarılmasında iştirak edib.
İnanıram ki, ən qısa zamanda digər üç nəvəsini də inşallah Bakıda görmək qismət olacaq.
Anamı hazırlıqsız yaxalamışdıq, ancaq bizə səhər yeməyi hazırlamağı çatdırmışdı.
Anamın dəmlədiyi pürrəngi çaydan udumlaya-udumlaya iş və görüş planlarımızı qurmağa başlamışdım.
Haqqımda açılan cinayət işinə tam xitam verilməsi üçün Respublika Baş Prokurorluğunda ifadə verməliydim. Məhz bu ifadə prosesindən sonra, haqqımdakı iş tam ləğv ediləcək, mən də şəxsiyyət vəsiqəmi və pasportumu yeniləyəcək, digər hüquqi işləri görə biləcəkdim.
Bu baxımdan, ən qısa müddətdə ifadəmi verməyə tələsirdim. Lakun sonradan öyrəndim ki, baş prokuror Kamran Əliyev Moskvada rəsmi səfərdə olduğu üçün mənim ifadə vermə prosesim cümə gününə ertələnib.
Bu proses yekunlaşana qədər, çaşqınlıq yaranmaması üçün ictimaiyyətə və mətbuata açıqlama verməyi sonraya saxlayırdım.
Bir az dincəldikdən sonra, Parisdən Bakıya gəliş bileti olan atama zəng etdim, o da Fransadakı qardaşımgildəydi, dönüş hazırlığında idi. Bizim Fransadan Azərbaycana gəldiyimizi, təbii ki, bilmirdi.
Whatsappda görüntülü danışmağa başlayanda, ona Bakıda olduğumuzu söylədim, inanmadı, evimizi göstərdim yenə də inanmaq istəmirdi, mənim hansısa proqramla montaj etdiyimi düşündü.
Anamı səslədim, anamın səsi, evimizdə olduğumuza yekun işarət idi, atam Allaha şükür edərək hönkürtüylə ağlamağa başladı, mənim gözlərim doldu.. Bu hönkürtü mənə tanış idi, atamın ağlamasına bundan öncə bir neçə dəfə şahid olmuşam.
İlki, mən Sumqayıtda türk litseyində oxuduğum dövrə uzanır, mənim atamı maşın vurmuşdu, mən litseydə yataxanada qalırdım, ailəm mənə xəbər etməmişdi, evə gələndə atamı yataqda görəndə mən duyğulanmışdım, ikimiz də ağlamışdıq...
İkinci dəfə isə, Parisdə Əlimərdan bəy Topçubaşovun qəbri başında olmuşdu. Belə bir böyük dövlət adamının öz ölkəsinə dönə bilmədən qürbətdə vəfat etməsi, atama pis təsir etmişdi. Bu o dövrə təsadüf edirdi ki, mənim haqqımda cinayət işi açılmış, axtarışa verilmişdim, bir də Azərbaycana nə zaman qayıdacağım bəlli deyildi.
Sonra Fransada toyumuz zamanı, əlində tutduğu Quran-i Kərimin altından bizi keçirərkən qəhərləndiyini, əlinin əsdiyini görmüşdüm.
Anam bu işdə daha soyuqqanlıdır, atama toxtaqlıq verməyə çalışdı, pis günlər və kədər arxada qalmışdı. Ən sevincli tərəflərdən biri o idi ki, 10 il boyunca, Paris aeroportunda qabağına getdiyim atamı, cəmi 4 gün sonra, bu dəfə doğma Bakı aeropotunda qarşılayacaqdım.
Həmçinin görüləcək ilk işlərdən biri, bu prosesdə mənə yol göstərən insanlardan biri olan Rauf Arifoğluyla görüşmək idi. Rauf bəy növbəti günün səhəri tətil üçün Türkiyəyə yola düşürdü, biz də onunla Bakıya gəldiyimiz günün axşamı görüşdük.

Rauf bəy görüşə oğlu Erhunla gəlmişdi, bulvarda, Bakının mərkəzi küçələrində xeyli gəzişdik, bərabər yemək yedik, söhbətləşdik, ortaq dostları, qohumları aradıq, təbii ki, onlar mənim Bakıda olmağıma inanmadılar ilk başda, Rauf bəyin Parisə gəldiyini düşündülər. Rauf bəyin oğlu Erhun isə, mənə kifayət qədər intellektual, mədəni gənc təsiri bağışladı, hazırda təhsilini Kanadada davam etdirir, Torontoda yaşayan əmimoğlu və əmim nəvələriylə yaxşı münasibəti var, hər iki tərəf arasında ailəvi dostluq formalaşıb.
Bakıdakı ilk günümüz belə keçdi, evə qayıdanda artıq gec idi, səhər qohumlarla görüşləri, evlə bağlı məişət işlərini qaydasında qoymalıydıq.
Qısamüddətli gəldiyimə görə hər kəslə görüşmək çətin olacağı üçün, görüşə bilməyəcəklərimdən üzrlü hesab etmələrini rica etmişdim.
Azərbaycanda olduğum 13 gün boyunca, əsas vaxtımı administativ və qeydiyyat işlərinə sərf etdim. ASAN Xidmətin timsalında müsbət administrativ irəliləyişlərlə
yanaşı, yersiz süründürməçiliklərin və bürokratik əngəllərin, bir neçə epizodda məmur məsuliyyətsizliyinin təəssüf ki, hələ də qaldığının şahidi oldum.
Növbəti yazımda, bu prosesə başladıqdan sonra atdığım bütün administrativ addımların xəritəsini sizinlə paylaşacam.
Azərbaycanın Fransadakı Səfirliyindən tutmuş, Baş Prokurorluq, ASAN Xidmət, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, o cümlədən Xarici İşlər Nazirliyi və Fransanın Azərbaycandakı Səfirliyinə qədər uzanan qeydiyyat və sənədləşmə prosesimiz barəsində geniş yazacam və gördüyüm müsbət və mənfi nüansları vurğulayaraq, administrativ sistemin daha da təkmilləşdirilməsi üçün öz təkliflərimi verəcəm.




