Свобода людям, независимость нациям!

11 il sonra ölkəsinə dönən mühacir jurnalist Parisə qayıtdı, yazmağa başladı...

MACAL – Ön söz

11 il aradan sonra, doğma vətənə 13 günlük səfərim, ümumilikdə xoş təəssüratlarla və bir o qədər sıx iş və görüş qrafikiylə yadda qaldı. Adətən, qürbətdə yaşayan insanın öz vətəninə gəlməsi, istirahət xarakteri daşısa da, 11 illik aradan sonra baş tutan ilk səfərimə bunu şamil etmək olmazdı.

Haqqımda açılan cinayət işinə xitam verilmə prosedurasından tut, mən və ailəmlə bağlı rəsmi qeydiyyat və vətəndaşlıq aktlarıyla bağlı müxtəlif administrativ proseduraların həlli və digər qeydiyyat məsələləri, 13 günlük səfərimin əsas hissəsini təşkil edirdi.

Həftəsonlarını, dövlət qurumlarının iş saatlarını nəzərə alanda, bu məsələlərin həlli üçün vaxtımız kifayət qədər məhdud idi, buna baxmayaraq, bir çox məsələnin həllinə istər ASAN Xidmətin operativliyi və digər dövlət qurumlarının sürətli reaksiyası sayəsində nail ola bildik.

Övladlarımın Fransa doğumlu olması, onların Azərbaycan vətəndaşlığı alması və qeydiyyat prosesində tələb olunan sənədlər bu prosesi bir qədər ləngitdi, ancaq ümidvaram ki, övladlarımla bağlı prosesi də ən qısa müddətdə yekunlaşdıra biləcəyik.

Gün ərzində sənəd işləri, axşama doğru qohum ziyarətləri yaxud müxtəlif iş, layihələrlə bağlı görüşlər, kiçik miqyasda dost məclisləri 13 günlük səfərimin əsas istiqamətləri idi.

13 günlük bu qısa səfəri, çox böyük təəssüratlarla, nikbinliklə və yeni motivasiya ilə sonlandırsam da, təəssüf ki, hər kəslə görüşməyə macal tapa bilmədim.

Vaxt qıtlığından görüşə bilmədiyim xeyli sayda qohum, dost-tanış qaldı, üzrlü hesab etmənizi təkrar istirham edirəm.

Qısamüddətli səfərdən qaynaqlanan zaman məhdudiyyəti, hər kəslə görüşməyi fiziki olaraq imkansız etdi.

Gəlişimlə bağlı məsələləri ətraflı şəkildə qələmə alacağım, doğma vətəndə dolu-dolu keçən 13 günü və təəssüratlarımı əks etdirəcək yazı seriyasına da, məhz buna görə MACAL başlığı vermə qərarına gəldim.

Lakin, bu son səfər deyil, artıq vətənə yolumuz açılıb, bu səfərlərin bundan sonra davamlı olacağını düşünürəm.

11 ildən sonra ölkəyə gəlişim, mənə ötən müddət ərzində baş verən dəyişiklikləri müqayisəli təhlil etmə imkanı verdi.

Mənim gəlişim, həmçinin qürbət ölkələrdə bu və ya digər səbəblərlə ilişib qalmış, ölkəyə qayıtmaqdan çəkinən bir çox ictimai fəal və vətəndaş üçün nümunə ola bilər.

Müsbət dəyişikliklər fonunda, aparılan genişmiqyaslı islahatların meyvələrini bu gün artıq görməkdəyik və mən inanıram ki, hər il bundan daha da yaxşı olacaq.

Siyasi islahatlar prosesində bir-birinə qarşı qütblər arasında sivil münasibətlərin formalaşması və bu münasibətlərin davamlı inkişaf etdirilməsi sevindiricidir.

Siyasət, hər hansı emosionallığı, kini, qəzəbi sevmir, rasionallıq, konstruktiv mövqe nümayişi, bu ölkənin gələcək inkişafını sürətləndirəcək və dövlətçiliyimizi daha da gücləndirəcəkdir.

Düşünürəm ki, bir yazı seriyası üçün bu qədər ön söz yetərlidir.

Növbəti yazım “MACAL – Vətənə doğru” adlanacaq və həmin yazıda Azərbaycana gəlməklə bağlı atdığım addımları və administratif proseduraları sizinlə bölüşəcəm.

Новости автора